Keçid linkləri

Sözün həqiqi mənasında artıq deyiləsi və dözüləsi deyil. Təsəvvür edin, Ali Məhkəmənin Plenumunun keçiriləcəyi bildirilir. Amma bir tele –kanal bunun haqqında kiçikcə olsa da, məlumat vermir. Özü də elə Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı bir neçə iddianı təmin etdiyi bir vaxtda! Görən, bu telekanalların monitorinqi keçirilirmi? Bütün tele –kanallar xırda məişət problemlərinin içində boğulurlar, ancaq bu mövzu göstərilir, ancaq bu mövzu araşdırılır... Təbii ki, mövzunun böyüyü və kiçiyi olmur, amma elə bütün efir vaxtını gəlin – qaynana münasibətlərinə həsr etmək olmaz, fokus nöqtəsi heç olmasa ara – bir də olsa, digər problemlərə də yönəlməlidir, axı bu ölkədə hakimiyyət, siyasət, partiya, seçki, hətta siyasi məhbus da var...

Məhkəmə dedim, Dostoyevskinin əsərləri yadıma düşdü. Bir neçə əsərində o məhkəmələrə əsl lağ edir. Bəli, sovet məhkəmələrindən başqa bütün digər məhkəmələri ideallaşdıran adam kimi mən əvvəlcə bunu başa düşmür, daha çox katorqa həyatı yaşamış yazıçının bütün hüquq instansiyalarına bir nifrəti kimi qəbul edirdim. Amma sonradan, Rusiya bizə dövlətimizlə bahəm həm də əsl milli mahiyyətimizi, necə deyərlər, mentalitetimizi qaytarandan sonra öz milli məhkəmələrimiz də gördüm və böyük yazıçını, deyəsən, başa düşdüm – hər halda mənə belə gəlir... Çox şey dəyişdi, adlar titullar, libas, müraciət forması, ancaq mahiyyət qaldı. Əgər sovet məhkəmələri dövlətin maraqlarını hər şeydən üstün tuturdusa, bizim milli məhkəmələr bir qrupun maraqlarının əsiridir.
Avropa Məhkəməsində bütün qərarlar «filankəs filan dövlətə qarşı» formulu ilə qəbul edilir və təzminat müəyyənləşdirilir. Bu formul bizim insanları sözün əsl mənasında qorxudur və başlayırlar and – aman etməyə ki, dövlətimizə qarşı deyiləm, özümü qalib hesab etmirəm... Bu detalın özü bir daha göstərir ki, hələ bəziləri psixoloji baxımdan müstəqil məhkəməni qəbul etmək iqtidarında deyillər
Təsəvvür edin, «məhkəmə» bitəndən sonra hakim özü müttəhimin vəkilinə yaxınlaşır və üzrxahlıq edir: «...filankəs bəy, məni bağışlayın, məndən heç nə asılı deyil, tapşırıq belə idi!». Dövlətin üç əsas institutu arasında icra hakimiyyəti önündə ən əvvəl təslim olan məhkəmələr oldu, daha sonra isə bu yolla parlament getdi... İcra hakimiyyəti ölkədə əsl «siyasi nəhəng»ə çevrilib, öz qanunsuz əməllərini məhkəmə və parlament vasitəsilə ört – basdır edir. Əslində Avropa Məhkəməsinin hər bir qərarı digər məhkəmə instansiyalarının fəaliyyətinə bir nəzər salmaq, onları təftiş etmək üçün vasitədir. Amma nə edəsən ki, bizim məhkəmə instansiyaları Avropa İnsan Haqları Məhkəməsini ali instansiya kimi qəbul etsə də, özü bir siyasi alətə çevrilib. Vaxtilə bir neçə dəfə haqsız olaraq məhkəmələrə cəlb edilmiş bir azərbaycanlı jurnalist gözəl demişdi: «Azərbaycanda məhkəmə yoxdur, YAP-ın nəzarət təftiş komissiyası var!». Həqiqətən də məhkəmə siyasiləşəndə belə olur, ölkədə qanunlar yox, bir partiyanın maraqları və nizamnaməsi daha üstün qüvvəyə malik olur – keçmişdə sovetlərdə, indi isə bizim ölkədə olduğu kimi...

AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARI NİYƏ BƏZİLƏRİNİ ÇƏKİNDİRİR?


Ən gülməli lətifələr totalitar dövlətlərlə bağlı olur. Məşhur sovet lətifələrini kim xatırlamır? İndi Azərbaycanda əsl gülməli vəziyyət yaranıb. İnsanlar bir tərəfdən Avropa Məhkəməsinə müraciət edir, o biri tərəfdən də onun hətta müsbət qərarlarından ehtiyat edir, çəkinirlər. Söhbət nədən gedir? Avropa Məhkəməsində bütün qərarlar «filankəs filan dövlətə qarşı» formulu ilə qəbul edilir və təzminat müəyyənləşdirilir. Təsəvvür edin, bu formul bizim insanları sözün əsl mənasında qorxudur və insanlar başlayırlar and – aman etməyə ki, mən dövlətimizi çox sevirəm, dövlətimizə qarşı deyiləm, özümü qalib hesab etmirəm, mənə təzminat lazım deyil və s. və i. Təəccüblü və həm də gülməlidir, deyilmi? Bu detalın özü bir daha göstərir ki, hələ bəziləri psixoloji baxımdan müstəqil məhkəməni, hüququn üstünlüyün qəbul etmək iqtidarında deyillər, Avropa Məhkəməsi bu qədər böyük iş görərək bunları müdafiə edir, bunlar isə... Burada yadıma yaxın keçmişdən kiçik və həm də ibrətamiz bir detal düşür...

MÜXALİFƏTÇİLƏR DEMOKRATİK PLATFORMANI NİYƏ QƏBUl ETMİRDİ?


95-ci ildə iki əsas müxalifət partiyasının proqramında hüququn üstünlüyü prinsipini təsbit etmək, yazmaq mümkün olmadı. Söhbət insan haqlarının hətta suverenlikdən üstün olmasından gedirdi. Müxalifətçilər bunu yazmağa imkan vermədi və nəticədə həmin proqramlar da qəbul olunmadı. Gülməli detal bu idi ki, hələ 93-cü ildə Azərbaycan Avropa Şurasına üzv olmaqla bağlı müraciət etmişdi. 2001 –ci ildə Azərbaycan Avropa Şurasının üzvü oldu və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Hər bir ölkə vətəndaşı indi öz hakimiyyətindən Avropa Məhkəməsinə şikayət edə bilər. Mən hələ onu demirəm ki, neçə –neçə müxalifətçinin hüquqları məhz bu məhkəmənin sayəsində qorundu... Amma insanlar hələ də ehtiyat edir, qorxurlar ki, məgər «dövlət»dən də şikayət etmək olar? Görünür, bu da bir ironiyadır, bütün digərləri kimi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG