Keçid linkləri

Təcili xəbərlər

TQDK qəbulu imtahanlarına dəyişikliklər edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci illər üzrə tələbə qəbulu imtahanlarına dəyişikliklər edib.

Növbəti ildən etibarən, üçüncü ixtisas qrupuna daxil olan «Beynəlxalq münasibətlər» və «Regionşünaslıq» ixtisasları ikinci ixtisas qrupuna keçiriləcək. Bunu sentyabrın 30-da TQDK-nın sədri Məleykə Abbaszadə deyib.

Dəyişikliklərə əsasən 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıqtipli olacaq.

2011-2012-ci illər tədris ilində ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarına ərizə qəbulu və qəbul imtahanlarının 1-ci mərhələsinin 2011-ci ilin fevral ayında aparılması nəzərdə tutulur. Qəbul qaydalarına uyğun olaraq, imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dili və informatika fənni üzrə bilikləri yoxlanacaq.

Abbaszadə bildirib ki, abituriyentlərə qəbul imtahanlarına hazırlaşmağa kömək etmək məqsədi ilə 2011-ci ilin yanvar ayında ölkə ərazisində bir sınaq imtahanı keçiriləcək: «Növbəti sınaq imtahanları isə müntəzəm olaraq aprel ayından başlayacaq».

Dəyişikliklərə görə, 2011-2012 tədris ili üçün magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin 2011-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.

Azərbaycan hökumətinin «Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları»nı həyata keçirmək məqsədi ilə TQDK tərəfindən təhsilin bu pilləsinə qəbul həyata keçiriləcək.
XS
SM
MD
LG