Keçid linkləri

«National İnterest» dərgisi Barak Obama ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında ötən ay Nyu-Yorkda baş tutan görüşü barədə məqalə dərc edib. Məqalə müəllifləri Samuel Çarap və Aleksandros Petersen bu görüşü ABŞ-ın Avrasiyada təsir imkanlarının öləziməsi əlaməti kimi dəyərləndirib.

Müəlliflər «Necə olub ki, biz belə ağlamalı vəziyyətə düşmüşük – kiçicik bir ölkənin avtoritar lideri ABŞ prezidentini birgə fotosessiyada iştiraka məcbur edə bilir?» sualını qabardır, həmçinin vəziyyəti təhlil edir və tövsiyələr verirlər. Onlar Amerika administrasiyanı ardıcıl olmamaqda, düşünülmüş siyasət yeritməməkdə qınayır və düzü, bir çox məqamlarda haqlıdırlar.

ETİRAZ DOĞURAN FOTOSESSİYA


Amma Barak Obama ilə İlham Əliyev arasında görüşü belə dramatik mənalandırmağa dəyməz. Xüsusən də ABŞ-Azərbaycan əlaqələrinin ən önəmli məqamı, demokratiya ideallarına xəyanət və Amerikanın özünün maraqlarına zidd siyasət kimi qələmə verməyə. Bunu üzümü bütün dünya demokratlarına tutub deyirəm, o cümlədən də elə Azərbaycan müxalifətinə.

Amma İlham Əliyevin tərəfdarları da «fotosessiya» zamanı Obamanın hollivudsayağı təbəssümünə çox da sevinməsin. Məgər ABŞ prezidenti başqa diplomatik görüşlərdə ağzını daha geniş açıb gülümsəmir? Gülümsəyir, gülür, özü də ağappaq, sapsağlam dişləri yaxşı görünür.

Bir halda ki, Obama «kiçicik ölkənin avtoritar prezidenti» ilə görüşə razılıq verib, gülümsəməlidir. Diplomatiya, nəzakət deyilən şeylər var. Azərbaycanda demokratiyanın, insan haqları və azadlıqlarının sistemli boğulmasına görə Obama Əliyevlə görüşəndə üzünü turşutmayacaqdı ki? Bunu gözləmək sadəlövhlük olardı.

BÖYÜK QƏLƏBƏ YOXSA SİYASƏT


Burada Azərbaycan prezidentinin xüsusi uğuru, ya qələbəsi nədir axı? Barak Obamanın İlham Əliyevlə görüşə razılıq verməsini, əl tutub görüşməsinin özünü böyük qələbə və uğur saymırıqsa. Əlbəttə, belə sayanlar var - rəsmi Bakının öz kütləvi informasiya vasitələrində bu görüşü Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin böyük qələbəsi kimi təqdim edir. Etsin, amma bu daxili auditoriyaya hesablanan və sırınan təbliğat-təşviqatdan başqa bir şey deyil.

Bəli, Obama uzun müddət Azərbaycan prezidentini rəsmən qəbul etmirdi, amma axırda nəhayət buna razılaşdı. Nolsun ki?

MƏLUM HƏQİQƏT


Azərbaycanın bu gün ABŞ-a lazım olduğu məlumdur. Əfqanıstana və İrana gedən yolda bir keçid məntəqəsi, tramplin olan Azərbaycana ehtiyac azalan, bitən gün, neftə və qaza tələbat azalan gün Əliyevə yerini göstərəcəklər. Vəssalam. Böyük qələbə elə bu idi?!

Azərbaycanda demokratiya məsələsinin ən azı ikinci-üçüncü plana keçirildiyini, əslində isə ABŞ və Avropa Şurasının demokratiyanı enerji, təhlükəsizlik maraqlarına qurban verdiklərini ölkəmizdə hər kəs bilir.

ABŞ öz ideologiyasını əməkdaşlıq etdiyi bütün ölkələrə təlqin etməyə əsla borclu deyil - belə siyasətlə dünyanın əksər dövlətləri ilə münasibətləri korlamaq olar. Üstəlik getdikcə artan-böyüyən Çin amili də var... Siyasətçilər, o cümlədən Amerika administrasiyasının yüksək rütbəli nümayəndələri uca tribunalardan çox şey deyə bilər. Demək və eləmək – tamam başqa-başqa şeylərdir. Bəlkə onlar özlərini olduğundan daha imkanlı, Amerikanı isə daha qüdrətli təsəvvür edirlər? Siyasət mümkün olanın sənətidir – bu çoxdan məlum həqiqətdir.

PÖHRƏLƏR VƏ FİDANLAR


Amerika Azərbaycanda demokratiyaya kömək edə bilmirsə, heç olmasa yerli demokratların özlərinə, demokratik təfəkkürün daşıyıcılarına, onların xilasına kömək eləsin. Qoy heç olmasa söz və mətbuat azadlığı, demokratik təfəkkür pöhrələrinin qorunmasına yardım göstərsin! Qoy demokratiyanın kiçik və solğun fidanları sağ qalsın ki, bəlkə sabah böyüyə...

Sovet totalitarizminin caynağından hələ tam qurtulmayan kiçik ölkə böyük neft gəlirlərinin pozucu, dağıdıcı təsirinə məruz qalanda belə bir köməyə böyük ehtiyac var. Neft gəlirləri elə böyük və pozucudur ki, hətta bir çox Amerika və Avropa siyasətçiləri onların qarşısında duruş gətirə bilməyib. Əsl seçki nə olduğunu bilməyən kiçik postsovet ölkə adamlarını demokratiya qura bilmədiklərinə görə qınamaq olarmı?

SSRİ ÜÇÜN TƏHLÜKƏLİ


Azərbaycandakı situasiyanı dərk etmək üçün sovet repressiyalarının təsirini də nəzərə almaq lazımdır. Əhalisinin əksəriyyəti türk və müsəlman olan Azərbaycan Sovet Sosialist Respublikasında həmin repressiyalar daha ağır izlər buraxıb.

Bilmək lazımdır ki, azərbaycanlıların çoxu «dəmir pərdə»dən kənarda yerləşən İranda yaşayıb, qonşu dili bir, dini bir Türkiyəyə doğma gözlə baxıb. SSRİ-nin kommunist rəhbərliyi bu amilləri xüsusi təhlükə mənbəyi hesab edib, bu üzdən də yerli ziyalıları sıradan çıxarmaq, kor etmək üçün fiziki repressiyalarla yanaşı qəddar mədəni repressiyalar da aparıb. Adı bir, əlifbası iki, dilinin qrammatikası üç dəfə zorla dəyişdirilən, bir əsrdə üzü süd kimi dörd dəfə yığılan kiçik millətdən daha nə gözləmək olar? Durumun ağırlığını anlamaq üçün bu amillər nəzərə alınmalıdır.

SƏMİMİ HÖRMƏT


Azərbaycan rəhbərindən fərqli olaraq, qonşu Gürcüstanın prezidenti Mixeil Saakaşviliyə ABŞ-da səmimi hörmət var. Buraxdığı səhvlərə baxmayaraq, ona real dəstək verirlər, o cümlədən Azərbaycan neftinin tranziti hesabına. Bu, başadüşüləndir. Gürcü lideri öz düşüncə tərzi, davranışı baxımından, ümumiyyətlə şəxsiyyət olaraq Amerika və Avropa siyasətçilərinə uyğun və yaxındır.

Bu cür aydın həqiqətləri növbəti dəfə inkar etməyin, buna vaxt və enerji sərf etməyin nə mənası? Hər şeyin öz vaxtı-vədəsi var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG