Keçid linkləri

Adam var, arzusu maşın almaqdır, adam da var, maşını olmağı ona azdır. Gərək maşının nömrəsi də yaxşı olsun.

Yaxşı nömrənin üstünlükləri çoxdur, ilişən az olur.

Ancaq burda bir özünü göstərmək də var ki, uzaqdan hamı görsün, bu gələn elə-belə adam deyil.

İndi müxalifətçilər narazılıq edirlər ki, arzuları gözlərində qaldı, hakimiyyətçilərə isə seçkidən deputat çıxmaq azdır, 4 rəqəmli faiz də yaxşı “nömrə” olmalıdır.

Maşınlarda yaxşı nömrə 100-ündən biri olduğu kimi 125 yerlik parlamentdə də yaxşı nömrə 1-2 adamda ola bilər.
Baxaq görək.
Parlamentin yeni tərkibində vur-tut 3 yaxşı nömrə var.

Bunlardan biri 94,49 %-dir. Maşını olanlar bilir, belə simmetrik nömrəyə “zerkalnı” nömrə deyirlər, məsələn, 47-74 və ya 56-65 kimi. Sizcə, bu faiz kimindir? – birinci ledi Mehriban Əliyevanın.

Başqa faiz- 66,44%.
66-44 də yaxşı nömrə hesab olunur. Çünki cütlərdir.
Sizcə bunun sahibi kimdir? – YAP icra katibi Əli Əhmədov.

Mən demirəm, belə yaxşı nömrə onların məhz öz istəyidir, bu, belə olmaya da bilər. Bu, kənardan yararlanmaq istəyənlərin də işi ola bilər.
Bir də ki, belə yaxşı nömrə verən gül kimi MSK var.

Maşınlarda yaxşı nömrə status deməkdir. Bunu hamı bilir. Ona görə ictimai statusu lap yuxarı olmayanlar da nəyin bahasına olursa-olsun yaxşı nömrə almağa çalışırlar.

İndiki parlamentdə əvvəldə dediyim iki nömrədən başqa cəmi bircə yaxşı nömrə var -77,77%.

Ancaq onun sahibi Rauf Əliyevi tanıyan çoxdurmu?

Ehtimal etmək olar ki, ya belə yaxşı nömrə onun öz təşəbbüsdür, ya da onun qeyri-formal statusu yuxarıdır.

Bəzilərinə bu yazdıqlarım zarafat kimi gələ bilər. Ancaq MSK 17 ildir ki, zarafat etmir.

Şərhləri göstər

XS
SM
MD
LG