Keçid linkləri

Təcili xəbərlər

Xəzər sammitinə sözardı...


Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının III Zirvə Görüşü öz işini yekunlaşdırdı. Bunun diqqət çəkən hissələrini oxucularla bölüşmək istərdim. Əvvəla, yekun olaraq Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş imzalandı. Onu qeyd edim ki, təhlükəsizlik sahəsi deyiləndə, burada hərbi məsələlərdən başqa bütün yerdə qalan tədbirlər nəzərdə tutulur: terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə, narkotiklər və kütləvi qırğın silahları komponentlərinin yayılmasına qarşı əməkdaşlıq, qaçaqmalçılıq və fövqəladə halların qarşısının alınmasında birgə səylər.

Ancaq Bakı görüşündə tərəflər maraqlı çıxışları ilə da yadda qaldılar və bu zaman demək olar ki, bütün xəzəryanı ölkələrin dövlət başçıları fərqli fikirləri ilə diqqəti cəlb etdilər.

XƏZƏRİN BÖLÜNMƏSİ TƏK PROBLEM DEYİL


Rusiya. Prezident Dmitri Medvedyev öz çıxışında bildirib ki, “biz təkcə Xəzərin bölünməsi ilə kifayətlənməməliyik”. Onun sözlərinə görə, Xəzər beşliyi sahilyanı ölkələrin dənizdəki iqtisadi zonaları və onların eni ilə bağlı məsələlərə də aydınlıq gətirməlidir. Medvedyev həmçinin onu da vurğulayıb ki, Xəzərdə hərbi fəaliyyət və gəmilərin hərəkət qaydaları məsələləri də ayırd edilməlidir.

Qazaxıstan. Prezident Nursultan Nazarbayev Xəzərin hüquqi statusunun tamamilə və birdəfəlik həllinə çağırıb və eyni zamanda diqqəti onun bioresurslarının qorunmasına yönəldib. “Mən təklif edirəm ki, Xəzərdə nərə balığının ovlanmasına yaxın 5 ildə qadağa qoyulsun”, - deyə Nazarbayev bildirib.

2011-DƏ XƏZƏRİN STATUSU DƏQİQLƏŞSİN


İran. Mahmud Əhmədinejad qeyd etdi ki, 2007-ci ildə Tehranda keçirilən zirvə görüşündən sonra Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin mühafizəsi və digər sahələrdə əlaqələrin daha da genişləndiyi müşahidə olunur. Bu zaman o, Xəzərin hüquqi statusu məsələlərinin həllinin 2011-ci ildə yekunlaşdırmağa çağırıb. Maraqlısı budur ki, İran Xəzəryanı ölkələri hazırkı dünya maliyyə sisteminin korrektə edilməsində ortaya birgə mövqe qoymağa, birgə gəmiçilik şirkəti təsis etməyə və gömrük tariflərinin yumşaldılması ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına çağırıb.

Türkmənistan. Prezident Qurbanqulu Berdımuhəmmədov bəyan edib ki, Xəzərin enerji resurslarını dünya bazarlarına çıxaracaq boru kəmərlərinin tikintisi yalnız həmin xətlərin keçəcəyi sulara sahib ölkələrin razılığı əsasında reallaşa bilər. Təbii ki, bu zaman bütün ekoloji və təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Bu zaman Berdımuhəmmədov görüş iştirakçılarının diqqətinə onu da çatdırıb ki, “dediyim bu fikirlərə siyasi rəng verməyin, çünki bu, sırf hüquqi məsələdir”.

Azərbaycan. Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, habelə Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi ilə bağlı önəmli addımlar atılmışdır. “Ümid edirəm ki, gələcəkdə bu gözəl təcrübə əsas kimi götürülə bilər”, - deyə Əliyev bu təcrübədən digər Xəzəryanı ölkələri də yararlanmağa çağırıb. Dövləti başçısı dedi ki, Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır.

AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTANIN SICAQ MÜNASİBƏTİ...


Azərbaycan-Türkmənistan dialoqu. Diqqəti çəkən bir məqam da Bakı Zirvə toplantısı zamanı Azərbaycan və Türkmənistan dövlət başçıları arasında ikitərəfli görüşdə səslənən fikirlər oldu. Azərbaycan prezidenti Berdumühəmmədovu qarşılayarkən onunla nəinki səmimi görüşdü, həmçinin iki dəfə öpüşdü. Baxmayaraq ki, 2009-cu ilin iyun ayından (bu o zaman idi ki, türkmən lideri Azərbaycanla mübahisəli yataqların məsələsini həll etmək üçün Beynəlxalq Arbitraja müraciət etməyə çağırmış və bundan sonra iki ölkə arasında münasibətlərdə bir soyuqluq yaranmışdı) bu yana belə “sıcaq” münasibət müşahidə edilməmişdi. Öz növbəsində Berdımühəmmədov bu görüşdə bildirib ki, “sevindirici haldır ki, ötən il bizdə, Türkmənistanda “Azərbaycan Günləri” çox yaxşı keçdi. Lap yaxın vaxtlarda isə Azərbaycanda Türkmənistan Günləri keçirilib. Bizim hökumətlərarası komissiya bütün bu işlərə yaxşı təkan verir. Bir həftədən sonra hökumətlərarası komissiyanın növbəti iclası bizdə olacaqdır. Buna görə də düşünürəm ki, əgər hər hansı işçi məsələlər yaransa, komissiya onları artıq öz səviyyəsində həll edəcəkdir”. Görüşün sonunda isə Berdımühəmmədov İlham Əliyevi Türkmənistana rəsmi səfərə dəvət edib.

Nəticə. Noyabrın 17-də Avropa Birliyi Komissiyası 2020-ci ilədək olan dövr üçün yeni enerji paketi qəbul edib. Burada Avropa qaz bazarlarını diversifikasiya edilməsi üçün yeni mənbələrdən – Azərbaycanda, Türkmənistandan, Qazaxıstandan və İraqdan qaz ixracı məsələsi diqqət mərkəzinə gətirilib. Bundan əlavə, Avropa Birliyi Komissiyası həmin ölkələrdən qazın Avropaya çatdırılması üçün 2 infrastruktur layihəsini prioritet elan edib: Nabucco və İTGİ (İnterconnector Turkey-Greece-İtaly). Demək, yaxın vaxtlarda bu layihələr tam gerçəkləşməsə belə, Azərbaycan Avropanın diqqət mərkəzində olan başlıca ölkə statusuna iddialı ola bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG