Keçid linkləri

Təcili xəbərlər

Rus dilində danışan türkdilli dövlət başçıları


Kərimov vaxtilə Türkiyə ilə əlaqələrə önəm verərək, bu sammitlərə qatılardı
Kərimov vaxtilə Türkiyə ilə əlaqələrə önəm verərək, bu sammitlərə qatılardı
Sentyabrın 15-də İstanbulda türkdilli dövlət başçılarının zirvə toplantısına bircə Özbəkistan qatılmadı. Bu da Özbəkistan prezidenti İslam Kərimovun dəyişkən siyasəti ilə bağlıdır. O ölkəsini gah GUAM-a üzv edir, gah da bu qurumdan çıxarır, gah Rusiya ilə müttəfiqliyini gücləndirir, gah da bunun əksinə olaraq Kremldən uzaqlaşaraq Qərblə sövdələşməyə çalışır.

Onun Türkiyə və türkdilli dövlət başçılarının sammitlərinə münasibəti də eynidir. Kərimov vaxtilə Türkiyə ilə əlaqələrə önəm verərək, bu sammitlərə qatılardı. Ancaq qəfil nə baş verdisə Kərimov həm Türkiyədən, həm də türkdilli dövlət başçılarının zirvə toplantılarından məsafə saxlamağa qərar verdi.

TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ: XƏYAL, YOXSA GERÇƏKLİK?

Ancaq demək olmaz ki, sammitə qatılan digər dövlətlər arasındakı münasibətlər hamardır. Qırğızıstanda aləm bir-birinə dəydikdə, qırğız türkü ilə özbək türkü bir-birlərinin qanını tökdükdə nə qonşu Qazaxıstan, halbuki ATƏT sərdi olduğundan bu birbaşa onun vəzifəsi idi, nə də o biri qonşu Türkmənistan yardım əlini uzatdı.

Qazaxıstanla Türkmənistan arasındakı münasibətlərdə də ara-sıra soyuqluqlar yaşanır. Bu sıraya Xəzərin statusu və enerji yataqlarının istismarı ilə bağlı Türkmənistanla Azərbaycan arasında mövcud olan fikir ayrılıqlarını da əlavə etmək lazım gəlir. Ən başlıcası isə Türkiyədən başqa heç bir türkdilli dövlət Dağlıq Qarabağ məsələsində Azərbaycana əməli dəstək vermir. Əslində türkdilli dövlətlərinin birliyi dedikdə Türkiyə-Azərbaycan birliyi başa düşülür ki, ancaq bu ikilinin münasibətlərində də həllini gözləyən məsələlər var.

Buna baxmayaraq, türkdilli dövlət başçılarının İstanbul zirvəsinin əvvəlki sammitlərdən keyfiyyətcə fərqləndiyini də söyləmək mümkündür.

Birincisi, İstanbulda türkdilli dövlət başçılarının Əməkdaşlıq Şurasının yaradılmasına qərar verildi. Şuranın katibliyi fəaliyyət göstərəcək. Qurum çərçivəsində Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirlər Şurası, Əməkdar Məmurlar Komitəsi və Ağsaqqallar Şurasının fəaliyyətinə də yaşıl işıq yandırılıb. Başqa sözlə, Ankara türkdilli dövlətlərin əlaqələrinin strukturlaşmasına qərar verib.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov türkmən dilində danışmaq istəyirdi ki, tərcümədə nəsə problem yarandığından o və digərləri rus dilinə keçdilər
İkincisi, ilk dəfə idi ki, türkdilli dövlət başçılarının zirvə toplantısında nə rus, nə də ingilis dilindən işçi dil kimi istifadə edildi. Toplantının açılış mərasimində hər lider öz dilində danışdı. Sadəcə ortaq mətbuat konfransında Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov türkmən dilində danışmaq istəyirdi ki, tərcümədə nəsə problem yarandığından o və digərləri rus dilinə keçdilər.

RUSİYADAN SƏS ÇIXMADI


Ankarada anlayırlar ki, qabağa düşməsələr türkdilli dövlətlərin birliyi söz olaraq qalacaq. Türkiyə isə ətrafında tərəfdar toplamağa çalışır. Türkiyənin bölgə siyasətini dəstəkləyəcək ən etibarlı dövlətlər isə ilk növbədə ona eyni kökdən bağlı olan ölkələr sayıla bilər. Digər tərəfdən türkdilli dövlətlər böyük enerji resurslarına sahibdirlər ki, Ankara Mərkəzi Asiyanın enerji payının bölüşdürülməsində Qərb və Rusiyadan geri qalmaq istəmir.

“Bəs Ankara niyə indi fəallaşıb” sualının cavabı isə Rusiyadır. Türkdilli dövlət başçılarının zirvə toplantılarına 1992-ci ildən, yəni SSRİ dağıldıqdan sonra start verilib. Sadəcə o illər Ankaranın planlarına şübhə ilə yanaşan Kreml Türkiyənin bölgəyə nüfuzunu qıcıqla qarşılayırdı. Rusiyanın siyasi və hərbi dairələrində düşünürdülər ki, Ankara türkdilli dövlətlərin birliyi adı altında bölgəni ələ keçirməyə və Böyük Turan ideyasını gerçəkləşdirməyə çalışır. Ona görə də bu illərdə zirvə toplantıları keçirilsə də, Ankara türkdilli dövlətlərin birliyi ideyasını hərəkət gətirməyə tələsmirdi.

Üstündən 18 il keçib. Rusiya-Türkiyə münasibətləri xeyli irəliləyib, iki ölkə arasında ticarət mübadiləsi 50 milyard dollara çatmaqdadır, ortaq enerji layihələri həyata keçirilir, siyasi müstəvidəki təmaslar da yüksələn xətt üzrə inkişaf edir,

Rusiyanın prezidenti və baş naziri Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanı “dostum” deyə çağırırlar
Rusiyanın prezidenti və baş naziri Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanı “dostum” deyə çağırırlar. Beləcə, Kremlin Türkiyənin planlarından şübhələnməsi üçün əsası qalmayıb. Keçmiş illər olsaydı, Kreml İstanbulda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından haray-həşir salardı, ancaq indi Rusiyada bu prosesə qarşı çıxanların səsi eşidilmir. Demək türkdilli dövlətlərin ortaq fəaliyyətini genişləndirmək üçün əsas maneə ortadan qaldırılıb.

TÜRKİYƏ-AZƏRBAYCAN ƏMƏKDAŞLIQ ŞURASININ GÜNDƏLİYİNDƏ NƏLƏR VAR?

Türkdilli dövlətlər birliyinin lokomotivi Türkiyə-Azərbaycan ittifaqı sayılıb. Ancaq ötən il iki dövlət arasında münasibətlər xeyli gərginləşdiyindən lokomotivin hərəkət etdiyi dəmir relslər qopub çıxdı. Hətta iş o yerə çatdı ki, yuxarıdan gələn təlimat əsasında Şəhidlər Xiyabanında dalğalanan Türkiyənin bayraqları endirildi.

İstanbulda Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında bəyannaməyə imza atan dövlət başçısı İlham Əliyev bu dəfə “ürəklərimiz bir döyünür” kimi epitetlərə yer verdi.

Rusiya Ermənistanla hərbi sazişi yenilədikdən sonra Azərbaycanın da strateji müttəfiqi Türkiyə ilə münasibətləri yeni müstəviyə qaldırmaqdan başqa çarəsi qalmamışdı. İlk öncə avqustun 16-da Bakıda Türkiyə prezidenti Abdulla Gül ilə İlham Əliyev arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı.

Ancaq bu müqavilənin mətni açıqlanmadığından müəyyən şübhələr yarandı ki, sənəd elə bir ciddi mahiyyətə malik deyil. Üstündən bir ay keçmiş Strateji Əməkdaşlıq Şurasının yaradılması və onun konkret hədəflərinin göstərilməsi isə münasibətlərdə yeni mərhələ sayıla bilər. Siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi yollarını araşdırmaq üçün Şuranın alt komitələri fəaliyyət göstərəcək. Məhz bu komitələr hazır layihələrlə dövlət başçıları səviyyəsinə çıxacaqlar.

Şuranın gündəliyini elə indidən müəyyənləşdirmək mümkündür: “İki ölkə arasında viza rejiminin tam ləğvi; Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ortaq çalışmalar; hərbi əməkdaşlığın genişləndirilməsi yolları; ticarət əlaqələrinin həcminin artırılması”.

“DAXİLİ PROSEDUR” HƏLƏ NƏ QƏDƏR UZANACAQ?

Abdulla Gül və İlham Əliyev
Abdulla Gülün Bakıda, Rəcəb Təyyub Ərdoğanın isə İstanbulda İlham Əliyevlə birgə mətbuat konfranslarında Azərbaycan televiziyalarından türkiyəli rəsmilərə iki sual verildi. Biri Türkiyənin NATO təlimləri əsasında Ermənistanla sərhədi açıb-açmayacağına, o birisi isə Türkiyənin Van bölgəsində yerləşən Axtamar kilsəsində ermənilərin ayininə dair idi.

Yəni, həm sərhədin açılmasının, həm də kilsədə ayinə icazə verilməsinin Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyinə işarə edilirdi. Ankara bir günlüyünə olsa da, sərhədi açmadı, ayini isə Ermənistanın boykot etdiyi bəlli oldu. Sual növbəsi türkiyəli jurnalistlərə çatdıqda isə onlar həm Bakıda, həm də İstanbulda Türkiyə-Azərbaycan münasibətlərinə birbaşa dəxli olan eyni sualı verdilər: “Azərbaycan nə vaxt Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldıracaq?”.

Həm Bakıda, həm də İstanbulda verilən cavab eyni oldu: “Viza məsələsi daxili prosedurlardan keçir”.

Prezidentin bircə təlimatı və şifahi göstərişi ilə bütün məsələlərin həll olunduğu Azərbaycanda bu “daxili prosedur” nə imişsə, üç ildir Türkiyə ilə viza məsələsinə əncam çəkilmir. Yəqin Azərbaycan rəsmiləri anlamamış deyillər ki, viza məsələnin qeyri-müəyyən müddətə bir az daha uzadılması həm strateji və qarşılıqlı yardım haqqında müqavilənin, həm də yeni yaradılan əməkdaşlıq şurasının ciddiliyini və çəkisini azaldacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG