Keçid linkləri

Biri vardı, biri yoxdu, 3 yoldaş vardı. Bir gün onlar meşədə gəzərkən bir ayıya rast gəldilər. Ayını görüncə…

Ürəyinizi sıxmayın. Sizə ta dərs kitablarından tanış olan o məşhur ayı nağılını danışmayacağam. Əminəm ki, yaxşı xatırlayırsınız. Hətta bəzilərinizi bu nağıl darıxdırır da. Amma çox nahaq. Nağılla gerçəkliyin harda başlayıb, harda bitməsini hansımız proqnozlaşdıra bilirik ki? Nağıl var ki, həyat qədər realistikdir, həyat var ki, nağıl qədər yumoristik! Deyilmi? Elə isə, başladıq…

BİRİNCİ NAĞIL…

Bu əhvalat Türkiyədə baş verib. «Evet»-«hayır» referendumu günü. Səhər lap tezdən Ərzurumda adını unutduğum bir imam səsverməyə gedirmiş. Sizə onu da deyim ki, həmin bu imam sandıq görəvlisiymiş, yəni seçki komissiyasında təmsil olunubmuş. Odur ki, lap tezdən - göz görər-görməz durub yola çıxır…

YOL MEŞƏDƏN KEÇİRMİŞ…

Birdən meşədə yuxulu imamın qarşısına bir boz ayı çıxır. Yazıq imam nə qədər eləyir, canını ayıdan qurtara bilmir. Və ayıya təslim olur. Sandıq görəvlisinin cəmi 29 yaşı var imiş…

BU OLAY TÜRKİYƏDƏ REFERENDUMUN ÖZÜ QƏDƏR SƏS-KÜY DOĞURUR


Ölkə «hə»-«yox»u dəqiqləşdirəndən bir az sonra həmin bölgənin insanları boz ayıdan qisas almaq fikrinə düşürlər. Çevrə və Orman bakanlığına müraciət edirlər. Razılıq alırlar və silahlanıb həmin meşəyə yollanırlar.

QİSASÇILAR ŞOKA DÜŞÜRLƏR

Sən demə, meşədə nə az-nə çox, düz üç boz ayı yaşayırmış! İmamı parçalayan ayının hansı olduğunu aydınlaşdırmaq mümkünsüz olduğundan, qisasçılar əliboş geri dönməyə məcbur olurlar. Üstəlik, heyvan müdafiəçiləri bundan xəbər tutub səs-küy salırlar, bakanlığa hücum çəkirlər. Onsuz da əliboş dönən hirsli qisasçılar da qayıdırlar ki, biz bir şey yapmadıq, getsinlər ayının dostları ona sahib çıxsınlar…

İKİNCİ NAĞIL…

Bu əhvalat isə Kanadada baş verib. Böyük bir marketə kim-kim-kim… ayı girib. Marketin kameraları da ayını eninə-uzununa çəkib dünyaya göstərib. Ayı heç nə almadan marketdə bir xeyli dolaşıb. Alıcı az olduğu üçün elə bir panika da yaşanmayıb. Və sonra çıxıb gedib işinin-gücünün dalınca. Yəni meşəyə…

ÜÇÜNCÜ NAĞIL…

Bu əhvalat vaqe olub Azərbaycanda. Gözəlim məmləkətimizdə bu nağılı bilməyən yoxdur. Hətta bu yay mərkəzdən xeyli uzaq bir bölgədə də insanların ayı nağılını eşitdiyinin şahidi oldum.

Heç bilmirəm, danışım-danışmayım?

Hə, biri varmış-biri yoxmuş, mərkəzə yaxın səfalı rayonların birində mərkəzdə çox böyük mövqe sahibi olan bir məmurun oğlu yeyib-içirmiş. Birdən həmin oğlanın gözü restoranda bağlı saxlanan bir ayıya sataşır. Qoçaq onu yemək fikrinə düşür…

Danışım-danışmayım?

Məncə, gərək yoxdur. Bu ona bənzəyər ki, indi durub sizə «Cırtdan2 nağılını söyləyəm. Deyilmi? Üstəlik, bu danışdığımın nağıl, ya gerçək olub-olmadığını mən hardan bilə bilərəm? Odur ki, sözümü burda tamamlayıram. Bilməyənlər varsa, bilənlər bilməyənlərə danışsın.

GƏLİN, MƏKANI DƏYİŞƏK!


Dayan! Ağlıma bir fikir gəldi. Əcaba, bu üç nağılda məkan dəyişə bilərmi?

Məsələn, Kanadada bir gənc adam ayını yemək fikrinə düşə! Görəsən, nələr olar?

Ya bu əhvalat Türkiyədə baş verə? İnanmıram mümkün olsun. Ayı ovçularına günboyu o qədər tənələr vurdular ki, zavallılar ayının 3 olduğunu bəhanə edib geri döndülər. Hələ televiziyalar bu işə icazə verən nazirliyi hey sorğu-suala tuturdular.

Hə, yerdəyişməni davam etdirək. Tutaq ki, allah eləməmiş, noyabrdakı parlament seçkilərində bizim seçki məntəqələrindən birinin müdirini ayı yeyə. Görəsən, reaksiya necə olar? Tələsikdə onu bir başqasıyla əvəzləmək olarmı? Əvəzçi tapşırılan işin öhdəsindən layiqincə gələ bilərmi?

Və ya…bizim supermarketlərin birinə ayı girə. Lap ölkənin kasıb vətəndaşı kimi gəzə-gəzə, heç nə almayıb çıxa gedə, onu sakit buraxarlarmı?

Yaxud da, Kanadada seçki məntəqəsinin müdirini meşədə boz ayı yeyə? Nə baş verər? Üç ayı əhvalatı təkrarlanar, ya yox?!

Sizdən soruşuram...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG