Keçid linkləri

Yenə Cənnət və Cəhənnəm arxetiplərinə qayıdaq

Ötən dəfə Cənnət və Cəhənnəm arxetiplərini termin-metafora kimi işlədərək, Sovet toplumu və mədəniyyəti ilə Demokratik toplumun ayrılıqlarını düşünməyə və söyləməyə çalışmışdım. Bu dəfə o işi islamçı toplumla (teokratik, yəni guya ki, Tanrı ilə idarə olunan) toplumla dünyəvi-sekulyar-ləik toplumu yaxşı/pis baxımından ayırmaq üçün yapacam. Bunun üçün mənə öncə söylədiyim arxetipləri yada salmaq sonra isə yunanın hedonizm sözü gərəkəcək.

Ötən dəfə demişdim ki, insanlar alışıblar ki, yaxşı dünyanı Cənnət, pis dünyanı isə Cəhənnəm əlamətlərində görsünlər. Biz yaxşı şəhərdən və ölkədən danışanda işıq, gül-çiçək, şadlıq, kef, ləzzət simvollarından istifadə ediriksə, oranı Cənnət göstəricilərində anladırıq. Elə “bilməmişik, Sovet cənnətimiş” deyənlərin danışığında da bu arxetip var.

Sözsüz, üzdə hamı bilir ki, “Cənnət”i biz şərti, metaforik işlədirik, normal adam bilir ki, burada əsl Cənnət olammaz. Bilir, ancaq bilincsiz, şüursuz olaraq tez-tez də unudur. Teokratik toplumların, məsələn, Quranla və Şəriətlə idarə olunan dövlətlərin ideoloqlarının təbliğatında və öygüsündə xəlvətcə o işləyir ki, məhz Quranla və Şəriətlə yerdə Cənnət kimi dövlət qurmaq olar. Yoxsa necə sübut etmək ki, islamçı rejim dünyəvi rejimdən üstündür?!

Hedonizm haqqında

Bu sözün yunanca anlamı ləzzət və həzzdir. Hedonizm estetik termin kimi ləzzətə əsaslanan sübutları, seçimləri və dünya modelini bildirir. Hedonizm Cənnətlə birgə işləyir. Yəni islamçı toplumu Cənnət metaforasında öyənlər sanki “bu ləzzət dünyadır!” söyləyirlər. Və ya deyirlər ki, sən əsl ləzzətlə yaşamaq istəyirsənsə, Cənnət yarat.

Allahın sözünə sosial-siyasi spekulyasiyanın əsasızlığı

İslamçıların məntiqi budur: Quran Allahın sözüdür və deməli, necə düz yaşamağı, necə doğru cəmiyyət qurmağı bu Söz əsasında qurmaq olar. Sanki güclü məntiqdir ...
İslamçıların məntiqi budur: Quran Allahın sözüdür və deməli, necə düz yaşamağı, necə doğru cəmiyyət qurmağı bu Söz əsasında qurmaq olar. Sanki güclü məntiqdir. Ancaq İran örnəyində teokratik toplumlar göstərir ki, Allahın Sözünün yozumunda, uyğulamasında elə iki və daha çox nəticə alınır ki, bundan da tərəflər arasında didişmələr, düşməniçilik baş alıb gedir. Ancaq bu ayrı bir konudur.

Bu yaxınlarda bir tanışımla “islamçı teokratik toplumu niyə bəyənmirəm” sorusu ilə ilgili danışanda, dedim: Birincisi, Yer üzündə Cənnət yaratmaq olan iş deyil. Cənnət maddi dünyada olammaz! İslamçıların deyimlərində isə bu ideya gizlənib. Düzdür, onlar mənə deyə bilərlər ki, biz də Cənnət yaratmaq iddiasında deyilik və Cənnəti metafora kimi işlədirik. Biz, sadəcə, Yer üzündə mümkün toplumlardan ən yaxşısını, özü də Məhşər gününəcən sürüb gedən yaxşısını qurmağa iddialıyıq.

Məsələ belə qoyulanda mən söyləyirəm. Demokratiya da Cənnət iddiasında deyil. Hətta Demokratiya gerçəkləşdirdiyi toplumda aramsız böhranların qaçılmazlığını postulatlaşdırır. Anlayır ki, nəyisə düzüb-quranda, Yaxşıya çevirəndə, həməncə içəridən, ya dişarıdan “qurd” onu yeyir. Qadınların özgürlyünü artırır, ailələr tez-tez və asanca dağılır. Qadınlara təmin olunmuş dolanışıq verir, çoxları birdən artıq uşağın əziyyətini çəkmək istəmir. Oğlanlara yaxşı dolanışıq şansı verir, dolanışığa çatanda elə darıxırlar ki, özlərini pəncərədən atırlar və s. Söz azadlığı verir, adamlara daha informasiya ləzzət vermir. Sənətdə «izmlər» yaranır və bu da kinayə doğurur…

Demokratiyanın teokratik tolumdan üstünlüyü

Ancaq bu böhranlarda Demokratiyanın bir üstünlüyü var, onun bütün qurumları, bütün KİV-i, bütün elmi çevrələri, partiyaları toplumun xəstəliyini tanımaq və diaqnoz qoyub sağaltmaqla məşğuldurlar. Demokratiya özünü aramsız müalicə edən sistemdir.

İndi islamçılardan soruşuram, siz də Cənnəti təklif etmirsinizsə, elə bir sosial-siyasi sistemi təklif edə bilirsinizmi ki, onun mahiyyətinə söylədiyim özünüsağaltma “yazılıb”?! Axı, yalnız pluralizm, düşüncə azadlığı, günahla sərhədlənən düşüncə tərzinə “bu da olar” deyən toplumda yüksək səviyyəli özünə diaqnoz qoymaq mühiti mümkündür. Berdyayev deyirdi ki, ən böyük ateistlərin də ilahi missiyası var. Onlar dini tənqid etməklə dindəki düşüncəli və mənəvi adamları ölmüş, qaxaclanmış strukturlardan dini təmizləməyə stimullaşdırırlar. İslamçı rejimdə ateizmə belə yanaşma mümkündürmü?!

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.

Şərhləri göstər

XS
SM
MD
LG