Keçid linkləri

İndi bütün dünyanın diqqət mərkəzində olan Şimali Koreya təbiəti, tarixi, mədəniyyəti, siyasi quruluşu və siyasəti ilə çağdaş Azərbaycana bənzəmir. Üstəlik onların nefti və qazı, Azərbaycanın isə nüvə silahı yoxdur. Bir söz, fərq çox, oxşarlıq az.

Koreyanın Əmək Parityasının qurultayında hamı baş katib Kim Çen İrin kiçik oğlu Kim Çen Unun yeni baş katib olacağını gözləyirdi. Olmadı. Amma Çen Unu general təyin etdilər. Onun ya 27, ya da 28 yaşı var. Yaş nə üçünsə dövlət sirrinə çevrilib.

BÖYÜK LİDER


Generallıq öz yerində, az sonra Çen Un yekdilliklə hakim partiyanın Mərkəzi Komitəsinin üzvü, həm də Mərkəzi Hərbi Komitənin sədr müavini seçildi. Ona qarşı çıxış edən, əleyhinə səs verən tapılmadı. Qüzey Koreyada deyirlər ki, oğul dahi atasına oxşayıb, atası isə öz növbəsində öz atası – vaxtilə baş katib olmuş Kim İr Senin istedadını irsən götürüb.

Millət atası və rəhbəri Kim Çen İri Simalda Böyük Lider, Rəhbərliyin Dahisi ya da Dahi Rəhbər adlandırırlar. Tam ciddi. Dövlətin rəsmi ideologiyası isə çuçxe ideyalarıdır. Baba, ata, oğul bir ağızdan deyirlər ki, çuçxe - "mərkəzində insan duran fəlsəfi ideologiyadır". Çuçxe elə böyük təlimdir ki, bütün ölkə onu yaradanın şəkli, heykəli ilə doludur.

DAHİ OĞUL

Oğul ilə birlikdə baş katibin bacısı və kürəkəni də yüksək vəzifələrə təyin olunublar. Görünür, təcrübəsiz Çen Unun "təcrübəli" bibisinin məsləhətinə ehtiyacı var.

Çen Unun sevdiyi iki şey var - basketbol və onun dahiliyinə inanmayıb baş əyməyənləri yox etmək. Bəlkə elə buna görə əleyhinə səs verən tapılmadı?

Dahi Rəhbərin oğlu həqiqətən də dahi olmalıdır. Ən azı. Əvvəla, o, atasının oğludur. İkincisi, atasının yanında olmaqla çox şey öyrənib. İndi atom bombasının "qırmızı düymə"si də əlinin altında olacaq. Dünyanın canına vəlvələ düşüb.

İKİ DÖVLƏT

Qüzey Koreya ağır böhran astanasında, xalq aclıq içidədir, narazılıq artır. Bəs demokratiya və bazar iqtisadiyyatı olan Güney Koreyanı necə tanıyırıq? Samsung, Hyundai-Kia, LG-ni dünya tanıyır. Davam etməyə dəyər?

Hansı ağıllı deyib ki, hər bir xalq öz hökmdarına layiqdir? Koreyalılar yarım əsr bundan əvvəl ikiyə bölünmüş bir xalq, eyni bir millətdir. Cənubda - demokratiya və bazar iqtisadiyyatı olan yerdə seçkilər, rəqabət, azadlıq, inkişaf, firavanlıq, əmin-amanlıq, halallıq, xoşbəxtlik var. Şimalda - Çuçxe ideyaları olan yerdə heç bir rəqabət və seçki yoxdu, amma əvəzində rüşvət, yaltaqlıq, yalan, monopoliyalar, zorakılıq, saxtakarlıq, siyasi məhbuslar var. Əsas da gerilik, aclıq, qıtlıq - nefti yoxdu axı bədbaxtların. Amma ölkə böyük şəkillər, heykəllərlə doludur. Bir də təriflər, "Dahi Rəhbər", "dahi atasının oğlu”, “atasının qabiliyyətini götürüb" və sair kimi ifadələr. Nəyi xatırladır bu?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG