Keçid linkləri

İndi son gününü yaşadığımız ayın 16-da Azərbaycanın görkəmli sərkərdəsi Səməd bəy Mehmandarov 155 yaşını tamamladı. Amma bu tarixi çox az adam xatırladı…Yaxınlaşmaqda olan seçki olayları həmin günün önəmini üstələdi.

Əcaba, Səməd bəy unudulası adam idimi?

XXI əsr Azərbaycanının vətəndaşları Səməd bəyin kim olduğunun, nələr etdiyinin fərqindədirlərmi?

SƏMƏD BƏY UNUDULASI ŞƏXS İDİMİ?


Səməd bəy 1855-ci ildə Lənkəranda doğulmuşdu. Şöhrətli Mehmandarov soyadındandı. Gimnaziya təhsilini Bakıda almışdı və 16 yaşından Peterburq II Konstantinovka Artilleriya Məktəbində oxumuşdu.

Podporuçik, kapitan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant və nəhayət, tam artilleriya generalı olmuşdu. O, 10 ilin içində üç dəfə general rütbəsi almışdı. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı kimi tarixə düşmüşdü.

Port-Arturda, Birinci Dünya müharibəsində vuruşmuşdu. İkinci Qafqaz ordusunun komandanı olmuşdu. Bu ordu Vilno (Vilnüs) istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənmişdi.

1914-cü ilin sentyabrında keçirilən Lodz döyüş əməliyyatı isə S.Mehmandarova daha böyük şöhrət gətirmişdi. Alman generalı Makenzinin qoşunları Lodzu alanda, çox ağır vəziyyətə düşən rus ordusunu Səməd bəy Mehmandarov xilas etmişdi. Bu uğur “mahir topçu olan Mehmandarovun” (Ə.Şıxlinski) adına yazılmışdı. Ona üçüncü dərəcəli “Müqədddəs Georgi”, daha sonra ”ikinci dərəcəli “Müqəddəs Vladimir” (qılıncla birgə) ordenləri verilmiş, hətta brilyantla bəzədilmiş “Georgi Silahı” ilə təltif olunmuşdu.

VƏ BAŞQALARI…

Təltiflər bununla bitmir. Doğrusu, generalın ordenlərinin sayını yazmaq elə də asan deyil. Hətta Səməd bəy özü 1920-ci ilin iyununda bolşeviklərin tələbi ilə yazdığı anketdə aldığı ordenləri bir xeyli sıraladıqdan sonra hövsələsi çatmamış, “və başqaları” yazıb canını qurtarmışdı.

SOYUQQANLI VƏ QORXMAZ…

Deyiənə görə, o, ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəriymiş. Mehmandarov ədalətli və düzgün adamları qiymətləndirər, yalançılara, saxtakarlara qarşı amansız olarmış. O üzdən tabeçiliyində olanlar ondan çəkinər, ancaq onu sevər, ona inanarmışlar.

“BÜTÜN GƏNCLİYİMİ, GÜCÜMÜ RUS ORDUSUNA SƏRF ETDİM”

Hər dəfə bu sözləri eşidəndə ürəyim sızlayır. Yaşı 60-ı keçmiş bir generalın etirafıdır. Bu sözlər Cümhuriyyət dönəmində hökumətin əks-kəşfiyyat idarəsinin rəisi işləmiş Nağı bəy Şeyxzamanlının yaddaşındandır. Hələ görün Səməd bəy Mehmandarov sonra nə deyir: “Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu”.

Bunları bir ziyafətdə “Övladlarım!” - müraciəti ilə söyləyib Səməd bəy Mehmandarov. O dövrdə Denikinin Azərbaycan Cümhuriyyətinə olan təhdidlərindən söz düşüb. Səməd bəy Mehmandarov də söz alıb danışıb və deyib: “Denikin məni yaxşı tanıyır. Mənim komandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib vuruşmaz”.

Səməd bəy Mehmandarova 1918-ci ildə Cümhuriyyət ordusunu - öz ölkəsinin ordusunu yaratmaq qismət olur. Öz ordusunun komandanı olur.

ÖZ DİLİNDƏ SALAMLAŞMA

Səməd bəy Mehmandarov
Hərbiyyə naziri olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir: “..əsgərlərin Azərbaycan türkcəsində salamlaşması - bir sözlə, - “Salam”, cavabının isə “Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “Mərhaba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.

40 MİNLİK ORDU QURULDU

İl yarım ərzində silahdaşı və dostu Əliağa Şıxlinski ilə 40 minlik ordu yaradan Səməd bəy Mehmandarov “yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq” deyirdi və bunu mübarizə tədbirlərindən biri hesab edirdi: “Biz həmişə boyunduruq altında olmamışıq”-deyib əsgərləri ruhlandırırdı. Əsgərlər də ona şərqi qoşur və:

Qafqasiyaya şan gəlir,
Dərdlərə dərman gəlir! - deyə oxuyurdular.

İŞĞALÇI ÖLKƏNİN ORDENİ MƏNƏ GƏRƏK DEYİL!

Bu sözlər də Səməd bəy Mehmandarovundur. 1918-ci ilin noyabrında general Tomsonun başçılığı ilə Bakıya soxulan ingilis ordusunun ağalığına etiraz kimi səslənib. Səməd bəy Birinci Dünya savaşında ingilis komandanlığının ona verdiyi bütün ordenləri geri qaytarıb və deyib: “Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!”.

HEÇ YERƏ GEDƏSİ DEYİLİK…

Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailəsinin çamadanları hazırlayıb yola çıxmaq istədiyini görüb dedi: “Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”.
Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparan qatar Səməd bəy Mehmandarovu saat yarım gözlədi… O, Bakıda qaldı. Amma gedənlərin taleyi necə oldu, bunu da bilirik…

YENİDƏN RUSİYAYA…

Bolşevik hakimiyyəti iyunun 4-də onu həbs edib Əliağa Şıxlinski ilə birgə bir az Bakıda saxlayandan sonra Moskvaya göndərir, Butırsk zindanına salır. Generallar noyabrda Stalinin məktubuna əsasən həbsdən azad olunurlar və bir ildən sonra N.Nərimanov və Ə.Qarayevin səyi nəticəsində Bakıya qaytarılırlar.

BƏS NİYƏ ƏLİNDƏ SÜPÜRGƏ?

“1923-cü ildə ağ saqqallı Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər”. Bu sözlər hərb tariximizin tanınmış araşdırıcısı Şəmistan Nəzirlinin “Azərbaycan generalları” kitabından götürülüb. Əslində, Menmandarov barədə yuxarıda yazdığım bilgilərə görə də mən Şəmistan Nəzərliyə minnətdaram.
Həmin kitabda yaddaşlarda qalan bu qorxunc etirafdan da söz açılır. Deyilənə görə, bolşevik hökuməti Səməd bəy Mehmandarovu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın - sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Görk olsun deyə…

Hər dəfə Azneft meydanından keçərkən, burada Azərbaycan Xalq Cümhuriyyətinin nazirlikləri yerləşib-- sözlərini oxuyanda, ürəyimdən qara qanlar axır. Qeyri-ixtiyari kitabdakı o sözü xatırlayıram.

YÜZ MANATLIQ PENSİYA…


Sonrakı illər Səməd bəy Mehmandarov Azərbaycan Hərbiyyə məktəbində topçuluqdan dərs deməyə başlayır. Bolşeviklərə hərbi bilən mütəxəssislər də lazımdı, axı…

O, mühazirəni rusca, Ə.Şıxlinski isə öz dilimizdə oxuyurmuş. Bu iki ayrılmaz dost hətta Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətini də yaradıbmış.
Səməd bəy Mehmandarov 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Ona yüz manat pensiya kəsirlər…
General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir. Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər.

Kirova heykəl qoyulanda qəbiristanlıq dağıdılır. Generalın həyat yoldaşı və yeganə oğlu o zaman sürgündə olduğundan, heç kim onun qəbrini köçürmək hayında olmur. Əvəzində, S.Mironıçın o heykəli uzun illər o qəbirlərin üstündən bütün bakılılara yol göstərir…

P.S.: Səməd bəy Mehmandarovun həyat yoldaşı ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçür. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün edirlər. Xanım faşistlərin partlatdıqları qatarda həlak olur. Oğlu isə sağ qalır və sürgün həyatına davam edir…Şəmistan Nəzərlinin yazdığına görə, İqor Mehmandarov sürgündən sonra Kalininqradda yaşayır, 1977-ci ildə isə Azərbaycan hökuməti onu Bakıya dəvət edir…

Şərhləri göstər

XS
SM
MD
LG