Keçid linkləri

Nüfuzlu «Foreign Affairs» jurnalında Əfqanıstanın iç siyasətinə dair təhlili material oxuyurdum. Maraqlı idi, müəllif bütövlükdə Əfqanıstandakı siyasi dinamikanı qəbilələrarası münasibətlərin təhlili ilə başlayıb, onunla da bitirirdi. Yazar Amerikalı idi və gözəl bilirdi ki, Amerikada siyasi dinamika qəbul olunan qanunların və həmin qanunların yönləndirdiyi ictimai-siyasi kursun ətrafında gedir. Amma müəllif, təbii ki, onu da bilirdi ki, Əfqanıstan Amerika deyil. Düzdür. Amma axı Əfqanıstanın da parlamenti var, prezidenti var və bu ölkə müntəzəm seçkilər keçirir. Zahirən bu ölkədə də idarəetmə prosesi qəbul olunan qanunlar və həmin sənədlərin müəyyənləşdirdiyi dövlət siyasəti nəticəsində formalaşdırılır, lap Amerikada olduğu kimi. Bəs fərq nədədir?

KONTİNENTAL AVROPA HÜQUQ SİSTEMİ


İkinci bir epizodu mənə Azərbaycandan gələn hüquqşünaslar heyəti üçün Amerikada tərcüməçilik etmiş bir tanışım danışıb. ABŞ-ın məhkəmə hakimlərindən biri azərbaycanlı hüquqşünaslara ABŞ-ın hüquq sistemi haqqında danışarkən Azərbaycan nümayəndə heyətindəki hakimlərdən biri amerikalının sözünü kəsib deyibmiş ki, bizdəki Kontinental Avropa hüquq sistemidir. Bu sözü qürurla deyibmiş və elə Azərbaycan nümayəndə heyətinin də gülüşünə səbəb olubmuş. Mənə danışanda, mən də güldüm.

AMMA BU BƏYANATI GÜLMƏLİ EDƏN NƏ İDİ?


Azərbaycandakı Kontinental Avropa hüquq sisteminin Əfqanıstandakı hüquqi-siyasi prosesdən daha təkmil olduğunu deyənlər ola bilər. Mübahisə etmək istəmirəm. Amma ortada bir oxşar cəhəti də görməmək çətindir. Niyə bu ölkələrdə qəbul olunan qanunlar, rəsmi dövlət idarəçiliyi institutları, məhkəmə orqanları yalnız fasad divarları olan içiboş, mənasız bir tikilini xatırladır?
Niyə bu ölkələrdə qəbul olunan qanunlar, rəsmi dövlət idarəçiliyi institutları, məhkəmə orqanları yalnız fasad divarları olan içiboş, mənasız bir tikilini xatırladır?


Sualın cavabını tapmaq üçün gərək Əfqanıstan və Azərbaycan nümunələri ilə ziddiyyət təşkil edən ABŞ nümunəsinə diqqət yetirək. ABŞ konstitusiyasına ikinci əlavənin – silah saxlama və gəzdirmək hüququnun məhdudlaşdırılması məsələsi ortaya çıxanda silah hüququnun tərəfdarları prezident Barak Obamanın əhali ilə keçirdiyi açıq görüşlərə... silahla gəldilər. Prezidenti ölümlə hədələmək ABŞ-da cinayət sayılır və Obamanın görüşünə gələnlərin heç biri bu qadağanı pozmadı. Sadəcə silahla görüşə gəlib öz konstitusion hüquqlarından istifadə etdilər və... ABŞ hökumətinə şəffaf bir mesaj verdilər: Bizim hüququmuzla işiniz olmasın.

BİR QANUNUN DARTIŞMASI


İndi ABŞ-da ən qızğın siyasi müzakirələrdən biri səhiyyə sığortası qanunu üzərindədir. Bu qanunun tərəfdarları 2008-ci ildə Barak Obamanı prezident seçdilər və ona güclü təzyiq göstərdilər ki, qanun zor-xoş Konqresdə qəbul olunsun. Qanunun mahiyyəti budur ki, dövlət hər bir vətəndaşdan tələb edəcək ki, onun məcburi qaydada tibbi sığortası olsun. İndi isə həmin qanunun əleyhdarları qanunun ləğvi üçün iri bir kampaniya açıblar. Qanunun konstitusion olmadığını iddia edən bu adamlar iri kütləvi yığıncaqlar keçirirlər və bəzi ştatlarda bu qanunun ləğvi üçün məhkəmə işi qaldırılıb.

ABŞ qurulandan bəri bu ölkədə belə olub. Ölkəni qanunlar idarə edib, qanunların da həm ədalətli olması, həm də işlək olması üçün daim ictimai mübahisə olub. Təsəvvür edin ki, ölkə əhalisinin 15 faizindən azını təşkil edən Afrika mənşəli Amerikalıların hüquqları bu ölkədə iri vətəndaş müharibəsinin mərkəzi səbəblərindən biri olub. Bu ölkədə mürtəce və irqçi Cim Krou qanunları qəbul ediləndə də, həmin o mürtəce qanunlar ləğv ediləndə də qarşı-qarşıya duran fikirlərin hər birinin arxasında əhəmiyyətli ictimai bir kəsim dayanıb. Qanunla oynamaq istəyən, onu dəyişmək istəyən hər bir siyasi qüvvə öz qarşısında həmin qanunların müdafiəçilərini görüb. Bu proses ABŞ siyasi dinamikasının mahiyyətidir.

AZƏRBAYCANLA ƏFQANISTANI BİRLƏŞDİRƏN NƏDİR?

Nyu Yorkda Obama əleyhinə aksiyalar

Azərbaycan və Əfqanıstanda məhz bu yoxdur. Heç bir ictimai dəyərin arxasında fəal ictimai kəsimin dəstəyi dayanmır. Əfqanıstanda təhlükəli də olsa, bir dəyərin – radikal islamın fəal dəstəkçiləri var. Azərbaycanda bu da yoxdur. Qərb cəmiyyətinin idarəçiliyində əsas rol oynayan bütün ictimai dəyərlər – azadlıq, ədalət, demokratiya, insan haqları, sosial hüquqlar bu ölkələrdə elə bil yetim doğulublar. Ortada bu dəyərlərin adı dolaşır, onları özününkü hesab edib ona sahib duranlar isə yoxdur.

PREZİDENTƏ GÖZÜN ÜSTƏ QAŞIN VAR DEMƏK...


Bu ölkələrdə siyasi dinamika, bir növ, hüquq müstəvisindən kənarda cərəyan edir. Bu ölkələr Qərb idarəçilik modelini dəbdə olan maşın kimi alıb içinə oturublar, amma onu sürə bilmirlər. Rəsmən konstitusiya bu ölkələrdə də hakimiyyəti üç qola bölüb, amma bu bölgünün hədəflədiyi siyasi balans ortada yoxdur. Seçki prosedurası müəyyən edilib və insafən Əfqanıstanda babat seçkilər keçirildi də. Lakin siyasi hakimiyyətin formalaşdırılmasına bu seçkilərin heç bir dəxli yoxdur. Məhkəmələr var, amma bu məhkəmələrin müstəqil qərar çıxaracağına cəmiyyətdə heç bir inam yoxdur. Heç kim təəccüblənməz eşitsin ki, ABŞ-da prezidentin, yaxud konqresin qəbul etdiyi hansısa bir qərarı məhkəmə ləğv edib. Belə nümunələrin sayı-hesabı yoxdur. İndi bir anlığa təsəvvür edin ki, Azərbaycanın hökumət rəsmilərinin xoşlamadığı Eynulla Fətullayev Azərbaycan məhkəməsində bəraət alır.

NİYƏ BELƏDİR?


Cəmiyyəti insanlar formalaşdırır. Hər şey sonda insanları birləşdirən, yaxud onları ayıran dəyərlərə söykənir. İnsanlar hansı dəyərləri müqəddəs sayırlar? Hansı dəyərlər uğrunda dirəniş göstərməyə hazırdırlar? Qanunlar sadəcə olaraq həmin insani dəyərləri işlədən, tətbiq edən bir mexanizmdir, maşındır. Azərbaycanda elə bir qanun təsəvvür edə bilirsinizmi ki, o qanuna toxunmaq sadə azərbaycanlını bərk əsəbiləşdirər? Əgər belə bir qanunu təsəvvür etmək çətindirsə, yaxud belə bir qanun ümumiyyətlə yoxdursa, demək ki, cəmiyyətin ictimai orqanizminin qıcıq hissi yoxdur. Belə cəmiyyətdə qanun nə deməkdir? Heç nə. İçi boş bir qab. Belə bir cəmiyyətdə seçki, parlament, bələdiyyə, məhkəmə nə deməkdir? «Beynəlxalq imicimiz» üçün fasad.

Bu sistemdən kənarda isə cəmiyyətdə dədə-babadan qalmış işlək bir mexanizm fəaliyyət göstərir. Bu sistem köhnəlmiş olsa da, içi boş qabları yoxdur. Xanın da, əyan-əşrəfin də, qazının də, rəiyyətin də bu sistemdə öz funksiyası var. Və hamı öz yerini bilir.

Məqalədıki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG