Keçid linkləri

Azərbaycan TV-lərinin ümumi cəhətləri çoxdur. Onlardan biri də bayram günləri Heydər Əliyevin portretini ekranin bir küncünə vurmaq vərdişidir. Təqvimin qırmızı günlərində Heydər Əliyev TV-lərin bütün proqramlarına baxmağa «məhkum» olunur. Fərq eləmir xəbərdir, konsertdir, yoxsa Hollwood filmi, əlini çənəsinə qoyub baxmalıdır, vəssalam.

Bəzən TV kanallarının maraqlı görünmək cəhdləri ilə onların Ulu Öndərə olan məhəbbətləri arasında kəskin ziddiyyət yaranır. Məsələn, futbol oyunudur, amma küncdən zərbənin vuran oyunçunun yerində cənab Əliyevdir.

Və ya hansısa əcnəbi filmin açıq-saçıq səhnəsi göstəriləndə fikirləşirsən ki, küncdəki portret olduqca yersiz görünür.

Bu günlərdə LiderTV əziz saydığı tamaşaçılarına seks səhnələrini göstərəndə sevinmək lazım gəldi ki, bu proqram bayram gününə təsadüf etmir.

Axı, özünüz bilirsiniz də, buna «intim münasibətlər» deyirlər – adətən onun həndəvərinə nə partiyanı, nə də dövləti buraxarlar. Ən yaxşı halda yengə deyilən məxluqa yer verərlər.

Ola bilər ki, kimsə soruşsun, bəs minlərlə tamaşaçının baxdığı səhnəyə necə intim münasibət demək olar? Yersiz sualdır.

Minlərlə insanın baxışları və fikri heç vaxt, heç kimin vecinə olmayıb. İstəyirsən seks yap, istəyirsən zeytun bağını məhv elə, istəyirsən xaricdə balalarına mülklər al – fərqi yoxdur, rahatca işində ola bilərsən.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG