Keçid linkləri

Azərbaycan öz şansından niyə istifadə etmədi?


Bakı BMT–nin Baş Assambleyasına təqdim etdiyi qətnaməni niyə geri götürdü?

Bakı BMT–nin Baş Assambleyasına təqdim etdiyi qətnaməni niyə geri götürdü?

Hətta Bakıda üç prezidentin iştirakı ilə toplaşan enerji sammiti belə ötən həftənin sonunda baş vermiş hadisəyə – Azərbaycanın BMT–nin Baş Assambleyasına Qarabağ problemi ilə bağlı təqdim etdiyi qətnaməni geri götürməsinə marağı azaltmır. Həm də hər iki hadisə müəyyən mənada eyni bir aspektdən yozula bildiyindən onları birlikdə nəzərdən keçirmək də olar.

Azərbaycan niyə fürsəti əldən verdi? Türkiyənin Təhlükəsizlik Şurasında sədr olmasından itifadə edərək sanballı bir sənədin qəbul olunmasına niyə cəhd etmədi?

Bu suallar artıq bir neçə gündür ki, hamını narahat edir, digər imkan olmadığından bu narahatlıq ifadəsini daha çox mətbuat səhifələrində tapır. Başqa bir imkan və etiraz forması yoxdur. Ölkədə elə vəziyyət yaranıb ki, prezident kral Lüdovik kimi «dövlət – mənəm» deyə bilər, çünki o, heç bir qrupun, o cümlədən də cəmiyyətin iradəsindən asılı olmadan qərarlar qəbul edir.

Halbuki, söhbət ölkənin daha bir şansından, indi artıq itirilmiş şansından gedir.

BU DƏFƏ KİM MANE OLDU? JURNALİSTLƏRMİ?

Mətbuatın 135 illiyinə həsr olunmuş bir tədbirdə İlham Əliyev vətənpərvərlik mövzusu üzərində xüsusi dayandı, jurnalistləri vətənpərvər olmağa səslədi. Belə təəssürat yaranırdı ki, hökumət Dağlıq Qarabağ problemi ilə bağlı çox böyük işlər görür, ancaq jurnalistlər bunu görmür və qiymətləndirmir.

Elə digər görüşlərdə də söhbət Qarabağ problemindən düşəndə İlham Əliyev «mənə inanın, mən sizi aldatmaram» kimi vədlər verməyi sevir.

Maraqlıdır, görən o, qətnaməni niyə geri götürmək haqda göstəriş verdi? Çox güman ki, bu, bilavasitə Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri ilə bağlı oldu. Rusiya prezidentinin Bakıya səfəri zamanı cəmi iki–üç sənəd imzalandı ki, onları nazirlər, hətta nazir müavinləri də imzalaya bilərdilər, amma Medvedev özü təşrif buyurdu.

Azərbaycan azacıq da olsa Rusiyadan fərqli istiqamətə yönələrkən Moskva dərhal açarın onlarda olduğunu xatırladır, amma Rusiyaya yaxınlaşarkən bu açar bir qayda olaraq tapılmır ki, tapılmır
Yada salaq ki, Rusiya həmişə MDB ərazisindəki münaqişələrin, o cümlədən də Qarabağ probleminin BMT-də müzakirə olunmasının qəti əleyhinə olub. Hətta ilk dəfə GUAM ərazisindəki münaqişələrin BMT-də müzakirəyə çıxarılmasına hazırlıq gedərkən şimal qonşumuzun Azərbaycandakı səfiri mətbuat konfransı keçirərək dedi ki, münaqişənin açarı Rusiyadadır.

Bu da yenilik deyil – Azərbaycan azacıq da olsa Rusiyadan fərqli istiqamətə yönələrkən Moskva dərhal açarın onlarda olduğunu xatırladır, amma Rusiyaya yaxınlaşarkən bu açar bir qayda olaraq tapılmır ki, tapılmır. İndi də qətnamənin geri götürülməsi böyük ehtimalla Rusiyanın tələbi ilə olub.

Bununla D.Medvedevin Bakı səfərinin əsl məqsədi yəqin ki, aydınlaşır. Düzdür, burada başqa bir detala diqqəti cəlb etmək cəhdləri də var. Bəzi ehtimallara görə, hakimiyyət qətnaməni geri götürməklə onun qəbul ediləcəyi halda ölkədə Türkiyənin nüfuzunun daha da artmasının qarşısını almağa çalışıb. Ola bilər.

Amma Rusiyanın təzyiqi daha ehtimallı görünür. Həm də bəzi ehtimallara görə, qətnamə layihəsində «rus hərbi birləşmələri» ifadəsi də olub. Bu isə Rusiya üçün qəti şəkildə məqbul deyil. Bəs bunun müqabilində nə vəd olunub? Bir müddət bundan əvvəl Ermənistanda çox yüksək səviyyədə yaxın vaxtlarda, hətta oktyabr ayında Dağlıq Qarabağın müstəqilliyinin tanınacağı haqda bəyanatlar səslənirdi. Ola bilsin, qətnamənin geri götürüləcəyi təqdirdə Rusiya özünün forpostunu – Ermənistanı bu addımdan çəkindirəcəyini vəd edib.

AZƏRBAYCAN RUSİYANIN ENERJİ BAZARINA DAXİL OLUR?


Əvvəldə qeyd etdyimiz kimi, Bakıda enerji sammiti keçirilir. Artıq iki prezident – Gürcüstan və Rumıniyanın prezidentləri Bakıya təşrif buyurub. Söhbət maye qazın Avropaya nəqlindən gedir. Beləliklə, Azərbaycan indi Rusiyanın qaz bazarına daxil olmağa hazırlaşır. Elə maraqlısı da budur. Rusiyanın Avropanın qaz bazarındakı özünün inhisarına hansı həssaslıq və qısqanclıqla yanaşdığı hamıya məlumdur. Bəs görən bu halda Azərbaycan Rusiyanın təzyiqlərindən ehtiyat etmir? Özü də təkcə bu haldamı?

Rusiyanın təzyiqə məruz qoyduğu Belarus prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan sözün əsl mənasında xilas edir! Bəs bu halda niyə Rusiyanın təzyiqi yada düşmür? Rusiyanın adını eşitmək belə istəmədiyi Gürcüstan prezidenti Mixeil Saakaşvili və onun ölkəsi ilə çox gözəl münasibətlər saxlanır, ölkə qazla təmin edilir, Gürcüstan–Rusiya münasibətlərinin mürəkkəb durumunda hətta Batuma səfər edilir! Bəs bu halda niyə Rusiyanın təzyiqlərindən ehtiyat edilmir?..

Bütün bunlar nəyi göstərir? Nəticə budur ki, Qarabağ bir problem kimi Azərbaycan rəhbərliyi üçün özünün fövqəl aktuallığını itirib. Başqa bir nəticə hasil etmək çox çətindir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG