Keçid linkləri

Noyabrın 12-i «Nabucco» layihəsi iştirakçılarının «Şah-dəniz» müqaviləsi üzvləri ilə görüşü keçirilir. Bu haqda «Reuters» agentliyinə məlumat verən Almaniyanın «RWE Supply & Trading» şirkətinin icraçı direktoru Stefan Cudiş (Stefan Judisch) bildirib ki, «Nabucco» layihəsi iştirakçıları «Şah-dənizin» «Mərhələ-2» fazası çərçivəsində Azərbaycandan qaz almaq məsələsində çox optimistdirlər.

Cudiş həmçinin əlavə edib ki, Azərbaycan tərəfi «Mərhələ-2» fazası çərçivəsində çıxarılacaq qazın alıcılarını 2011-ci ilin I rübündə elan etməlidir. Bununla da «Nabucco»nun ilkin mərhələsi üçün lazım olan qaz resurslarının əldə edilməsi məsələsi aydınlaşmalıdır.

Doğrudan da, bu deyilənlər çox optimist proqnozlardır və sanki «Nabucco» layihəsinin perspektivi üçün investorlara yönəlmiş bir «yol xəritəsidir».

«MƏRHƏLƏ-2» - ƏN MƏSRƏFLİ LAYİHƏ

«Mərhələ-2» fazası çərçivəsində layihə işləri 2007-ci ildən həyata keçirilir. Layihənin operatoru olan BP şirkəti «Caspian Oil&Gas -2010» sərgisində «Mərhələ-2»-nin işlənməsinə dair sənədli film də nümayiş etdirib. Güman edilir ki, 2012-ci ildə tikinti işlərinə start verilsə, onda 2016-cı ilin sonuna «Mərhələ-2» çərçivəsində ilk qaz hasil edilə bilər və 2017-ci ilin I rübündən stabil ixrac əməliyyatlarına başlamaq olar.

Layihə çox mürəkkəbdir: Xəzərin dərinsulu hissəsində (suyun dərinliyi 450 metrədək) ilk dəfə olaraq karbohidrogen hasilatına başlanmalı və 6800-7100 metr dərinlikdə yerləşən laylardan qaz və kondensat hasil edilməlidir. Bunun üçün suüstü 1 platforma və dənizin dibində 30 quyunu birləşdirən 4 manifold (dərin sularda hasilatı həyata keçirmək üçün istifadə edilən qurğu, Meksika körfəzində adətən bu üsuldan istifadə edilir) quraşdırılmalıdır.

Bu layihənin həyata keçirilməsi üçün $20 mlrd əsaslı kapital qoyuluşu güman edilir (müqayisə üçün qeyd edim ki, 1995-2010-cu illərdə «Azəri-Çıraq-Günəşli» dəniz yataqlarının işlənməsinə cəmi $19 mlrd əsaslı kapital yatırılıb). «Mərhələ-2» çərçivəsində layihə gücünə (ildə 16 mlrd m3) 2019-2020-ci illər ərzində çıxmaq
İraqdakı təhlükəsizlik məsələləri həllini tapmadığından «Nabucco»nun indiki yeganə ümid yeri Azərbaycandır
planlaşdırılır.

«NABUCCO» NİYƏ YERİNDƏ SAYIR?

«Nabucco» layihəsi artıq 8 ilə yaxındır ki, gündəmdədir, ancaq buna baxmayaraq onun taleyi hələ də dumanlıdır. Hələ 4 il əvvəl tikintisi 2012-ci də başa çatması planlaşdırılan «Nabucco» kəmərinə 9 mümkün ölkədən qaz alınması planlaşdırılırdı. Cari ilin ortalarına kimi İran da daxil olmaqla 4 ölkə potensial qaz ixracatçısı kimi nəzərdən keçirilirdi.

Bu ilin sentyabrında isə onların sayı 2-yə endi (İran və Türkmənistan artıq uzaq gələcəyin qaz ixracatçıları sırasına keçiriliblər). İraqdakı təhlükəsizlik məsələləri həllini tapmadığından «Nabucco»nun indiki yeganə ümid yeri Azərbaycandır. Burada isə yaxın 10 il üçün ən real qaz resurs mənbəyi «Mərhələ-2»-dir.

Mütəxəssislər qeyd edirlər ki, «Nabucco» həqiqətən Xəzər regionunu Avropa bazarları ilə birləşdirəcək ən optimal boru kəməri layihəsidir. Bəs onda niyə onun reallaşması bu qədər yubanır? Axı bunun üçün siyasi dəstək də var, maliyyə ilə bağlı da ümidverici təkliflər var...
Mənimlə söhbətində məsələnin detallarından xəbərdar olan bir yerli məmur bunun incəliklərini belə açıqlayır:

«Nabucco» iştirakçıları, əsasən də onun aktiv üzvləri – Avstriyanın OMW və Almaniyanın RWE şirkətləri layihədən maksimum faydalanmaq siyasəti yürüdürlər. Bu, özlüyündə yaxşı niyyətdir, ancaq başqalarının hesabına bunun reallaşdırılması qarşıya məqsəd kimi qoyulanda təbii ki, layihə yerində saymağa başlayır.

Məsələn, onlar hələ də müvafiq siyasi dairələrin yardımı ilə maliyyə qurumlarından sərfəli kredit alınması, boru kəmərinin marşrutu üzrə torpaqların alınmasında yerli hökumətlərin dəstəyi, qaz satan ölkələrdən mümkün qədər aşağı qiymətlə mavi yanacağın alınması və onun daha baha qiymətlə Avropada satışı arzusu ilə yaşayırlar. Bu azmış kimi onlar Azərbaycan, İraq və Türkmənistan kimi ölkələri boru kəmərinin tikintisinin maliyyələşdirilməsi məsələsinə də cəlb etmək sevdasına düşmüşdülər. Bir sözlə, məqsədləri «qaz vurub qazan doldurmaq» idi. Ancaq son vaxtlar dərk ediblər ki, bu yanaşma ilə layihəni ərsəyə gətirmək olmaz».

ÇOXŞAXƏLİ İXRACIN ÜSTÜNLÜKLƏRİ

Azərbaycanın Rusiyaya qaz ixracını ildən-ilə artırması Qərbi qıcıqlandırsa da, onlar məsələnin kommersiya tərəfi qarşısında susmağa məcburdurlar
Azərbaycanın Rusiyaya qaz ixracını ildən-ilə artırması Qərbi qıcıqlandırsa da, onlar məsələnin kommersiya tərəfi qarşısında susmağa məcburdurlar. Ona görə ki, «Qazprom»un və Türkiyənin Azərbaycan qazına ödədiyi qiyməti (1000 m3 üçün müvafiq olaraq $244 və $260) hələ ki, həzm edə bilmirlər.

Azərbaycan isə 2012-ci ildə yeni bazara – Suriyaya, oradan da İordaniyaya çıxmaq niyyətindədir («Transərəb» qaz kəməri 2011-ci ilin sonuna qədər işlək vəziyyətə gətirilməlidir). Yunanıstanın DEPA şirkəti isə Azərbaycanla artıq kommersiya danışıqlarından razı qaldığını bildirib. Yəni Azərbaycan qazının alıcıları kifayət qədərdir və rəsmi Bakı «Nabucco»dan asılı deyil ki, onun bəzi iştirakçılarının istəyinə uyğun addımlar atmağa məcbur olsun. Bir də onu qeyd etmək yetər ki, Azərbaycan özünü bircə boru kəmərinə bağlamaqla gələcək qaz bazarlaşmasında minimum 15-20% qiymətdə itirmək riski ilə üzləşə bilər.

AZƏRBAYCAN İXRAC DANIŞIQLARI QRUPU

Apardığım dəqiqləşdirmələrdən məlum oldu ki, sözügedən danışıqlar «Şah-dəniz» layihəsi iştirakçıları ilə deyil, təqribən 2 ay öncə yaradılmış Azərbaycan İxrac Danışıqları Qrupu (AİDQ) ilə aparılır.

AİDQ –na SOCAR, BP, «Statoil» və «Total» şirkətlərinin nümayəndələri daxildirlər. Bu qurumun vəzifəsi «Mərhələ-2» layihəsi çərçivəsində ixrac ediləcək Azərbaycan qazının potensial alıcıları ilə kommersiya məsələlərinin müştərək müzakirəsidir. AİDQ-ya rəhbərlik SOCAR-a məxsusdur (ona məsul şəxs SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovdur). İndiyə qədər Avropanın potensial qaz alıcıları ilə 3 raund danışıqlar keçirilib. Bunların 1-cisi sentyabrın ortasında Frankfurtda, 2-cisi isə oktyabrın əvvələrində Vyanada keçirilmişdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG