Keçid linkləri

Bir–iki il bundan əvvəl hökumətin iqtisadi siyasətini bir qədər kəskin tənqid etdiyinə görə deputatı mandatından məhrum edən parlament bu il, deyəsən, cəsarət sahibi olduğunu sübut etməyə cəhd etdi – 40 deputatın çıxışından sonra büdcə layihəsini bir az da işlənilmək üçün geri qaytardı və buna görə hökumətə on gün vaxt verdi. İndi hökumət on gün ərzində «investisiya və sosial yönümlü», «müdafiə xarakterli» büdcəyə bəzi korrektlər etməlidir. Amma parlamentdə ancaq YAP-çı deputatların anladığı büdcəni hamı üçün anlaşıqlı və məqbul hala gətirmək mümkündürmü?

BÜDCƏ TƏSNİFATI PROBLEMİ HƏLƏ DƏ HƏLL OLUNMUR


Büdcə layihəsinin həcmi üçün təbii, konkret bir göstəriş yoxdur. Rusiyada büdcə layihəsi təxminən yetmiş – səksən səhifə olur. ABŞ-da isə büdcə layihəsinin həcmi o qədər böyük olur ki, onu xüsusi arabacıqlarla daşıyırlar. Azərbaycanın büdcə layihəsi hələ ki bir neçə qəzet səhifəsinə çox asanlıqla yerləşir. Layihənin böyüklüyü təkcə ölkənin böyüklüyündən və büdcənin həcmindən asılı olmur. Sənəd o vaxt böyük olur ki, onun hər bir maddəsi bütün detallarına qədər açıqlanır, yəni büdcə şəffaf olur. Azərbaycanda isə büdcənin çox yığcam olması məhz onun qeyri – şəffaflığı ilə bağlıdır. Hər şey ancaq xüsusi tələbdən sonra aydın olur. Elə – belədə isə «sairə xərclər» ifadəsindən istifadə edərək büdcə maddələrini qaranlıq saxlayırlar. Hansı xərclər qaranlıq qalır? Avtomobil yollarının təmiri üçün nəzərdə tutulan 270 milyon manat! Və yaxud prezidentin və büdcənin ehtiyat fondu üçün nəzərə alınan 360 milyon manat! Müdafiə xərcləri isə ümumiyyətlə açıqlanmır! Çox qəribədir. Yollar üçün bu qədər məbləğ niyə nəzərdə tutulmalıdır? Ya da ki, o, niyə «sairə xərclər» adı altında verilməlidir? Korrupsiya öz mənbəyini məhz belə qeyri – müəyyən xərclərdən götürmürmü? Məsələ elə bundadır.

BİR AZ DA BÜDCƏNİN TƏYİNATLARI HAQDA


Bu ölkədə büdcəni ilk növbədə sosial yönümlü büdcə kimi təqdim etməyi sevirlər. Bu özünü nə də büruzə verir? Ölkədə guya «ünvanlı sosial siyasət» həyata keçirilir. Amma hökumətin özünün açıqlamaları və hüquq – mühafizə orqanlarının təhqiqatları göstərir ki, ehtiyacı olan insanlar üçün nəzərdə tutulan sosial müavinətlərin böyük hissəsini məmurlar mənimsəyir. Hətta çoxuşaqlı ailələr bəzən sosial müavinət ala bilmirlər. Doğrudanmı 11 uşaq olan ailənin sosial müavinətə ehtiyacı olduğunu sübut etmək üçün xüsusi arayışlara ehtiyac var? Və yaxud maaşlar 10 manat artırılır, amma bazar da dərhal elə tənzimlənir ki, qiymətlərin artımı maaşların artımını bir neçə dəfə üstələyir. Çox təəssüf ki, deputatlar da ancaq büdcədəki bəzi ədədlərə münasibət bildirir, iqtisadiyyatın xüsusiyyətlərinə – böyük inhisarçılığa və korrupsiyaya toxunmurlar. Bunun üçün hökumətin iqtisadi siyasəti ilə bağlı ayrıca dinləmələr keçirilməlidir. Belə səlahiyyəti və imkanı isə parlamentə heç kim vermir. İnvestisiyalara gəldikdə isə bu ölkədə evlərin fasadını ağartmağı, fəvvarələr, «musiqili alovlar» quraşdırmağı investisiya layihəsi hesab edirlər. Bir neçə körpü, bir – iki keçid və bir də ki «ən uca bayraq meydanı»ndan başqa heç nə yoxdur. Amma belə xırda işlərə nə qədər xərc sərf olunub?

15 MİLYON MANATA İMİC QAZANMAQ OLARMI?


Büdcədə xarici siyasət üçün nəzərdə tutulan 100 milyon manatın 15 milyon manatı «Azərbaycanın beynəlxalq imicinin artırılması»na sərf ediləcək. Bu, ən absurd maddələrdən biridir. Ona görə ki, gərək ilk növbədə dövlətin imicini korlamayasan ki, sonradan onun dəyişdirilməsi üçün milyonlar sərf etmək lazım gəlməsin. Bunu diplomatlara «Olmasın beynəlxalq təşkilatlar! Onlarsız Azərbaycan yaşaya bilməyəcəkmi?!» kimi «tövsiyələr» verəndə, jurnalistləri həbsə atanda, müxalifəti və medianı sıxışdıranda, beynəlxalq təşkilatların iradlarını nəzərə almayanda, Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməyəndə düşünmək lazım idi. Onda 15 milyon manat üçün daha vacib təyinat tapmaq olardı...

Şərhləri göstər

XS
SM
MD
LG