Keçid linkləri

Düz cızığa düzülmüş determinizm

Bizim camaatın sevdiyi «toyuq/yumurta» paradoksu çevrənin düz cızığa tərs gəlməsindən paradoksa çevrilir. Determinizm, yəni səbəb/nəticə (nədən/sonuc) ilişgisi düz cızığa düzüləndə aydın olur: filankəsin ailə tərbiyəsi onu ikiüzlü edib. Bu ailə tərbiyəsinin belə olması isə kənddə (bölgədə) ikiüzlülüyün pul, vəzifə gətirən olmasından nədənlənib (yəni «nədəndir?» sorusuna cavab verib). Beləcə, bir pisi o birisindən çıxara-çıxara gedib İblisin ilk qiyamına çıxmaq olar. Əş-Şəhristani elə belə də edir. Bidətlər tarixindən danışanda tarixi düz cızıq kimi çəkərək onun üstünə səbəb-nəticə əvəzlənmələrini düzür və gedib çıxır İblisə.

Adamlar yaramazlığın başlanğıcını öz içlərinə qoymağı sevmirlər. Ona görə də hər yaramazlığı düz cızıqda nədən/sonuc zəncinə düzüb yaramazlığın nədən gəlməsini içlərindən qırağa atırlar. Ona görə də rüşvətxor vergi işçisi bu pisin nədənini düz cızıq trayektoriyası ilə özündən bir vəzifə (şöbə müdirinəcən) yuxarı atır, şöbə müdiri daha yuxarı atır və belə-belə pislik gedib «buludlaracan» çıxır.

Toyuq və yumurta fırlantısı

«Toyuq/yumurta» məsələsində isə başlanğıcın haradan, kimdən başlamasını tapmamaqdan paradoks yaranır. Oxşar olaraq çevrədə də hər hansı nöqtəni çevrənin mütləq başlanğıcı saymaq olmur.

Suçu özündən qırağa atmaq istəyənlərə hər iki «həndəsə», - çevrə də, cızıq da əl tutur. Çevrə günahın başlanğıc nöqtəsini tapmayıb hamını eyni dərəcədə günahkar, elə ona görə də günahsız etməkdə, düz cızıq isə suçu səbəb/nəticə zəncirində özündən qırağa atıb başqalarını başlanğıc etməkdə əl tutur.

Bəhanəmiz

İndi bu həndəsələrdən çıxış edib Azərbaycana diaqnoz qoysaq, deyə bilərik ki, bu məmləkətin camaatı hər iki həndəsədən yalnız məsuliyyəti, sorumu boyunlarından atmaq üçün istifadə edir. Çağdaş Azərbaycan bicliyi «toyuq/yumurta» məsələsi ilə pisə görə suçu üstündən atmaqdır.

Ona görə də heç birimiz, heç kim dərin peşmançılıq keçirmir. Heç kim pisdə iştirakına görə yanıb-yaxılmır. Siyasətçilərdən heç kimdə peşmançılıq görünmür ki, niyə filan oyuna girdim, niyə tərəfində durmadım, niyə xəyanət etdim, niyə elə müsahibə verdim. Bu yazını yazan da keçmişinə baxanda görür ki, özü də suçlana bilər.

Bəs başqa cür necə yaşamaq, necə etmək olar? Suçların, pislərin, yamanları uzanan zəncirinin hansı nöqtəsinəsə ayağını qoyub demək olar: burada suçlar, pisliklər xətti məndən (bizdən) başlayır. Söhbət əsl suçlunu tapmaqdan getmir. Söhbət suçlar zəncirində iştirakını boynuna almaqdan və həmin zəncirin filan nöqtəsinə ayağı qoyub keçid, ötürücü olmamaqdan gedir. Mən ömrümdə belə adamlar görmüşəm, ancaq çox yox. Ona görə də söyləyə bilərəm ki, biz azərilərin günah duyğusu çox zəifdir. Hətta «insafla desək…» cümlə modeli ki, bizlərə boynuna almaq üçün qrammatik qəlib verib, o da çox işlənmir.

Bu fonda söyləməliyəm ki, görükdürdüyüm «həndəsələri» dağıdan tarixi olaylar və tarixi ərənlər olur. Onlar ayaqlarını bir nöqtəyə qoyub deyirlər: pislik burdan o yana məndən keçməyəcək, çünki mən ötürücü olmayacağam və ya burdan o yana yamanla savaş məndən başlayacaq.

Ərənlər var ki, dünyanı dəyişdirməkdə haradan başlamaq sorusunu yayındıran «toyuq/yumurta» məsələsinə qalın cızıq çəkir və deyir ki, bu nöqtədən yaxşıları başlayacağıq.

Məni indi inqilabları beləcə başlayıb suça batanlar düşündürmür. Mən bu düşüncələrimi bölüşdüm ki, biz günahlarımızın gözəgörünməz «həndəsəsini» bilək və özümüzü bilmək, özümüzü düzəltmək məsələsinə bu həndəsəni də qataq.

Şərhləri göstər

XS
SM
MD
LG