Keçid linkləri

Qorbaçovun Aşkarlıq çağında demokratiyanı adamlara tərifləyən bizlərin bir suçu olub, boynumuza almalıyıq. Biz o zamanlar arzuladığımız, camaata təriflədiyimiz Demokratiyanı Cənnət əlamətlərində öyürdük və deməli, adamları çaşdırırdıq. Bu yerdə bir elmi açıqlama verim.

Yunqun arxetiplərindən səhvimizə baxanda

Cənnət və Cəhənnəm təkcə Bibliyada və başqa Qutsal Kitablarda olan simvollar deyillər. Onlar Yunqun arxetipləri kimi bizim qavrayışı idarə edirlər. Yunqda necədir? Göz qabağına gətirin ki, sizdə girdə qab var, suyu, ərinmiş yağı, südü – hərəsi ayrı bir maddədir, - bu qaba tökəndə maddi fərqlərini saxlasalar da qabın verdiyi forma eyniliyini alırlar. Yunqda bu qabın yerini “başımızdakı” arxetiplər tutur (hər arxetip öz biçimi olan qab kimidir). Südün, ərinmiş yağın, suyun yerini isə bizə dünyadan axan informasiyalar.

Yunq göstərirdi ki, bizdə olan arxetiplərdən biri Kölgədir. Ona görə də dünyadakı pis nəsnə və olaylardan bizə axan informasiya bu kölgə arxetipinə “tökülür”, ona görə də tutqun, qara əlamətlərini alırlar. Bizdə “müdrik qoca” arxetipi də var, bütün ağıllı olanları bilincimizə qocalıq biçimində bilir. Bir örnək: əski şəkillər var ki, orada körpə İsa Məsihin alnı qoca qırışlarında verilib.

Yunq arxetiplərinə mənim əlavəm

İndi mən “Cənnət” və “Cəhənnəm” simvollarını həm də arxetip adlandıranda demək istəyirəm ki, insan qavrayışı elə biçilib ki, yaxşı toplumları, mutlu halları, xoşbaxtlıq gətirən nəsnə və olayları Cənnət, pisləri isə Cəhənnəm əlamətlərində bilir.

İnsan bilincinin bir məntiq qəlibi də var, bu qəlibə görə nə Cəhənnəm deyilsə, Cənnətdir. Bizi Sovetlərin axırında çaşdıran da bu qəlib oldu.

Yadınızdadırsa, Reyqan Sovetləri “Şər imperiyası” adlandırmışdı. Əslində kommunizmi, Sovet rejimini sevməyənlərin hamısı SSRİ-ni Cəhənnəm arxetipində görürdü. Bax, o zamanlar biz Demokratiyanı sevəndə, demokratiyanı arzulayanda 80-ci illərin axırında isə, artıq, təbliğ edəndə “başımızda” bu məntiq işləyirdi: əgər Sovetlər Cəhənnəmdirsə, Demokratiya Cənnətdir.

O zamanlar biz Demokratiyanı sevəndə, demokratiyanı arzulayanda 80-ci illərin axırında isə, artıq, təbliğ edəndə “başımızda” bu məntiq işləyirdi: əgər Sovetlər Cəhənnəmdirsə, Demokratiya Cənnətdir...
Yanlış, bax, bu məntiqdə idi. Adamları və özümüzü də belə aldatmışdıq. Halbuki biz Demokratiyanı camaata təbliğ edəndə Cənnət əlamətlərində, Cənnət arxetipi əsasında anlatmamalıydıq. Biz anlatmalıydıq ki, Demokratik cəmiyyət Cənnət deyil. Demokratik cəmiyyətin ən böyük dəyəri odur ki, Cəhənnəm deyil!

Xəstə cəmiyyətlərdən

Sovet ideologiyası üçün Sovet cəmiyyətinin böhranından danışmaq mümkün deyildi. 19-cu yüzldən bəri isə Amerikada və Avropada kitab çıxaranların dəbi demokratiyanın, ya Avropanın, ya da Batının böhranından danışmaq idi.

Bax, 80-90-cı illərdə biz bilməliydik ki, Demokratiya böhran cəmiyyəti olduğu üçün xəstə cəmiyyətdir. Ancaq xəstə totalitar, avtoritar, teokratik toplumlarından onun köklü bir fərqi var. Demokratik cəmiyyət aramsız olaraq özünə diaqnoz qoyur, xəstəlik başlayan yerini dürlü sosial proqramlarla sağaldır.

Ona görə də Demokratiya durmadan özünü sağaltma ilə məşğul olan sistemdir.

Bu Azərbaycan

Bu gün Azərbaycanda, sözsüz, Demokratiya yoxdur, demokratiyanın orda-burda düşüb qalmış fraqmentləri var. Ancaq bu gün hələ ki, Azərbaycanda Sovet Cəhənnəmi də yoxdur, hərçənd bu Cəhənnəmin sanki dalğası gəlməkdədir. Ancaq buna baxmayaraq çoxları çağdaş Azərbaycanı Cəhənnəm arxetipində görür.

Vergi yığanlar dükançıların rüşvət verməkdə “xəsisliyinə” görə, fəhlə tikinti sahibkarının az maaş verməsinə görə, Prezident Aparatının işçiləri müdirlərinin onlarının qədrini bilmədiyinə görə, müxalifətçilər millətin passivliyindən incidiklərinə görə ölkəni Cəhənnəm sayırlar. Ancaq bizdə özünədiaqnoz biabırçı haldadır.

“Niyə bizdə pisdir” sualının cavabında nə qədər korrupsiyadan, nə qədər satqın, yaltaq məmurlardan danışmaq olar?! Bizim korrupsiyadan, yaltaqlıqdan görünən pislərimizin, xəstəliklərimizin başqa diaqnostik modellərdə açımı var, biz isə onları tapmırıq. Ona görə də yazarlar, əsl müxalifətçilər korrupsiyanı çevir tatı, vur tatı təkrar edəndə adamların qavrayışı korrupsiya ilə bağlı korşalır və bu ittiham heç bir qəzəb oyatmır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG