Keçid linkləri

Seçki sisteminin təkmilləşməsi demokratik prosesin mühüm hissəsi hesab edilir. Bu vaxta qədər təkcə proporsional sistemin inkişafı və bu sistemdə meydana çıxan spesifik problemin - «qalıq səslər»in hesablanma üsulları ilə bağlı dünyanın böyük simalarının səylərini nəzərdən keçirəndə buna əmin olmamaq mümkün deyil.

Maraqlı haldır ki, sonuncu ilə – «qalıq səslər»in hesablanması ilə bağlı hətta ABŞ-ın dördüncü prezidenti Tomas Ceffersonun da müəyyən etdiyi xüsusi qayda olmuşdur. Amma məsələ bunda deyil. Sadəcə, çox vaxt belə təsəvvür yaradılır ki, guya dünyada mövcud olan seçki üsulu çox bəsitdir. Reallıqda belədirmi? Uzağa getməyə ehtiyac yoxdur, əhalisi Azərbaycanınkından üç dəfə az olan Gürcüstanda parlament üzvlərinin sayı təxminən iki dəfə çoxdur və təkcə proporsional sistem üçün səksəndən çox mandat nəzər tutulur.

Öncə belə təsəvvür yarana bilər ki, artıq dördüncü parlament seçkisini keçirən Azərbaycanda seçki sistemləri ilə bağlı elə bir problem olmamalıdır. Amma ancaq ilk baxışda belə görünür. Əslində isə suallar çoxdur. Görən, bu vaxta qədər ölkə müxalifəti seçki ilə bağlı hansı tələbi irəli sürməkdə davam edir? Bir vaxt ölkədə proporsional sistem ləğv edilərkən hansı arqumentlər gətirilmişdi? Bəs indi seçkinin analizi hansı detalları üzə çıxarır? Bu sualların cavabı heç də trivial deyil və düşünmək üçün kifayət qədər əsas verir.

SEÇKİ SİSTEMİ NİYƏ SIRF MAJORİTAR OLDU?

Bu vaxta qədər ölkədə Konstitusiyaya iki dəfə düzəliş olub. Birinci düzəliş zamanı proporsional seçki sistemi tamamilə ləğv olundu, halbuki bu sistem üzrə cəmi 25 mandat nəzərdə tutulmuşdu. O vaxt iki arqument gətirildi. Biri bu idi ki, ölkədə güclü siyasi partiyalar yoxdur, partiya sistemi hələ kifayət qədər inkişaf etməyib.

İkinci arqument isə bu idi ki, proporsional sistemdə müstəqil namizədlərin hüquqları pozulur, hərçənd ki, bir az əvvəldə qeyd etdiyimiz kimi, 125 mandatdan cəmi 25–i proporsional sistem üçün nəzərdə tutulmuşdu. Gəlin görək hazırkı siyahıların analizi nə göstərir?

ÖLKƏDƏ CƏMİ 11 MÜSTƏQİL NAMİZƏD VARMI?


Əvvəlcə hakim partiyanın – YAP-ın siyahısından başlayaq. YAP respublika üzrə 114 dairədən namizəd irəli sürüb, cəmi 11 dairəni müstəqil namizədlər üçün saxlayıb. Bu vaziyyətin özü vaxtilə gətirilən arqumentləri tamam rədd edir.

Göründüyü kimi, dominantlıq edən yenə də partiyalar və məhz onların siyahısıdır. Bəs müstəqil namizədlərin hüquqları harada qaldı? Ölkədə cəmi 11 müstəqil namizəd varmı?
Göründüyü kimi, dominantlıq edən yenə də partiyalar və məhz onların siyahısıdır. Bəs müstəqil namizədlərin hüquqları harada qaldı? Ölkədə cəmi 11 müstəqil namizəd varmı? Hətta vəziyyət elədir ki, YAP üzvlərinə müstəqil şəkildə namizədliklərini irəli sürməyi yasaq edir, əks təqdirdə onları partiya sıralarından çıxarmaqla hədələyir. Bu faktın özü əvvəllər deyilən fikrin – guya ölkədə güclü partiya strukturlarının olmaması fikrinin tam inkarı deyil?

Bəs indi YAP 114 dairədən irəli sürmək üçün namizədləri haradan tapıb? Eyni sözləri digər partiyalar, hətta müxalifət partiyaları haqda da demək mümkündür. Əsas müxalifət partiyaları da düz 125 dairədən namizəd irəli sürüblər. Bütün bunlar isə o deməkdir ki, ölkənin partiya strukturları kifayət qədər yetərli inkişaf səviyyəsindədir və hətta seçkinin taleyini tamamilə həll etmək iqtidarındadırlar. Onda problem nədədir?

KİÇİK BİR NƏTİCƏ


Hətta qısa analiz də göstərir ki, proporsional sistemin tamam ləğvi ilə bağlı gətirilən arqumentlər əsassızdır. Bunu hətta seçki prosesinin durumu da təsdiq edir. Sadəcə burada iki əsas səbəb var:

Birincisi, belə vəziyyət daha çox hakimiyyətin siyasi partiyalara antipatiyasının nəticəsidir. İkincisi, siyasi partiyaların rolunu guya ki, heçə endirməklə (əslində isə onlar buna nail ola bilmədilər) hakimiyyət cəmiyyətdə depolitizasiya mühiti yaratmağa cəhd edir. Amma birinci Konstitusiya düzəlişlərinin üstündən artıq on il vaxt keçib. Bu müddətdə müxalifət partiyalarını siyasi səhnədən tamamilə silmək mümkün olmayıb. Bəlkə bu faktın özü inadkarlıqdan əl çəkmək üçün yetərlidir? Axı siyasət daha çox rasionallıq və reallıq tələb edir...

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.

Şərhləri göstər

XS
SM
MD
LG