Keçid linkləri

Təcili xəbərlər

Xırda, xırdaçı adamlar


Həftənin əvvəlində “Kür” Vətəndaş Cəmiyyətinin Qərargahı yazda baş verən daşqınların vurduğu zərərin hesablanması ilə bağlı rəyini açıqladı.

Özlərini “qərargah” adlandıran bu qeheteçilər cəmi 5 rayonun 23 kəndində olub, bir neçə ay monitorinq keçirib və hər ailəyə dəyən fərdi zərərin dəqiq hesabını çıxarıblar. Bərəkallah! Öz hesablamaları, rəqəmləri ilə hamını boğaza yığıb, axırda bu kəndlərin bərpa edilməsi üçün 36 milyon manat lazım olduğunu bəyan ediblər. Cəmi-cümlətanı 36 milyon!

Bu nəmənədi ki? Xırdaçılıq deyil bu, bəs nədir?

DÖVLƏT QAYĞISI

Zərər 30 000 min evə dəyib, 140 000 min hektar əkin sahəsi batıb! Bunlar 23 kənddən danışır...

İndi bizim hökumətimizə bax – Dövlət Komissiyası fəlakətin nəticələrinin aradan qaldırılması üçün büdcədən 300 milyon pul ayırıb! Bax, buna deyərəm insanlara qayğı! Bax, budur dövlətçilik təfəkkürü, dövlət siyasəti! Özü də Dövlət Komissiyasının zərərin miqdarını necə hesabladığını bilmirik hələ, aydın deyil, amma ayrılan pullara bax! Ölkə rəhbərliyinin sadə kəndlilərə göstərdiyi səxavətə bax, gözünə su ver!

Düzdür, hansısa demaqoqlar, hüquq müdafiəçiləri, müxalifətin olan-qalanı, daha nə bilim nəçilər deyinir, dövlət yardımının qeyri-bərabər, ədalətsiz bölündüyünü, ödənilən təzminatların adekvat olmadığından gileylənirlər. Guya ki, icra başçılarının qohumlarına, yaxınlarına, icra nümayəndələrinin əzizlərinə zərər dəydi-dəymədi sanballı yardımlar verilib, amma evləri dağılan, əkin sahələri batan zərərçəkənlər var ki, onlara heç nə çatmayıb. Olan işdir, həyatdır. İş olan yerdə səhv də olar. Kordur onların gözü, millət üçün xərclənən bu boyda pulu, ortaya qoyulan dövlət miqyaslı işləri görmür...

NAŞÜKÜRLƏR


Dövlət büdcəsi Kür suyu deyil ki, tükənməsin? Ədalət və demokratiyanın da bir həddi var...
Elə şikayətçilər də var ki, mızıldayır – kompensasiya məbləğinin necə hesablandığını anlamadıq. Nədən asılıdır bu – ailə üzvlərinin sayından? Zərərin çoxluğundan? İcra başçısına yaxınlıq dərəcəsindən, yoxsa hansısa başqa amildən? Kəndlilər narazıdırlar, hətta deyənlər var ki, məmurlar kompensasiya verən zaman məbləğin dörddə birini, yarısını özlərinə saxlayırlar. Qudurğanlığa bax! Amma polis artıq şikayətçilərin başına ağıl qoyub, ağsaqqallarını isə hətta icra başçısı şəxsən özü, öz əli ilə döyüb. Əcəb eləyib, adam nankor, naşükür olmasın gərək! Nə verirlər, onu da götür, şükür elə! Dövlət büdcəsi Kür suyu deyil ki, tükənməsin? Ədalət və demokratiyanın da bir həddi var. Məmur da insandır, onun da balası var, o yemək istəmir?

DÖVLƏTÇİLİK İDEYASI

Bir də bu “Kür”qərargahından Oqtay Gülalıyev deyir ki, sel və daşqın yaranmasının bir səbəbi də sahil, bənd bərkitmə işlərinin yetərincə olmaması, Kürün deltasının vaxtında təmizlənməməsi, dərinləşdirilməməsidir. Halbuki, son 5 ildə su təsərrüfatının idarə olunması kimi işlərə 1 milyard manata qədər pul ayrılıb da, xərclənib də. Milyarda qədər! Düzdür, görülən işlərin qarşısinda milyard manat o qədər də böyük məbləğ deyil, amma yenə də, bu pul hara axdı-getdi? Bilinmir.

Amma nolsun? Qorxulu bir şey yox. Lazım gəlsə, dövlət yenə milyard ayırar. Lazım gəlsə, birin də, ikisin də. Neft gəlirləri ilə dünyada ən dinamik inkişaf edən dövlətimiz bununla kasıb düşməz ki? Dövlətçiliyin böyük ideyalarını, məqsədlərini anlamaq gərək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG