Keçid linkləri

Havalar soyumağa başlayıb. Ona görə də əhalini hazırda düşündürən ən vacib problem – payız-qış mövsümündə öz ocaqlarının necə qızdırılmasıdır (deputatlığa namizədlər, təəssüf ki, 4 dəqiqəlik pulsuz efir vaxtında imkan tapıb bu mövzunu işıqlandıra bilmirlər). İş ondadır ki, son illər Azərbaycanda qaz hasilatının nəzərə çarpacaq dərəcədə artmasına baxmayaraq vətəndaşlarımızın hələ də böyük bir qismi üçün istilik və ya sadəcə normal qızınmaq problem olaraq qalmaqdadır. Axı təbii qazın olması belə, «Odlar diyarı» vətəndaşlarının canlarının qızması demək deyildir. Niyə? Ona görə ki, mətbəxdəki qaz plitəsi ilə Bakının əksəriyyətini təşkil edən panel binalardakı mənzilləri qızdırmaq problemdir (paytaxtın mərkəzləşdirilmiş istilik sistemi iflic vəziyyətdədir). Yeni tikilən daş və kərpic binaların isə az qala yarısına mavi yanacaq verilmir, çünki həmin binaların bəzisində 5-6 il yaşayış olmasına baxmayaraq, hələ də aidiyyatı orqanlar onları tikənlərdən binaların dövlət standartları çərçivəsində təhvil verilməsini tələb etmirlər (maraqlıdır, görəsən niyə?). Nəticədə insanlar «öz boğazlarından kəsib» ayda 100-200 manat işıq pulu ödəməyə məcbur qalırlar ki, təki bir təhər mövsümü başa vursunlar.

Təzə tikililərdə yenicə qazı gələnlərin də sevinci də çox sürmür. Ona görə ki, individual qızdırıcı sistem sayılan «Kombi»nin alınması və quraşdırılması 2000 (italyan sistemləri isə hətta 3000 manatı belə aşır) manatdan az deyil. Qazdan qızdırıcı kimi istifadə də ayda 35-40 manat vəsait tələb edir. Mərkəzləşdirici qızdırıcı sistemi olan yeni tikililərdə isə 2 otaqlı mənzil üçün 40-45 manat, 3 otaqlı üçün 55-60 manat, 4 otaqlı üçün isə 70 manatdan çox aylıq haqq ödəmək lazım gəlir.

Ən acınacaqlı vəziyyət isə Azərbaycanda fərdi təsərrüfata və ya həyət evinə qaz çəkdirməkdir. Bunu rəsmi və qeyri-rəsmi qiymətini, müddətini yəqin ki, oxucular özləri yazsalar, yaxşı olar. Ümumiyyətlə, xaricdə bir cənub ölkəsinin təmsilçisi kimi tanınan Azərbaycan vətəndaşının qış mövsümündəki həyatı əslində «min bir əziyyət»dən başqa bir şey deyildir. Təbii ki, hamını bu kateqoriyaya aid etmək fikrim yoxdur, ancaq 9 milyonluq əhalinin içərisində pullu olmaq belə bu kimi problemlərdən qurtulmaq demək deyildir.
Elektoenergetika sahəsinə dövlətin son 6 ildə xərclədiyi vəsaitlərin həcmi $3 mlrd-a yaxındır. Ancaq nə olsun ki... Yəqin heç kəsin yadından çıxmayıb: 2010-cu ilin yanvarın sonu və fevralın əvvəllərində Bakı və Abşeron sakinləri, o cümlədən də qar düşmüş bölgələrin əhalisi əsil enerji böhranı yaşadı


Bir şeyi də diqqətinizə çatdırım ki, Bakıda tikilən binaların faktiki olaraq heç biri Avropada mövcud olan istiliksaxlama və səskeçirməmə standartlarına cavab vermir. Özü də bu zaman heç bir əhəmiyyəti yoxdur: aldığınız mənzilin 1 kv. metrinin qiyməti neçəyədir – 500 manata, yoxsa 2000 manata. Ona görə ki, Azərbaycanda pullular üçün hələ ki, mənzilin yerləşdiyi ünvan daha vacib element sayılır.
Digər tərəfdən, Azərbaycanda hələ indiyə qədər hansısa dövlət qurumunun mətbuat vasitəsi ilə mənzillərdə istiliyin saxlanmasının yolları mövzusunda çıxışını seyr etmisinizmi? Axı nəyə gərəkdir? Onsuz da dövlət qurumları kommunal xərcləri ya vaxtında ödəmir, ya da ümumiyyətlə ödəmirlər (yəqin Prezident sərəncamları ilə borcların silinməsi zamanı dərc edilən borc siyahıları çoxlarının yadındadır).

MEQAVƏSAİTLƏR XƏRCLƏYƏN «AZƏRENERJİ»


Bir tərəfdən də «Azərenerji» adlı monopolist demək olar ki, hər il yeni bir elektrik stansiyasının ya açılışını edir, ya da təməl daşını qoyur və dövlət başçısına raport verir ki, onların məqsədi Azərbaycanın enerji balansını yaxın 5 ildə 9000 meqavata çatdırmaqdır. Yəni hazırkı səviyyədən 40% daha çox. Ancaq reallıqda Azərbaycanın qışın oğlaq çağında, ən pis hava şəraitində enerjiyə olan tələbatı 4500 meqavatı keçməyib. Düzdür, «Azərenerji» bunu dilə gətirəndə onu da vurğulayır ki, əlavə meqavatlar Azərbaycanı möhtəşəm elektrik enerjisi ixracatçısına çevirə bilər. Ancaq bu sadəcə ictimaiyyətin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Ona görə ki, Azərbaycanın qonşuluğundakı bütün ölkələr elektrik enerjisi ilə özünü təmin edir və yaxın 2-3 ildə onun ixracatçısı olmaq yönümündə real işlər görürlər. Rusiyaya elektrik enerjisi ixrac etmək dəryada balıq sövdasına düşmək kimi bir şeydir. Hazırda Azərbaycan «elektrik mübadiləsi» tipli müqavilə ilə Rusiyaya qeyri-pik vaxtlarında az miqdarda elektrik enerjisi verir. Sizcə, bunun qiyməti neçə olsa yaxşıdır? Ən yaxşı halda 1 kVt\saat-ı 2-2,5 sentə. İndi isə özünüz müqayisə edin, hər kVt\saat-a nə qədər ödəyirsiniz? 6 qəpik və ya 7,2 sent. Yəni bu minvalla «al-ver» etmək olmaz. Gürcüstan Azərbaycandan fərqli olaraq, özünün enerjiyə olan tələbatının 80%-ni hidroelektrik stansiyalar (HES) hesabına ödəyir (Azərbaycanda hidroenergetikanın xüsusi çəkisi 11-12%-dir). HES-lərdə isə elektrik enerjisinin maya dəyəri qazla və mazutla işləyən istilik elektrik stansiyalardan çox ucuzdur. Bundan əlavə, Gürcüstan bu növ enerjini inkişaf etdirməklə Türkiyəyə ixraca hazırlaşır. Oktyabrın 15-də Ermənistan və İran müqavilə imzalayaraq Mehridə Araz çayı üzərində hər biri 130 MVt olan 2 HES tikməyə qərar veriblər. Bu işlərə rəsmi Tehran $650 mln-dan çox vəsait ayırmağa qərar verib. 42 aya başa çatması planlaşdırılan bu layihənin əsas məqsədi İranın şimal bölgələrinin elektrik enerjisinə olan tələbatının «pik» vaxtlarında ödənməsinə yönəlib. Bundan əlavə İran Ermənistana satdığı hər 1000 m3 qaza görə Ermənistandan 3000 kVt\saat elektrik enerjisi alacaq. Tərslikdən Xəzərin o biri tayında da elektrik enerjisinə möhtac olan ölkə yoxdur, bəlkə gündəmə Transxəzər elektrik magistralı layihəsi gətirəydilər məmurlarımız.

ÜMİD MÜLAYİM QIŞADIR...


Bəs onda «Azərenerjinin» meqa layihələrinin əhəmiyyəti nədir? Təbii, heç bir ehtiyac duyulmadığı halda külli miqdarda dövlət investisiyalarından faydalanmaq. Onu da qeyd edim ki, hazırda dövlət zəmanəti ilə xaricdən alınan kreditlərin miqdarına görə «Azərenerji» ölkəmizdə liderlər qurumuna daxildir. Ümumiyyətlə isə elektoenergetika sahəsinə dövlətin son 6 ildə xərclədiyi vəsaitlərin həcmi $3 mlrd-a yaxındır. Ancaq nə olsun ki... Yəqin heç kəsin yadından çıxmayıb: 2010-cu ilin yanvarın sonu və fevralın əvvəllərində Bakı və Abşeron sakinləri, o cümlədən də qar düşmüş bölgələrin əhalisi əsil enerji böhranı yaşadı.

Ona görə mən özüm də çətinlik çəkirəm hansısa proqnoz verim: bu qışı (meteoroloqlar sərt qışdan xəbər verirlər) neçə keçirəcəyik. Ancaq ağlıma bir fikir gəlib ki, əgər əvvəlki problemləri yaşamalı olsam, bəlkə, Artur Rasi-zadə hökumətinə müraciət edim və bir Azərbaycan vətəndaşı (abonent) olaraq özümün dayanıqlı enerji təminatının individual ödənilməsi üçün dövlət investisiya xərclərindən payımı istəyim. Həmin vəsaitə qonşu Türkiyədən cəmi 400 avroya günəş işığı ilə mini-qızdırıcı sistem (Bakıda onları 1500-2000 manata təklif edirlər), portativ külək-elektrik qurğusu (artıq ABŞ-da eyvanlarda quraşdırılan 1 kVt-lıq qurğuları satışa çıxarıblar) və gündüz vaxtı linzalı silindrlərin köməyi ilə nisbətən qaranlıq otaqların işıqlandırılması kimi alternativ enerji avadanlıqları gətirmək mümkündür (təbii ki, Gömrükdə problemlərim çıxmasa). Ən gülməlisi isə budur ki, Azərbaycanda Alternativ Enerji Dövlət Agentliyi var, ancaq onun varlığı ancaq konfranslarda duyulur, özü də ancaq ölkənin potensialından danışılanda.

Şərhləri göstər

XS
SM
MD
LG