Keçid linkləri

Azərbaycan diplomatiyasının BMT oyunu


Sentyabrın 10-da BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirə olunmalı idi

Sentyabrın 10-da BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirə olunmalı idi

Sentyabrın 10-da BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirə olunmalı idi. Böyük ehtimalla səsvermə Azərbaycanın xeyrinə nəticələnəcəkdi. Qətnamədə Azərbaycan torpaqlarının işğal altında olduğu vurğulanacaqdı.

Ancaq Azərbaycanın BMT-dəki səlahiyyətli nümayəndəsi Aqşin Mehdiyev Baş Assambleyanın plenar iclasında çıxış edərək rəsmi Bakının qətnamə layihəsini geri götürdüyünü açıqladı.

RƏSMİ BAKI NƏYİN QARŞLIĞINDA QƏTNAMƏDƏN İMTİNA EDİB?


Aqşin Mehdiyev qətnamə layihəsinin geri götürülməsini ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Azərbaycanın işğal edilmiş ərazilərində humanitar vəziyyətin öyrənilməsinə dair beynəlxalq missiyanın göndərilməsi barəsində razılığın əldə olunması ilə əlaqələndirib. BMT-dəki nümayəndəmizin sözlərinə görə, oktyabrın əvvəllərində ATƏT-in işğal altındakı bölgəyə səfər edəcək faktaraşdırıcı missiyasına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından da nümayəndələr qatılacaq.

Göründüyü kimi, rəsmi Bakı güzəşt qarşılığında BMT-dəki qətnamənin qəbulundan vaz keçib. Başqa sözlə, rəsmi Bakı işğal altındakı bölgəyə geniş tərkibli beynəlxalq heyətin göndərilməsi təklifinin qəbulu qarşılığında qətnamə israrından geri çəkilib. Uzun müddət idi ki, həmsədrlər, o cümlədən Qərb dövlətlərinin yüksək rütbəli diplomatları rəsmi Bakını BMT qətnaməsinin danışıqlara xeyir verməyəcəyinə inandırmağa çalışırdılar.

Ancaq rəsmi Bakının faktaraçdırıcı missiyaya görə qətnamə israrından geri çəkilməsi nə dərəcədə məntiqlidir? Axı faktaraşdırıcı missiyanın formalaşması və onun bölgəyə səfəri ilə bağlı qərar daha əvvəl verilmişdi. BMT qətnaməsi olsun və ya olmasın, ATƏT bölgəyə həmin missiyanı onsuz da göndərməliydi. Sadəcə ola bilər ki, rəsmi Bakı həmsədrlərlə sövdələşməyə gedərək həmin missiyanın tərkibinə BMT nümayəndələrinin qatılmasına nail olub.

BMT QƏTNAMƏSİ NƏYİ DƏYİŞƏCƏKDİ?

Mötəbər beynəlxalq təşkilatda Azərbaycanın istədiyi qətnamə qəbul olunsaydı belə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəkdi. Əksinə səsvermə zamanı böyük dövlətlərin yenə də Ermənistanın yanında yer alacağı anlaşılacaqdı. 2008-ci ildə də belə olmuşdu. Rəsmi Bakı iki il öncə də BMT-də oxşar qətnamənin qəbuluna müvəffəq olmuşdu. O zaman həmsədr dövlətlər – ABŞ, Rusiya və Fransa, o cümlədən əksər Avropa dövlətləri Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamənin əleyhinə səs vermişdi.

Qətnamə daha çox islam ölkələrinin hesabına qəbul edilmişdi. Ancaq qətnamənin qəbul olunduğu bu iki ildə nə dəyişdi ki? Nə həmin qətnaməni diqqətə alan oldu, nə də həmsədrlər fəaliyyətlərində BMT sənədini əsas tutdular. Bir də ki, BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad edilməsini əsas tutan bundan da qüvvətli 4 qətnaməsi varsa və vasitəçilər bu sənədləri Dağlıq Qarabağ münaqişəsinin həlli planlarında əsas kimi götürmürlərsə, BMT-nin bir başqa qətnaməsinin işlək mexanizmə çevrilməsi nə dərəcədə realdır?

2008-ci ildə BMT-dəki qətnamənin qəbuluna səs verən islam ölkərinin bir qrupu belə Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyir, əməldə isə Ermənistanla çox isti münasibətlərə malikdirlər
2008-ci ildə BMT-dəki qətnamənin qəbuluna səs verən islam ölkərinin bir qrupu belə Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyir, əməldə isə Ermənistanla çox isti münasibətlərə malikdirlər. Götürək İranı. Qonşu dövlət başda BMT və İslam Konfransı Təşkilatı olmaqla istənilən beynəlxaq qurumda Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın işğalçı dövlət kimi tanınmasına səs verir.

Buna baxmayaraq, İran elə həmin işğalçı ilə siyasi və iqtisadi münasibətlərinin inkişafına çalışır, bu dövlətlə ortaq layihələr həyata keçirir. Rusya üzləşdiyi quraqlıq və yanğın səbəblərindən üçüncü ölkələrə, o cümlədən Ermənistana taxıl ixracatını dayandırdığını bəyan edən kimi İran qonşusuna yardım edəcəyini açıqladı.

Bununla da, Tehran sözdə (oxu: səsvermədə) Azərbaycanı, əməldə isə Ermənistanı dəstəkləyir. Bu misalın özü BMT-də Azərbaycanın lehinə qəbul edilən qətnamələrin əməldə böyük çəkiyə malik olmadığını göstərir.

İNDİ NƏ DƏYİŞƏCƏK?

Həmsədrlər BMT-də qətnamənin səsverməyə çıxarılmaması səbəbindən Azərbaycan hakimiyyətinə minnətçi düşüblər. İndi rəsmi Bakı da bunun qarşılığında həmsədrlərin münaqişənin həllində daha fəal olacaqlarını, ayrıca faktaraşdırıcı missiyanın uğurlu fəaliyyət göstərəcəyinə inanır.

Birincisi, qətnamənin qəbul olunmamasına görə həmsədrlərin fəallıqlarını artıracaqlarını və Ermənistanı yola gətirmək üçün bütün imkanlarını səfərbər edəcəklərini düşünmək çətindir. Həmsədrlər indiyənə qədər necə fəaliyyət göstəriblərsə, eyni sürətlə də davam edəcəklər, onlar bundan artığına iddialı deyillər.

Rəsmi Bakı Madrid prinsiplərinə «hə» dedikdən sonra həmsədrlərdən tələb etdi ki, qısa müddətdə Yerevanı da bu plana razı salsınlar. Ancaq hadisələrin inkişafı göstərdi ki, həmsədrlər özlərinin hazırladığı prinsipləri Yerevana zorla qəbul etdirmək fikrindən uzaqdırlar. Bakıya gələn fransalı həmsədr Bernar Fasyenin «niyə Sizin hazırladığınız planı Azərbaycan qəbul etdiyi halda Ermənistan qəbul etmir» sualına cavabı da bundan xəbər verirdi: «Elə vaxtlar da olub ki, Ermənistanın qəbul etdiyi planı Azərbaycan qəbul etməyib».

İkincisi,
rəsmi Bakının faktaraşdırıcı missiyaya böyük ümid bəsləməsi də özünü doğrultmaya bilər. Əlbəttə, missiya bölgəyə səfər də edəcək, faktları toplayaraq geniş bir hesabat da hazırlayacaq. Ancaq kim zəmanət verə bilər ki, həmin hesabat balanslı olmayacaq. Təsadüfi deyil ki, vaxtında belə bir missiyanın formalaşdırılmasına Ermənistan da razılıq verib.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG