Keçid linkləri

İnsanların hələ sovet dövründən banklarda yığılıb qalan əmanətlərini görən niyə qaytarmırlar? Daşqına məruz qalmış Sabirabad sakinlərinə niyə yardım edilmir? Həbsdə olan jurnalistlər niyə azad olunmur? Ölkədəki inhisarçılığa qarşı niyə birdəfəlik və kəskin mübarizə aparılmır? Söz və ifadə azadlığının vəziyyəti niyə bərbad haldadır?

Niyə demokratik seçki keçirilmir? Niyə görə ölkədə aparılan siyasət cəmiyyətlə razılaşdırılmır və qəbul edilmiş qərarlarla bağlı cəmiyyətə məlumat verilmir? Niyə müxalifətlə dialoq aparılmır? Niyə neftdən gələn gəlirlər mənasız və hətta «ekzotik» layihələrə sərf edilir? Nə üçün bütün beynəlxalq hesabatlarda ölkənin adı antidemokrtik ölkələrin sırasında çəkilsə də, bundan hər hansı nəticə çıxarılmır?..

BÜTÜN SUALLARIN BİR CAVABI

Suallar, suallar. Onların sırasını davam etdirmək olar. Amma bu sualların bir «cavabı» daha çox eşidilir: «prezident istəyir, fəqət ətrafındakı məmurlar imkan vermir...».

Buna nə dərəcədə inanmaq olar? Doğrudanmı prezident bu qədər acizdir? Əsla. Bunun əksini iddia etmək üçün kifayət qədər tutarlı əsaslar var. Bir neçə il bundan əvvəl qiymətlər kəskin şəkildə artırılarkən şayiələr yayıldı ki, prezident qayıdandan sonra qərarı ləğv edəcək. Amma prezident qayıtdı və qiymətlərin artımına etiraz edən müxalifəti «naftalin iyi qoxumaqda» qınadı.

O, bütün səmərəsiz tikililərin açılışında iştirak edir, hara gedirsə ilk növbədə təzəcə açılmış «Heydər Əliyev mərkəzləri»nə baş çəkir və insanlarla birbaşa kontaktlardan yayınır, halbuki prezidentliyinin ilk çağlarında, bəlkə də hələ təcrübəsiz olduğundan əhali ilə təmasda olurdu. İndi isə əvvəlcədən təşkil olunmuş və öyrədilmiş adamlarla «görüşlər» keçirməyə üstünlük verir. Onu ancaq cəmiyyətin fövqündə olan bir başçı kimi təsəvvür etmək mümkündür və getdikcə cəmiyyətlə onu ayıran arakəsmələrin sayı artmaqdadır.

Elə bu səbəbdən günahı məmurların boyuna atmaq sadəcə sadəlövhlükdən başqa bir şey deyil – o, hər şeyi bilir, hər şeydən xəbərdardır, ancaq mərhum atası kimi belə idarə edir, çünki o, başqa idarəçilik görməyib və bacarmır, həm də əcnəbi jurnalistlərdən birinə «mən kral deyiləm, prezidentəm» - desə də, əslində ölkəni elə kral kimi idarə edir. Amma hətta krallar üçün də müəyyən məhdudiyyətlər olurdu, krallar belə ideal mənada sərbəst olmurdular.

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, LÜDOVİK!

Kral Lüdovikin məşhur bir kəlamı vardı: «Dövlət – mənəm!». O, heç inana da bilməzdi ki, yüz illər sonra kiçik dövlətlər meydana gələcək, bu kiçik, xırda dövlətlərin böyük iddialı başçıları olacaq...
Kral Lüdovikin məşhur bir kəlamı vardı: «Dövlət – mənəm!». O, heç inana da bilməzdi ki, yüz illər sonra kiçik dövlətlər meydana gələcək, bu kiçik, xırda dövlətlərin böyük iddialı başçıları olacaq, çünki kral gərək bütün mənalarda kral olsun, daha ərazisinin 20 faizi işğal altında, bir 20 faizi də daim güllə-atəş altında olmasın. Napoleon məğlub olanda Lafayet ona təklif edir ki, tez bir zamanda ölkəni respublika elan etsin və bizim dildə desək, demokratik islahatlar aparsın. Napoleonun cavabı çox qısa olur: «Mən imperatoram!». Bəli, Napoleon imperator idi və bu ada tam layiq idi. Bəs indikilər haqda nə demək olar?

Çalmalı ərəb şeyxlərini, özünün yerinə oğlu Camalı hazırlayan Hüsnü Mübarəki görəndə adamın keçmiş krallara yazığı gəlir. İndiki krallar keçmişdən ancaq iki şey əxz ediblər: dövlətin sərvətlərinə sahib olmaq və hakimiyyəti özlərinin istədikləri varislərinə ötürmək. Onlar ancaq bir döyüşü udublar – öz millətləri ilə savaşı. Bəli, bu cəbhədə onlar qalibdirlər. Başqa cəbhələr isə onları düşündürmür...

İLHAM ƏLİYEV SİYASİ ELİTADAN ASILIDIRMI?

Bu suala da çox vaxt belə cavab verirlər ki, ölkədə oliqarxlar var və onlar siyasi qərarlara təsir edirlər. Düzdür, oliqarxlar var, amma onların rolu bir az şişirdilmirmi? Bunu ona görə qeyd edirik ki, oliqarxlar boş fəzada mövcud olmur, oliqarxiya şəraitində özlərini biruzə verirlər və əgər ölkədə oliqarxlar varsa, onların başçısı da var, əks təqdirdə ölkədə başqa sistem mövcud olardı.

Təsadüfi deyil ki, prezidentin biznes imkanları, biznes layihələri və əmlakı haqqında getdikcə daha çox şok xəbərlər yayılır – yerli və əcnəbi mətbuat bu haqda mütəmadi yazır, ən başlıcası isə bu yazılar və xəbərlər təkzib olunmur.

Qeyri–demokratik ölkələrdə mübarizə və çəkişmələr bir qayda olaraq «saraya» köç edir. Bu baxımdan Azərbaycanda da belə halı istisna etmək olmaz, qruplar, təbii ki, var. Amma «prezident özü başqa cür istəyir, fəqət onu belə idarə etməyə məcbur edirlər» kimi siyasi bəyanatlar hələ ki bu ölkədə olsa–olsa ironik təbəssüm doğura bilər, ancaq ironik...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG