Keçid linkləri

Oktyabrın 7-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatın pay bölgüsü (HPB) tipli növbəti neft-qaz müqaviləsini imzaladı. Bu dəfə söhbət Xəzərin Azərbaycan sektorunda dənizin dərin hissəsində yerləşən «Şəfəq» və «Asiman» strukturlarından gedir. Özü də SOCAR-ın tərəfdaşı qismində dünya neft tarixinə adını qalın hərflərlə (onun rənginin bizim üçün elə də dəxli yoxdur) yazmış British Petroleum (sadəcə BP) şirkəti çıxış edir. Bu müqavilə sayca SOCAR-ın xaricilərlə bağladığı 33-cü HPB müqaviləsidir.

İNGİLİSƏ «YAŞIL İŞIQ» YANDIRMAQ, YAXŞIDIR, YOXSA PİS?


Düzdür, indiyə qədər Milli neft şirkətimiz nə dənizdə, nə də qurudakı HPB-lərin hələ birində belə operator (yəni layihə rəhbəri) ola bilməyib. Çoxları elə buna görə də neft rəhbərliyini qınayırlar ki, xarici şirkətlərlə 16 illik birgə fəaliyyət nəticəsində lazımi təcrübə toplayı, heç olmasa, qurudakı müqavilələrin birindəcə operator funksiyasını öz üzərinə götürə bilmək hünəri əldə etməmişiksə, daha yeni müqavilələrin bağlanmasına nə ehtiyac var? Bir az gözləyin, nə vaxt özünüzdə dünya səviyyəli kadrlar, kifayət qədər maliyyə və inam hiss etsəniz, onda da başlayın indi əliniz çatmayan məhsuldar qatların işlənməsinə.

Ancaq bu, ilk baxışdan belədir. Hazırda dünyanın 72 ölkəsində neft və qaz hasilatı aparılır, ancaq onların heç yarısında neftin vertikal inteqrallaşdırılmış üsulla (kəşfiyyat – hasilat – nəqliyyat – emal - satış) istehsalı həyata keçirilmir. Məsələn, neftin emal sənayesindəki müasir texnologiyalarına dünyada cəmi 9 şirkətin imkanı var. Bu baxımdan da ildə 200 mln. tondan artıq neft hasil edən İran kimi neft ölkəsi bu günə qədər müasir emal sənayesinə malik deyil və cənub qonşumuz hər il $5 mlrd-dək vəsait xərcləyib ki, özünün yanacağa olan daxili tələbatını ödəyə bilsin. Digər bir misal, təbii qazın ehtiyatına görə dünyada yalnız Rusiyadan geri qalan İran özünün şimal bölgələrini mavi yanacağa olan tələbatını ödəmək üçün 1996-cı ildən Türkmənistandan qaz idxal edir (bu il həmin həcmlər 10 mlrd m3-a çatmalıdır) və hazırda artan tələbatını nəzərə alaraq Azərbaycandan da ildə 5 mlrd m3 yanacaq almaq niyyətindədir.
Azərbaycan bundan sonra isə istəsə də, istəməsə də onun Qərbdən özünü təcrid etmək siyasəti ola bilməz, çünki onun ixrac boruları (oxu - gəlir mənbəyi) Qərbə doğru yönəlib


ÖZGƏLƏRİN QAZDIQLARI QUYULAR


Bu baxımdan da ümidimizi «səviyyəyə» bağlasaq, bəlkə heç indi «Çıraq» yatağından da neft çıxartmırdıq (konsorsium orada hasilatı 1997-də başlayıb və indiyədək 70 mln tonadək neft çıxarıb, ümumilikdə isə «Azəri-Çıraq-Günəşli» blokundan cari ilin sentyabrınadək dünya bazarlarına 200 mln ton «qara qızıl» göndərilib). Qeyd edim ki, dənizdə, əsasən də onun dərin sulu hissəsində kəşfiyyat işləri aparmaq çox xərc tələb edir. Məsələn, HPB layihələri çərçivəsində indiyə qədər Xəzərin Azərbaycan sektorundakı kəşfiyyat işlərinə xarici şirkətlərin investisiyası $1,2 mlrd təşkil edib və bu zaman faktiki olaraq cəmi 1 məhsuldar yataq («Şah-dəniz») aşkarlanıb. Özü də bunların əsas hissəsi 1996-2004-cü illərə təsadüf edir. Hazırda isə servis qiymətləri dəfələrlə yüksəlib. Təsəvvür edin ki, Fransanın Total şirkətinin operatorluğu ilə həyata keçirilən «Abşeron» layihəsi çərçivəsində kəşfiyyat işlərinin büdcəsi $200 mln-dək yüksələ bilər. «Şəfəq» və «Asiman» strukturlarındakı işlərin də geoloji baxımdan mürəkkəb bir şəraitdə aparılacağını nəzərə alsaq, burada da xərclərin $150 mln-dan az olmayacağı proqnozlaşdırılır. HPB tipli sazişlərə görə isə, kəşfiyyat xərclərini SOCAR-ın xarici tərəfdaş(lar)ı tamamilə öz üzərlərinə götürür.

Məncə, burada məsələni «özgəsinə quyu qazdırmağın ziyanlı iqtisadiyyatı» kimi mülahizələrlə qəlizləşdirməkdən gedə bilməz, axı ehtimal edilən mənfəət neftinin yalnız 1/5-i quyu qazanın payına düşür. Digər tərəfdən, BP-nin Azərbaycanda qazdığı quyular öz məhsuldarlıqlarına görə dünya miqyasında ad çıxarıblar. Məsələn, cəmi 4 istismar quyusu hesabına 2009-cu ildə «Şah-dənizdən» 6,2 mlrd m3 təbii qaz hasil edilib (yəni 1 quyunun orta məhsuldarlığı 1,5 mlrd m3-dan artıq olub – bu həcmdə qazla Gürcüstan özünü 1 il təmin edir və ya Bolqarıstan kimi Avropa ölkəsinin illik qaza olan tələbatı cəmi 2,5 mlrd m3-dur). Başqa bir tərəfdən, «Azəri-Çıraq-Günəşli» blokundan bu il 42 mln tondan artıq neft hasil edilməsi planlaşdırılıb. Özü də cəmi 96 quyu hesabına. SOCAR-ın balansında isə az qala 6 minə yaxın istismar quyusu var, hansılar ki, ildə cəmi 7,3 mln ton neft verirlər.

Təbii, əgər BP-nin qazdıqları quyuların mənfəəti az olsaydı, onda indiyə qədər (daha döğrusu, cari ilin sonunadək) Azərbaycanın HPB sazişlərindən əldə etdiyi qazanc da (dövlət büdcəsinə verilən vergilər də nəzərə alınmaqla) $50 mlrd-ı ötməzdi.

AZƏRBAYCAN İSTƏSƏ DƏ, İSTƏMƏSƏ DƏ...


Qazaxıstanda son 3 ildə enerji sahəsində milliləşdirmə proqramına start verilib. Qərb şirkətlərinə qarşı hökumət səviyyəsində aparılan «yoxlamalar»ın ardı-arası səngimək bilmir. Onların fəaliyyəti müxtəlif yollarla məhdudlaşdırılır və əvvəllər imzalanmış müqavilələrin dəyişdirilməsinə cəhd edilir. Nəticədə ölkənin biznes imicinə böyük zərbə endirilib, daha bura investisiyalar üçün münbit ölkə sayılmır. Əvəzində Qazaxıstanda Çinin və Rusiyanın təsiri getdikcə artır və burada gündəlik hasil edilən 1,6 mln barel neftin 20%-dən artığı Çin şirkətlərinin payına düşür. Qazaxıstan artıq bəyan edib ki, onun əsas ixrac qaz kəməri Rusiyaya yönələcək və rəsmi Astana Transxəzər boru xətlərini «siyasi mif» hesab edir.

Azərbaycan bundan sonra isə istəsə də, istəməsə də onun Qərbdən özünü təcrid etmək siyasəti ola bilməz, çünki onun ixrac boruları (oxu - gəlir mənbəyi) Qərbə doğru yönəlib və burada diversifikasiya ilə mahiyyəti dəyişmək sadəcə mümkün deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG