Keçid linkləri

“Əcəb edirəm”. Böyüdüyüm Bakı küçələrində mübahisə edən tərəflərdən biri bu ifadəni işlədirdisə, qarşı tərəf böyük ehtimalla yumruqlarını işə salırdı. Sözün, məntiqin, dialoqun bitdiyi yerdir “əcəb edirəm” ifadəsi. Cəmiyyətlər məsələlərin bu yerə çatmaması üçün mürəkkəb mədəni, dini, siyasi və hüquqi anlayışlar sistemləri yaradıblar ki, onlar insanlar arasında, bir növ, bufer rolu oynasınlar.

Təbii ki, cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq bu bufer ya qalın və rahat olur, ya da nazik və təhlükəli. Amma ən az inkişaf etmiş cəmiyyətlərdə də insanlar arasında ümumi qəbul olunan oyun qaydalarının təsbitinə cəhd edilir. Şərti olaraq “şərəfə söykənən” və “qanuna söykənən” cəmiyyətləri bir-birindən fərqləndirirlər. Az inkişaf etmiş, dövlət sisteminin zəif olduğu, qanunların cinayətləri cəzalandıra bilmədiyi cəmiyyətlərdə “şərəfə söykənən” davranış qaydaları təşəkkül tapır. Məsələn, Əfqanıstanda, bir çox ərəb ölkələrində, Türkiyənin şərqində, Rusiyanın cənubundakı əhali daha çox bu kodeks əsasında yaşayır. O yerlərdə də rəsmi qanunlar var, dövlət strukturları var. Lakin birinin haqqı pozulduğunda o ictimai institutlar ədaləti bərpa edə bilmədiyinə görə camaat yazılmamış qanunlara pənah aparır. Lap feodal dövründə olduğu kimi. Bu cəmiyyətlərdə azadlıq, haqq-ədalət tələbi seçilmiş cəsarətlilərin hüququdur. Yerdə qalanlar isə qismətə boyun əyən məzlumlar təbəqəsində əziyyət çəkirlər.

Əslində “qanuna söykənən” cəmiyyətlər də yekunda şərəf və ləyaqət anlayışlarına əsaslanırlar. Öz şərəfini geniş anlayışla əhatə edən adamların sayı artdıca yeni bir sistemə ehtiyac duyulur ki, cəmiyyətdə qarşıdurma geniş vüsət almasın. Cəmiyyətdəki hər bir insanın şərəf və hüquq bərabərliyi anlayışı ortaya gəlir.

Beynəlxalq İnsan Haqları Bəyannaməsinin preambulu və birinci maddəsi insanların “şərəf və hüquq bərabərliyindən” başlayır. İnsan haqlarını, siyasi azadlıqları, demokratiyanı şərtləndirən ən mühüm amil də elə budur. Bir insan öz şərəfini digərininkindən aşağı saymayan andan öz hüquqlarına hörmət tələb edir. Ortada daim gəzən, amma tam çılpaqlığı ilə ortaya qoyulmayan iddia da budur ki, bu hüquq bərabərliyi rədd edilsə, alternativ “şərəfə söykənən” cəmiyyətlərin özü ilə gətirdiyi ağır qarşıdurmalar olacaq.

Bu fikir dünyanın ilk müasir respublikası olan ABŞ-ın İstiqlal Bəyannaməsində tam səmimiyyətlə ifadə olunub: “Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edib, onların sırasına yaşamaq, azadlıq, səadətə can atma hüququ da daxildir. Bu hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına əsaslanan hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə söykənən, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır.”

Təbii ki, hər şey göründüyü qədər sadə deyil. Konkret Azərbaycana gəlincə, ortada cavab veriləsi iki sual var: 1. İnsanlar şərəf və ləyaqət anlayışları adı altında nəyi başa düşürlər? 2. Cəmiyyətdə özünü şərəfli və ləyaqətli hesab edən insanların sayı və çəkisi nə qədərdir? Birinci suala cavab tapmaq lazımdır ki, insanların hansı məsələləri vacib hesab edib o xüsusda ictimai fəallıq göstərmələrini ölçmək mümkün olsun. İkinci sualın cavabı isə istənilən məsələ uğrunda göstərilə biləcək ictimai dirənişin miqyasını təxmin etməyə kömək edir.

Bütün bu nəzəri müddəaları sadələşdirsək, Azərbaycanda demokratik proseslərin gələcəyini proqnozlaşdırmaq istəyənlər üçün asan qavranılan bir formul alınır: Əgər cəmiyyətinizin demokratiyaya hazır olub-olmadığını ölçmək istəyirsinizsə, ətrafınıza baxın, görün adamlar nəyi şərəfli, ya şərəfsiz hesab edirlər və ümumiyyətlə diqqət edin, ətrafınızda nə qədər şərəfli adam görürsünüz?

Şərhləri göstər

XS
SM
MD
LG