Keçid linkləri

Bu viza o vizadan deyil


Günrcüstanın Xarici İşlər naziri Qriqori Vaşadze və iranlı həmkarı Manuçöhr Mottaki, Tbilisi, 3 noyabr 2010

Günrcüstanın Xarici İşlər naziri Qriqori Vaşadze və iranlı həmkarı Manuçöhr Mottaki, Tbilisi, 3 noyabr 2010

İranla Gürcüstan aralarındakı viza rejimini qarşılıqlı olaraq ortadan qaldırdılar. ABŞ-ın Cənubi Qafqazdakı başlıca müttəfiqi və NATO-nun üzvü olmaq istəyən Tbilisi Vaşinqtonun baş düşməni İranla əlaqələrini yeni müstəviyə qaldırmaqda maraqlı olduğunu nümayiş etdirdi. Halbuki, həm məsafəcə, həm də regional prioritetlər baxımından İrana Gürcüstandan bir neçə köynək yaxın Ermənistan məntiqlə bu addımı Tbilisidən öncə atmalıydı.

TEHRAN QƏRBPƏRƏST GÜRSÜSTANA MARAQ GÖSTƏRİR

Gürcüstan prezidenti Mixeil Saakaşvili Qərblə siyasi, iqtisadi və hərbi əlaqələri genişləndirməyi qarşısına məqsəd qoyduğu kimi, ABŞ və Avropa Birliyi dövlətlərinin sərt sanksiyalarına rəğmən, İranla iqtisadi-ticarət mübadiləsinin inkişafına da çalışır. Və bu addımına görə, Qərbdə Saakaşvilini tənqid etmirlər.

Çünki, Saakaşviliyə inam var. Bilirlər ki, rəsmi Tbilisi mövcud sanksiyaların başı üzərindən İranla şübhəli təmaslara baş vurmaz, təhlükəli yüklərin bu ölkəyə daşınmasına şərait yaratmaz.

Maraqlıdır ki, İran da Gürcüstanın Qərbə meylli olduğu reallığını qəbul edərək, onunla əlaqələrin inkişafından çəkinmir. Tehran Gürcüstanla ən azı iqtisadi münasibətləri üst səviyyəyə qaldırmağa çalışır ki, sanksiyalar dolayısı ilə ağır günlərində heç olmazsa bu bazarın imkanlarından istifadə edə bilsin.

İran Qara dənizin limanlarından yararlanmaq imkanlarını da götür-qoy edir. Öz növbəsində Tbilisi İranın bu təşəbbüslərinə yaşıl işıq yandırmağa hazırdır, təki bu əməkdaşlıq ölkənin maliyyə gəlirlərini artırsın. O ki qaldı, Tehranın Dağlıq Qarabağ münaqişəsində olduğu kimi, Abxaziya və Cənubi Osetiya problemlərinin həllində vasitəçilik təkliflərini irəli sürməsinə, İran hakimiyyətini bu məsələdə müsbət cavab gözləmir.

RƏSMİ BAKI YALNIZ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏN SONRA TEHRANA “HƏ” DEYƏCƏK

Qərbpərəsət Gürcüstanın İranla viza rejimini ləğv etməsi diqqətləri yenidən Azərbaycana yönəldib. Azərbaycan hakimiyyəti Gürcüstan qədər Qərbə yaxın deyil, NATO-ya üzv olmaq hədəfini də qarşısına məqsəd qoymayıb, xarici siyasətdə balansa üstünlük verdiyini bəyan edib. Buna baxmayaraq, rəsmi Bakı Tehranın israrlı istəkləri qarşılığında İranla viza rejimini ortadan qaldırmağa tələsmir.

Rəsmi Bakı Türkiyənin timsalında olduğu kimi, mövzu ilə bağlı Tehrana eyni cavab verərdi: “Daxili prosedurlar öyrənilir”. Ancaq Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev qeyri-müəyyən ifadə üzərində qurulan tabunu pozaraq İranla viza məsələsinin uzanmasının ilk dəfə aydın izahını söylədi.

Əbülfəz Qarayev
Nazir sentyabrın sonlarında İrana səfəri zamanı Təbrizdə Şərqi Azərbaycan əyalətinin rəhbəri Əhməd Əlirza Beygi ilə görüşür. Beygi İranın Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiyini diplomatik şəkildə xatırladaraq Azərbaycanın da İran vətəndaşları üçün viza rejimini aradan qaldırmasını arzuladıqlarını bildirir. Əbülfəz Qarayevin bu arzuya cavabı belə olur: “Hazırda Azərbaycan Respublikası Ermənistanla müharibə şəraitində olduğundan bu mümkün deyil. Qarabağ münaqişəsi həllini tapandan sonra Azərbaycan bu məsələni həll edəcək”.

BAKI TEHRAN-YEREVAN ƏLAQƏLƏRİNDƏN NARAHATDIR


Qarayevin bu açıqlaması rəsmi Bakının faktiki İranın bölgə siyasətindən narazılığına işarə idi. Əgər İran vətəndaşları üçün viza rejiminin ləğv edilməməsi ölkəmizin Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirilirsə, bu o deməkdir ki, Bakı Tehran-Yerevan əlaqələrindən narahatdır və İranın Ermənistanla müttəfiqliyi davam edincə Azərbaycan İran vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmayacaq.

Əbülfəz Qarayevin viza rejiminin Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra ləğv ediləcəyini deməsi həm də ondan xəbər verir ki, İranla viza məsələsi hələ çox uzanacaq. Belə baxanda, heç Ermənistan da İranla viza məsələsini yoluna qoymağa həvəs göstərmir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG