Keçid linkləri

Qarşıdan parlament seçkiləri gəldiyi üçün mən də istərdim olaya öz açımlarımı verim. Birincisi, istərdim xalqın seçməsi ilə andlılar məhkəməsinin bəzi ortaq göstəricilərindən danışım.

Nədən peşəkar olmayan andlılar peşəkar hakimlərdən yeydirlər…

Andlılar məhkəməsinin Sovet məhkəməsinə baxanda bir paradoksu var. Sanki Sovet məhkəməsindəki kimi son qərarı hüququ yaxşı bilən peşəkarlar (üç hakim) çıxarmalıdır. Andlılar məhkəməsində isə verdikti jüri kimi toplanmış hüquqdan uzaq adi adamlar çıxarır.

Paradoks odur ki, andlılar məhkəməsi öz ideyasına görə, peşəkarların çıxardığı verdikti etibarsız, peşəkar olmayan camaatın qərarını isə etibarlı sayır. Bu məhkəmə hesab edir ki, filan andlı nə qədər peşəkar olmadığı üçün yanılsa da 10 gün, bir ay vəkilə, prokurora qulaq asa-asa axırda şüuru və ürəyi ilə biləcək, kimdir suçlu. Biri-ikisi yanılsa da səs verənlərin çoxluğu yanılmayacaq. Hansısa məhkəmədə çoxluq yanılsa da bu nadir hadisə olacaq. Əvəzində andlılar məhkəməsinin ədaləti verdikti hakim çıxaran məhkəmələrin ziyanından qat-qat çox olacaq. Axı, hakimlər özbaşına qalanda pul və yuxarıdan ismarış alıb qərar çıxarır.

Nə zaman ulus yaxşı seçici ola bilər

Eyni arqumenti parlament, bələdiyyə, prezident seçkilərində xalqı savadına, düzü əyridən seçmək bacarığına görə aşağılaşdırıb «peşəkarlara» üstünlük verən avtoritar rejim ideoloqlarına da söyləmək olar: xalq seçkidə səhv edə bilər. Ancaq seçki azadlığının qalması bu səhvin ziyanını azaldır, çünki bu səhv növbəti dəfə allanmamaq üçün ciddi təcrübəyə çevrilir. Bu birincisi.

İkincisi odur ki, andlılar məhkəməsində jürinin olayla bağlı tam bilgi qazanması üçün dartışan tərəflərə tam şərait yaradılır ki, hərə öz arqumentini, öz dəlillərini söyləsin.

Oxşar olaraq parlament seçkilərində də ulusun millət vəkilləri olmaq istəyənlərin dartışmasına istədiyi qədər qulaq asmaq şansı olmalıdır. İndi bundan baxaq məmləkətimizə. Azərbaycandakı qəzetlərin tirajı nə qədərdir ki, TV-lərdə olan opponentlərin dartışmaları nə qədərdir ki, ölkə camaatı da bilgili olsun?! Özü də bilgilənmə prosesi seçkiyə yaxın dönəmlərlə cızığa salınmamalıdır, bütün il boyu olmalıdır. Bütün il boyu camaat məmləkətin seçki orqanlarına iddialı olan kəslərinin çıxışlarına, dartışmasına, önəmli durumlarda necə davranmasına, hansı bacarıqları göstərməsinə tamaşa etməlidir.

Yuxarı vəzifəlilərin özündən, uşaqlarından, mülkiyyətindən biabırçı faktlar açılanda adamlar hiddətlənirlər-hiddətlənirlər. Sonra görəndə ki, bu hiddəti vecinə alan yoxdur, adam yenə öz vəzifəsində, işindədir – giley, ağlaşma, deyinmə başlayır...
Bizdə isə TV-lərdə çox az saylı adama ekranda görünmək icazəsi var. Politoloji, hətta sosial-iqtisadi məsələlərlə bağlı TV-lər tam adam, ekspert qıtlığındadır. Belə bir görüntü yaranır ki, bizdə danışmağa, fikir söyləməyə beş-on adam var, onların da çoxu YAP-çıdır.

Deməli, Azərbaycanda bu halı yaradanların böyük suçu ondadır ki, millətin doğru qərar çıxarması üçün tələb olunan informasiya mühitini boğurlar. Bu ona oxşayır ki, formal olaraq jürini yığırlar, ancaq zalda vəkil və prokuror arasında gerçək dartışma, çəkişmə olmasını qoymurlar. Sonra da deyirlər ki, bunlar kimdir ki, doğru seçim etsinlər?!

Azərbaycanda bir çox hallarda hakimiyyətin üzündən, az hallarda isə iqtisadi və başqa səbəblərdən əyalətlərdə medianın durumu elədir ki, camaat bilgisiz andlılar halına salınıblar. Normal halda elə olmalıdır ki, hər bölgənin parlaq, bələdiyyələrə layiq adamları qəzetlər, bölgə TV-lərinin sayəsində il boyu səhnədə olsunlar və nəyi bacardıqlarını göstərsinlər. Bu olmayanda hansı azad və ədalətli seçkidən danışmaq olar?!

İctimai rəyin pozğunlaşması

İndi isə seçkilərlə bağlı başqa məsələ: nədən bizdə ictimai rəy dişsizdir? Özü də ictimai rəy dişsiz olanda gileyə, deyingənliyə çevrilir. Bunu biz Azərbaycanda dəhşətli şəkildə aydın görürük. Bizdə necədir? Yuxarı vəzifəlilərin özündən, uşaqlarından, mülkiyyətindən biabırçı faktlar açılanda adamlar hiddətlənirlər-hiddətlənirlər. Sonra görəndə ki, bu hiddəti vecinə alan yoxdur, adam yenə öz vəzifəsində, işindədir – giley, ağlaşma, deyinmə başlayır. Ancaq ölkədə azad və ədalətli seçki olsaydı, yuxarılar bir də seçilmələrinə əngəl olacaq məmurları çoxdan özlərindən uzaqlaşdırardılar.

Beləliklə, Azərbaycanda toplumun yetərincə bilgili olmaması azad və ədalətli seçkini imkansız edir (saxtakarlıq məsələsini bir qırağa qoyaq). Seçkilərin azad və ədalətli olmaması isə «ictimai rəy» deyilən nəsnənin biabırçı durumda olması ilə sonuclanır. İctimai rəyin belə olması isə medianı korlayır. Çünki media ictimai rəyi yaradandan sonra onun dişsizliyini görürsə, sarılaşmağa meylli olur ki, heç olmasa bunun hesabına dəyər qazansın.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG