Keçid linkləri

Hətta dördə dəqiqəlik seçki çıxışları da adamlara qeyri – adi görünür, çünki onlar çoxdandır tele-efirdə müxalif çıxışlar və sifətlər görmür, tənqidi fikirlər eşitmirdilər. Sonra da deyirlər ki, adamların seçkiyə marağı yoxdur. Əslində bu, seçicilərin ovqatından daha çox İlham Əliyevin arzularından biridir, ona görə ki, o, tez –tez «bizim insanlar siyasi deyillər» - deyə təkrarlamağı sevir. Çox maraqlıdır: doğrudanmı, insanlar siyasi deyil? Doğrudanmı, insanları heç nə maraqlandırmır? İşıq yayılmaq üçün ən qısa yolu seçir. İnsanlar da belədir, özlərini və səylərini ən səmərəli istiqamətə yönəltmək istəyirlər, bu, insanın təbiətidir. Azərbaycan insanı təxminən iyirmi illik seçki təcrübəsinə malikdir. Bir fərd üçün bu, o qədər də az müddət deyil. Onlar heç olmasa bir dəfə seçki fəallığının müsbət nəticə verdiyini görsəydilər seçkiyə maraq qat – qat böyük olardı. YAP funksioneri ərz edir ki, bu, seçkilərdə kimin qalib gəlməsinin bizim üçün əhəmiyyəti yoxdur. İcra strukturunun nümayəndəsi kimi onun bu fikri zahirən məntiqli görünür. Amma həqiqətdə belədirmi? Bir misal bunun tamamilə belə olmadığını iddia etməyə əsas verir. YAP üçün kimin seçkidə qalib gəlməsi maraqlı deyildisə niyə görə digər siyasi bloklar qeydə alınmadı? Niyə görə ötən parlament seçkisində faktiki olaraq qalib gəlmiş insanlar bu seçkidə 450 imzanı toplaya bilmədilər? Niyə görə bəzi namizədlər ixtiyarlarında olan dörd dəqiqənin hamısını müxalifət liderinin «ifşası»na həsr edir? Doğrudanmı, deməyə, danışmağa başqa söz yoxdur?

ON YEDDİ İL DÖRD DƏQİQƏNİN PRİZMASINDA

Zamanın nisbiliyi adamlarda o qədər qeyri –adi təəssürat yaradıb ki, hamı bununla bağlı öz interpretasiyasını təklif edib. Onlardan biri də Bernard Şou olub. Onun fikrincə, sobanın üstündə oturarkən bir saniyə sizə əbədiyyət kimi, sevimli qadınla olarkən isə əbədiyyət sizə bir an kimi görünür. Müxalif düşüncəli adama hakimiyyəti tərifləmək üçün dörd dəqiqə versəniz bu, ona əbədiyyət kimi görünəcək, əksinə hakimiyyəti tənqid etmək üçün bir saat versəniz bu halda saat ona bir an kimi gələcək. İndi hər şey dörd dəqiqənin çərçivəsinə salınıb – tənqid də, tərif də. YAP-çı namizədlərin işi çətin deyil, çünki onların vəzifəsi dörd dəqiqə ərzində «prezidentin uğurlu daxili və xarici siyasəti» haqda danışmaq, təriflər söyləməkdir. Müxalifətçilər isə çaşıb qalıblar. Onlar vəd verə bilmirlər, çünki həmkarlarının təcrübəsindən bilirlər ki, bu ölkədə deputat heç nəyi həll etmir, o, heç nəyə təsir edə bilmir. On yeddi ildə hakimiyyətin gördüyü ziyanlı işlərdən isə dörd dəqiqə ərzində danışmaq müşkül məsələdir. Bəlkə on yeddi il ərzində hakimiyyətin nələri edə bilməməsindən danışmaq daha uğurlu və məntiqli olardı? Onlar nəyi dəyişə bilmədilər? Mətbuatı tamam sıradan çıxara bilmədilər, adda – budda qəzetlər qalıb. Siyasi partiyaların hamısının qeydiyyatını ləğv edərək tək bir partiya saxlaya bilmədilər. Hamını «ümummilli yalan»a cəlb edə bilmədilər, doğrular, qorxmayanlar, hələ də nəyisə sormaq iqtidarında olanlar hələ də var bu ölkədə. Daha qalan bir şey yoxdur – azadlıqlar arzularda, hüquqlar isə kağız üzərində yaşayır. Belə bir deyim var: hər şeyi itirəndən sonra insanın mədəniyyəti qalır. Bu ölkədə qanun, hüquq yoxdur, bəs mədəniyyət necə oldu? Bəzən bizə elə gəlir ki, qanunlar və hüquqlar havadan götürülür. Əslində isə belə deyil, mədəniyyət və bir də çoxillik münasibətlər, qaydalar qanunların əsasını təşkil edir. Əvvəlcə mədəniyyət, daha sonra beynəlxalq sənədlər, konvensiyalar – inkişaf zənciri budur.

KİÇİK SÖZARDI


Əslində bu dörd dəqiqə də insanlara azadlıq üçün verilməyib, əks təqdirdə aparıcı jurnalistin səsi bu qədər zabitəli və hökmlü görünməzdi. Ölkədəki seçki dekorasiyasının kiçik bir detalı və elementi – dörd dəqiqənin siyasi missiyası budur. Sabah deyəcəklər ki, bütün namizədlərə pulsuz efir vaxtı verdik. Bəs siz nə düşünürdünüz? Elə bilirdiniz dörd dəqiqə sizə azadlıq üçün verilib?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG