Keçid linkləri

Son günlər Qərbin enerji ekspertləri bir məsələni aydınlaşdırmağa cəhd edirlər: Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov “Nabucco” layihəsini dəstəkləyir, yoxsa Çin tərəfə üz tutur?

Sentyabrın 16-da Türkdilli dövlət başçılarının İstanbulda keçirilən sammitdə Berdımuhəmmədov çoxlarını təəccübləndirəcək bir bəyanat verdi: “Türkmənistan ərazisində inşa ediləcək “Şərq-Qərb” boru xətti Avropa bazarı üçün nəzərdə tutulmuş “Nabucco” qaz kəmərinə mavi yanacağın verilməsi məqsədi daşıyır və rəsmi Aşxabad bununla çoxşahəli qaz ixracı siyasətinə sadiq qaldığını nümayiş etdirir”.

Lakin artıq sentyabrın 20-də Aşxabadda Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistanın enerji nazirliklərinin iştirakı ilə Transəfqanıstan qaz kəməri ilə bağlı çərçivə sazişi imzalanır. Elə həmin gün Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxış edən Berdımuhəmmədov maraqlı təkliflə çıxış edir:

“BMT-nin yeni orqanı – Enerji Şurası təsis edilsin. Həmin orqan qaz və neftin tranzit ölkələrdən stabil nəqlinə nəzarət etməli və hasilatçı ölkələrdən istehlakçı ölkələrə enerjidaşıyıcıların nəqli üçün lazımi şəraitin yaradılması üçün təsir imkanlarına malik olmalıdır”.

QAZIN NEÇƏ “ADAXLISI” VAR?

Rusiyalı analitiklər Bedımuhəmmədovun çıxışını birbaşa Rusiyaya qarşı yönələn təklif kimi qiymətləndirdilər, Türkmənistanın yaxın gələcəkdə “Qazprom”un ixrac boru kəmərlərində tranzit qaz kvotasına iddia etdiyini vurğuladılar. Lakin sonrakı hadisələr onu göstərdi ki, Berdımuhəmmədovun arzusu heç də Rusiyaya meydan oxumaq deyilmiş.

Sentyabrın 21-də “Kommersant-Ukraina” iş dərgisinə müsahibə verən LUKoil neft şirkətinin prezidenti Vahid Ələkbərov bəyan edib ki, cari ayın sonlarına kimi onun başçılıq etdiyi şirkətlə China National Petroleum Company dövlət şirkəti arasında ildə 15 milyard m3 olmaqla Özbəkistandan Çinə qaz ixracına dair ilk sənədin imzalanması planlaşdırılır.

Lukoil-in prezidenti Vahid Ələkbərov
LUKoil Özbəkistanın “Hauzak”, “Qandım” və “Şadı” yataqlarından hasil etdiyi qazı 2014-cü ildən başlayaraq Çinə satmaq haqda ilkin razılıq əldə edib.

Elə bu ərəfədə Rusiyanın adlı-sanlı “Vedomosti” işgüzar qəzeti Qazaxıstanın baş naziri Karim Mansimovla müsahibə dərc edib. Hökumət başçısı Xəzər üzərindən çəkilə biləcək Transxəzər qaz kəməri layihəsinə münasibət bildirərkən onun sadəcə “siyasi mifdən başqa bir şey olmadığını” qeyd edib və bildirib ki, Qazaxıstan öz qazının ixracı üçün yaxın gələcəkdə iki bazar müəyyənləşdirib: Rusiya (hökumətlərarası razılaşmaya əsasən Qazaxıstanın ən böyük qaz-kondensat yatağı olan “Qaraçağanaq”dan hasil edilən mavi yanacaq Rusiyanın Orenburq şəhərində yerləşən qaz emalı müəssisəsinə yönəldiləcək) və Çin.

Kərimov bildirib ki, Çinə ixrac üçün müasir səviyyədə infrastruktur yaradılır. Çinin özündə isə hesab edirlər ki, perspektivdə Qazaxıstandan ildə 20 milyard m3-dək qaz idxal etmək imkanı yaranacaq.

İXRACI TIXACA DÜŞƏN TÜRKMƏNİSTAN


Beləliklə, Berdımuhəmmədovun “Nabucco” “sevgisinin” əsl məqamları üzə çıxmağa başlayır. 2009-cu ildə Rusiya ilə əvvəlcə az qala hədə səviyyəsində danışan (söhbət 9 apreldə magistral qaz kəmərində baş vermiş partlayışdan sonra iki ölkə arasında yaranmış gərginlikdən gedir) Türkmənistan prezidenti sonradan etdiyi bütün cəhdlərə baxmayaraq qaz ixracının bərpasına nail ola bilmədi.

2009-da “Qazprom” Türkmənistandan 12 milyard m3 qaz almışdısa, 2010-da bu həcmləri 10,5 milyard m3-dək azaltdı
Rusiya prezidentinə edilən faktiki “üzrxahlıqlar” da yaramadı: 2009-da “Qazprom” Türkmənistandan 12 milyard m3 qaz almışdısa, 2010-da bu həcmləri 10,5 milyard m3-dək azaltdı. Bundan əlavə ötən il türkmən qazının 1000 m3-i Rusiyaya $330-dan ixrac edilirdisə, cari ildə bu qiymət $220-dək azaldı. Gələn il üçünsə həcmlərin artırılması haqda hələ ki, elə bir pozitiv məlumat yoxdur. Müqayisə üçün onu qeyd edim ki, 2008-də bu həcmlər 42 milyard m3, ondan əvvəl isə 50 milyard m3 idi.

Digər tərəfdən Berdımuhəmmədovun Çinə və İrana olan ümidləri az bir müddət sonra özünü döğrultmadı. Cari ildə Çinə olan qaz ixracı 5 milyard m3, İrana isə - ən yaxşı halda 8 milyard m3 ətrafında gözlənilir (baxmayaraq ki, 20 milyard m3-a söz vermişdi). Gələn il bu həcmlərin kifayət qədər artmasına da ümid azdır. Belə ki, cari ildə Çin Türkmənistandan aldığı qazın 1000 m3-nə $120, İran isə $170 ödəməyə razı olub.

Çin aşağı qiyməti onunla əsaslandırıb ki, ötən il Türkmənistana $4 milyard aşağı faizlə kredit verib, İran isə dünya bazarında qazın qiymətinin düşməsini və Türkmənistan ərazisində dövlət dəstəyi ilə investisiya layihələrini həyata keçirdiyini rəsmi Aşqabada xatırladıb. Başqa bir tərəfdən də Berdımuhəmmədov sonradan anlayıb ki, Türkmənistanla Çin arasında daha iki qaz ölkəsi yerləşir – Özbəkistan və Qazaxıstan və Türkmənistan-Çin boru kəməri onların ərazisindən keçir. Yəni Çinin türkmən qazı üçün uzunmüddətli dövrdə strateji bazar kimi qalması çox problemlidir.

“NABUCCO”NUN AĞIR ŞƏRTLƏRİ



Türkmənistanın dövlət başçısında “Nabucco” deyilən bir layihəyə bir vurğunluq yaranıb
Elə buna görə də indilərdə Türkmənistanın dövlət başçısında “Nabucco” deyilən bir layihəyə bir vurğunluq yaranıb, ancaq onun sevgiyə çevrilməsi artıq dumanlıdır.

Çünki bunun üçün Berdımuhəmmədov ölkə daxilində faktiki olaraq “inqilabi” dəyişikliklərə (Qərb şirkətləri ilə quruda PSA tipli müqavilələr bağlanmalı, Şərq-Qərb boru xətti xaricilərə icarəyə verilməli, özəllləşdirmə keçirilməli və bazar iqtisadiyyatına keçid başlamalı, Xəzərin dibinin bölünməsi ilə bağlı Azərbaycanla rəsmi Bakını qane edəcək müqavilə imzalanmalı, “Çıraq” və “Azəri” yataqlarına olan iddialar geri götürülməli və “Kəpəz\Sərdar” yatağının birgə işlənməsinə dair razılıq əldə edilməlidir) start verməyə razı olmalıdır.

Yəni, yalnız bu kimi dəyişiklər Qərb dünyasını vadar edə bilər ki, Transxəzərin reallaşması üçün Rusiya və İranla baş-başa gəlsinlər və ya sövdələşməyə getsinlər. Bu isə, yumşaq desək, sadəcə mümkün olası iş deyil nə yaxın gələcəkdə, nə də orta perspektivdə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG