Keçid linkləri

Təcili xəbərlər

Hakimiyyətdəsənsə, resursların bol, müxalifətə keçdinsə...


Ukraynanın ən varlı adamı Rinat Əhmədov hər zaman Yanukoviçin yanında olub, müxalifət partiyasını maliyyələşdirməkdən çəkinməyib
Ukraynanın ən varlı adamı Rinat Əhmədov hər zaman Yanukoviçin yanında olub, müxalifət partiyasını maliyyələşdirməkdən çəkinməyib
Demokratik ölkələri avtoritar ölkələrdən fərqləndirən nədir?

Demokratik ölkələrdə hakimiyyətdən müxalifətə keçmək faciə sayılmır, prezident, nazir və ya hansısa yüksək rütbəli məmur yalnız idarəetmədən məhrum olur, halal qazanılan pullara toxunulmur, siyasi fəaliyyətinə süni əngəllər yaradılmır, imkanlı dostların səni tərk etmirlər.

Avtoritar ölkələrdə isə hakimiyyətdəki hər hansı məmurun istefa verərək müxalifətə keçməsi bütün resursların itirilməsi, maliyyə mənbələrinin əlindən alınması, siyasi fəaliyyət imkanlarının daraldılması, mediaya çıxışın qeyri-rəsmi yasaqlanması, imkanlı dostların da qorxaraq səndən uzaqlaşması deməkdir.

UKRAYNA VƏ GÜRCÜSTANDA BİZNES MÜXALİFƏTLƏ YAXINLIQDAN QORXMUR

Ukrayna və Gürcüstanın timsalında demokratik meyllərin inkişaf etdiyini vurğulamaq mümkündür. İndiki prezident Viktor Yanukoviç müxalifətdə olanda siyasi fəaliyyəti əngəllənmir, özünün və partiyasının fəaliyyəti yazılı və elektron KİV-lərdə geniş işıqlandırılır və ən başlıcası imkanlı biznesmen dostları «vay, hakimiyyət vergini üstümə salaraq bütün pullarımı əlimdən alar» qorxusu altında ondan imtina etmirdilər. Əksinə Ukraynanın ən varlı adamı Rinat Əhmədov hər zaman Yanukoviçin yanında olub, müxalifət partiyasını maliyyələşdirməkdən çəkinməyib.
Müxalifət lideri Levan Qaçeçiladze Gürcüstanın varlı adamlarındandır
Yanukoviç dövlət başçısı seçildikdən sonra Ukraynada prezident səlahiyyətləri artırılsa da, hakimiyyətin hazırki müxalifəti sıradan çıxarması kimi planları olsa belə onu reallaşdırmaq çətindir. Çünki müxalifət və onun arxasındakı qüvvələr güclərini və imkanlarını qoruyurlar.

Gürcüstanda da oxşar durum hökm sürür. Nino Burcanadze parlamentin sədri vəzifəsindən istefa verərək müxalifətə keçdikdə onu «görəsən, hakimiyyət varidatımı əlimdən almaz ki» sualı narahat etmirdi. Burcanadzeni yalnız prezident Saakaşviliyə qarşı ideoloji mübarizənin konturların düşündürürdü. Atasından miras qalan taxıl biznesinin gəlirlərini keçmiş spikerin əlindən almadılar. Elə prezident seçkilərində Saakaşvilinin müxalifətdən olan əsas rəqibi, dövlət başçısının bu gün də əsas tənqidçilərindən sayılan Levan Qaçeçiladze də Gürcüstanın varlı adamlarındandır. Onun böyük mülkü, üzüm sahələri, şərab zavodu var ki, buradan əldə etdiyi gəlir hesabına başçısı olduğu hərəkatı maliyyələşdirə bilir.

RUSİYADA İMKANLI MÜXALİFƏTÇİLİYiN YOLU HƏBSXANADAN KEÇİR


Rusiyada isə qarışıqlıqdır. Prezident Dmitri Medvedevlə kəllə-kəlləyə gələn Moskva meri Yuri Lujkov istefaya göndərildikdən sonra şəhər təsərrüfatında kütləvi yoxlamalar və rüşvət ittihamıyla həbslər dalğası başlayıb.
Yuri Lujkov və Yelena Baturina
Lujkovun xanımı, Rusiyanın ən varlı xanımı Yelena Baturinanın tendersiz sifarişlər əldə etdiyi və tikinti sahəsində inhisarçı duruma gəldiyinə dair hər gün televiziya verilişləri yayımlanır. Maraqlıdır, Lujkov Kremlin siyasətinə şərik olarkən, onun bu gün rüşvət ittihamı ilə həbs olunan müavin və şöbə müdirlərinə toxunan, inhisarçı biznesmenə çevrilən xanımına dəyib dolaşan yox idi, elə ki, mer Medvedevin siyasətini tənqid etməyə başladı, başına gələn olmadı. Dünənə qədər Lujkovun Moskvadakı inşaat çalışmalarına göz yuman Kreml bu gün bütün bu işləri özbaşınalıq kimi dəyərləndirir, böyük heykəllərin paytaxtın simasını pozduğunu vurğulayır. Halbuki həmin nəhəng heykəllərin ərsəyə gəlməsinə Kreml özü xeyir-dua vermişdi. Yəni Lujkovun lehinə işləyən dünənki fəaliyyəti bu gün onun əleyhinə işləyir.

Lujkov istefadan sonra müxalifət hərəkatı yaradacağını bəyan edib. Ancaq Rusiyada kimsə onun siyasi arenada uğur qazanacağına inanmır. Çünki, Kreml varlı müxalifətçiyə fəaliyyət göstərməyə imkan verməz. Vaxtilə iş adamı Mixail Xodorkovskini də ona görə həbsxanaya yolladılar ki, o, pullarını müxalif ideyaya xərcləməyə başlamışdı. Və ya baş nazir Mixail Kasyanov istefa verib müxalifətə keçdikdən
Rəsul Quliyev bir ara fəal olsa da, bu gün ondan xəbər yoxdur
sonra əsas resursları əlindən alındı. Lujkov və xanımını da ağır günlər gözləyir.

AZƏRBAYCANDA QƏRARGAHSIZ VƏ PASPORTSUZ MÜXALİFƏT(ÇİLİK)


Azərbaycanda da hakimiyyətin keçmiş ortaqları Rəsul Quliyev və Lalə Şövkət Hacıyeva bir vaxtlar iqtidarın siyasəti ilə razılaşmayaraq fəal müxalifətçi olmaq istəyirdilər. Alınmadı. Rəsul Quliyev bir ara fəal olsa da, bu gün ondan xəbər yoxdur, kənara çəkilərək vətənindəki prosesləri ABŞ-dan izləməklə məşğuldur. Lalə Şövkət Hacıyevanın da fəaliyyət imkanları məhduddur. Hakimiyyətdə olduğu dövrdə tez-tez televiziya ekranlarında görünən Hacıyeva bu gün ancaq bir neçə müxalifət mətbuatında görünə bilər. Vaxtilə rəhbəri olduğu partiyasının qərargahı belə yoxdur. Hansısa biznesmenin Lalə Şövkə Hacıyeva və ya digər müxalifət nümayəndəsinə rəğbəti varsa belə, o bu rəğbəti daxilində yaşayır, dilinə gətirmədiyi, ancaq həmfikir olduğu siyasi cərəyana maliyyə dəstəyi saxlamağa risk etmir.

Azərbaycanda gerçək müxalifətdə olmaq iztirablı həyat deməkdir. Xarici pasportunu da əlindən ala bilərlər ki, ölkədən kənara çıxa bilməyəsən...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG