Keçid linkləri

Bəlkə də, bu tarix Georg Orwellin “Min doqquz yüz səksən dörd” romanını yazdığı illərdə çox uzaq bir zaman kimi görünürdü.
Özünüz deyin, 35 il sonra - 2045-ci ildə gerçəkləşəcək bir olay bizdə hansı hisslər oyada bilər ki?
“Bir igidin ömrüdür” deyərik və gülüb keçərik...
Roman 2-ci Dünya Savaşının bitdiyi, soyuq savaşın başlandığı zamanda yazılmışdı.
Daha dəqiqi , 1949-cu ilin yayında ...

ROMANIN QƏRİBƏ ADI VARDI

Həmin il Londonun “Secker and Warburq” nəşriyyatı Georg Orwellin (əsl adı Artur Erix Bleyer) qəribə adlı “1984” romanını çapdan buraxdı. Yazıçı əvvəlcə romanı “Avropada sonuncu insan” adlandırmışdı. Sonra çap vaxtı “1984” üzərində dayandı.
Bir fikrə görə, Georg Orwell 1948-ci ildə yazmağa başladığı romanın sadəcə sonuncu iki rəqəminin yerini dəyişib.
Başqa bir yozuma görə, romanın adı yazıçının əsər üzərində düşündüyü ilin (1944) üstünə 40 il gəlməklə (Moiseyin yəhudiləri səhrada gəzdirdiyi müddət) yaranıb.
Bir gümana görə isə, romanın adı Böyük Britaniyada sosialist hərəkatının--Fabian cəmiyyətinin 1984-cü ildə 100 yaşına çatacağı ilə bağlıdır. Hər halda romanın naşirinin də bu adın üzərində möhkəm dayandığı bildirilir.
Görəsən, əsərin adı ilkin variantda olsaydı, nə dəyişərdi? Gəlin etiraf edək ki, “1984” bir roman üçün, üstəlik, içində bu qədər sosial mesajlar olan roman üçün çox uğurlu ad idi.
Ondan öncə yazıçı bu mövzuda “Heyvanıstan” (“Animal farm”) romanını ortaya qoymuşdu. Bu povest 1917-ci il inqilabına və sonrakı hadisələrə alleqoriya kimi yazılmışdı. Sonralar araşdırıcılar “Heyvanıstan”ı “1984” üçün bir məşq sayacaqdılar...

YAZIÇI HİNDİSTANDA DOĞULMUŞDU

Georg Orwell 1903-cü il iyunun 25- də Hindistanda (Motixari) ingilis-hind ailəsində doğulmuşdu. Atası Riçard Bleyer ticarət agenti idi. Balaca Georg, daha doğrusu, Artur çətin ki, doğulduğu ölkəni - ana vətənini xatırlayaydı. Çünki onun cəmi bir yaşı olanda, ailə İngiltərəyə köçür. Gələcəyin məşhur yazıçısı uşaqlıq və ilk gəncliyini burada keçirməli olur. Artur dövrün sayılan məktəbində, sonra kollecdə təhsil alır. Avropanı dolaşır, yaradıcılığa başlayır.
1949-cu ildə “1984” romanını yazıb bitirəndə, Georg Orwellin 46 yaşı var idi. Və bu son roman belə bir əsər üçün yetərincə ideal yaşda yazılmışdı.

GEORG ORWELL HƏYATIN HƏR ÜZÜNÜ GÖRMÜŞDÜ

Mister Orwell yetərli dərəcədə həyat təcrübəsi, dünyagörüşü, yazı vərdişi qazanmışdı. Özünü biləndən bədii yaradıcılıqla, publisistika ilə məşğul idi. Poemaların, ustalıqla yazılmış esselərin müəllifiydi. İspaniya vətəndaş müharibəsinin iştirakçısı olmuşdu, bu barədə roman da yazmışdı.
Yenicə nəfəsi kəsilən faşizmin doğuş və yaşamını, çöküşsonrası acı mirasını – sonsuz xarabalıq və insan məzarlıqlarını görmüşdü. Savaş illərində “BBC” radiosunda antifaşist proqramları da aparmışdı.
Böyük Oktyabr Sosialist İnqilabının dünyada yaratdığı vəlvələyə şahidlik etmişdi. Dünya ədəbiyyatında totalitarizmlə bağlı yazılan əsərləri oxumuşdu. Onlara resenziyalar da yazmışdı. Yəni Georg Orwell nə yazdığının fərqindəydi...

“1984”-Ə 1984-CÜ İLDƏ FİLM ÇƏKİLDİ

Roman böyük əks-səda doğurdu. Tezliklə stolüstü kitaba çevrildi. Hətta 1956-cı ildə roman ekranlaşdırıldı. Daha bir film romanın adının əbədiləşdirildiyi ildə -1984-cü ildə çəkildi. Romanın üçüncü ekran həyatının yaxın vaxtlarda baş tutacağı yazılır. Filmlər də roman kimi hay-küy doğurdu. Amma nə SSRİ adlanan məmləkətdə yaşayan ata-analarımız, nə də onların övladları olan bizlər həmin filmləri görə bildik. Deyilənə görə, belə bir romanın yazıldığı, hətta filmin çəkildiyi barədə pıçıltı ilə də olsa söhbətlər dolaşırmış. Sən demə, roman 1959-cu ildə rus dilində “tam məxfi” qrifi ilə çap edilib məhdud dairədə yayılıbmış. Hətta romanın “samizdat” variantı da varmış...

KİTAB SSRİ-DƏ QADAĞAN OLUNDU

Başqa cür ola bilməzdi! Təkcə SSRİ-də yox, sosialist ölkələrində də kitaba qadağa qoyuldu. Deyilənə görə, Qərbin solçu dairələri də kitabı boykot edirmişlər. Səbəb? Səbəb çox sadə idi. Çünki bu, “TOTALİTARİZMİ VAHİMƏYƏ SALAN KİTAB” idi. Böyük hərflərlə verdiyim bu sözlər indiyədək dünyanın 70-dən çox dilinə çevrilən kitabı Azərbaycan dilində səsləndirən tərcüməçi - Vilayət Quliyevin yazdığı Ön sözün başlığıdır. Tərcümə bu il “Azərbaycan” jurnalının 4 sayında çap olundu. Tezliklə kitab halında çıxacağı gözlənilir.
Vilayət bəyə bu məşhur romanı ingiliscədən dilimizə çevirdiyi üçün sonzuz təşəkkürlər düşür. O, iki il öncə C.Orwellin “Heyvanıstan” əsərini də oxuculara təqdim etmişdi.

ROMANDA NƏLƏR VAR?

Hadisələr 1984-cü ildə baş verir. Totalitar Okeaniya dövlətinin bir şəhərində, daha doğrusu, Londonda. Niyə London? Yazıçı bir məktubunda yazır ki, romanım sosializmə, tərəfdarı olduğum Leyboristlər partiyasına hücum kimi qəbul edilməməlidir, mən kommunizmin və faşizmin törətdiyi özbaşınalıqları göstərməyə çalışmışam. Hadisələrin Britaniyada baş verməsinə gəldikdə isə ingilisdilli irqin başqalarından seçilmədiyini və mübarizə aparılmadığı halda totalitarizmin hər yerdə qələbə çala biləcəyini diqqətə çatdırmaq istəmişəm...
Okeaniya böyükdür, yer kürəsinin üçdə birini tutur. İki düşməni var—Avrasiya və İstasiya. Onların arasında mübahisəli ərazilər var. Bitib-tükənməyən müharibələr gedir. Üçü də silahlanır. Savaşdan gah o, gah da o biri qalib çıxır.

OKEANİYADA VƏTƏNDAŞLAR HÜQUQSUZDUR...

Cəmiyyət Daxili partiya və Kənar partiya üzvlərinə bölünüb. Üçüncüsü də var. Onlara prol deyirlər, yəni bizim bildiyimiz proletariat...Daxili partiya üzvləri əhalinin 2 faizidir, ölkənin bütün sərvətləri onların əlində və nəzarətindədir. 13 faizlik Kənar partiya üzvlərinin işi isə Daxili partiyaya tam xidmət və sədaqət göstərməkdən ibarətdir. Onlar yaxşı yaşamırlar. Qaldı prollara, əhalinin 85 faizini təşkil edirlər və tam hüquqsuzdurlar...

BÖYÜK QARDAŞ SƏNƏ BAXIR!

Ölkəni Böyük Qardaş idarə edir. Hər yerdə iri portretləri asılıb, hər yanı heykəlləri, büstləri bəzəyir. Dövlətin tarixi də onunla başlayır. Georg Orwell elə belə də yazır: Böyük Qardaş sənə baxır! Ən maraqlısı, əsərdə Böyük Qardaşın ancaq adı çəkilir - özü yoxdur. Amma o hər yerdə var!
Bu ölkədə fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü ÖLÜM deməkdir. Bu ölkədə Fikir polisi var...

ÖLKƏ TELEEKRANLA İZLƏNİLİR...

Hər yerdə teleekran quraşdırılıb. Hamı izlənilir. Hətta evlərdə də teleekran var. Bütün gün boyu təbliğat xarakterli verilişlər yayımlanır. Müharibə meydanından xəbərlər verilir. Səhər saat 7-15-də teleekran səni yuxudan oyadır. 3 dəqiqədən sonra səhər gimnastikası başlayır. Burda başdansovduluğa yol verə bilməzsən. Teleekran səni izləyir və üstünə qışqırır: Smit! Axıra qədər əyilin! Kənar partiya üzvlərinin gündə yarım saat teleekranı söndürmək hüququ var. Prollar isə heç adam yerinə qoyulmur. Onların mənzillərində ekrana ehtiyac yoxdur...

YENİ DİL LÜĞƏTİ—MAĞARA TƏFƏKKÜRÜNƏ QAYIDIŞ

Ölkədə artıq X1 nəşri hazırlanan “Yenidil lüğəti” var. Bu lüğətdə bütün yad fikir və anlayışlar dildən çıxarılır. Çünki tərtibçilərin fikrinə görə, sözlər çıxarıldıqca, fikirləşmək imkanları da daralacaq. Kitabın tərcüməçisinin yazdığı kimi, “insan totalitar rejim üçün ən yararlı vəziyyətə -- mağara təfəkkürü səviyyəsinə qayıdacaqdır”.

ÖLKƏ ACDIR...

Hətta Kənar Partiya üzvləri ancaq onlara veriləni yeyə bilir. Bir-birinə “yoldaş” –deyə müraciət edən üzvlər normal kofe, içki qoxusuna belə həsrətdirlər. Hətta geyim kuponla verilir. Daxili Partiya üzvləri isə kefdədirlər. Ürəkləri istədiyini yeyə və geyə bilirlər...

SEVMƏK QADAĞANDIR

Mən səni sevirəm - demək də. Əsərin qəhrəmanı Uinston Smit Culiya adlı bir qıza aşiq olur və teleekrandan gizlənib onunla görüşür. Smit daha irəli gedir. Partiyaya qarşı çıxmaq qərarına gəlir. Gizli Qardaşlıq cəmiyyətinə üzv olmaq istəyir. Amma hər şey qorxunc sonluqla bitir. Sirrin üstü açılır. Smit də, Culiya da dəhşətli işgəncələrdən keçirlər və sonda sağ qala bilsələr də bir-birinə yadlaşmış, sındırılmış, mənən alçaldılmış adamcığazlar halına düşürlər...
Totalitarizmin mahiyyəti bundan ibarətdir. Öz fikri olmayan, kölə, başıaşağı, manqurt bir kütlə formalaşdırıb idarə etmək...

BU ROMANI MÜTLƏQ OXUYUN!

Mütləq oxuyun. Artıq öz dilimizdə olduğu üçün çox da vaxtınızı almayacaq. Yeri gəlmişkən, tərcümənin dili oxunaqlıdır. Dili anlayan, bilən usta əl gəzdiyi həmən anlaşılır. Bu kiçik yazıda mən roman barədə istədiyimi deyə bilmədim. Odur ki, özünüzün oxuması məsləhətdir. Romanı Yazıçılar Birliyinin saytından oxuya bilərsiniz. “Azərbaycan” jurnalının 2-6 –cı saylarından da. Bir qədər gözləsəniz, kitab halında da çıxacaq.

ELƏ BİR ƏSƏR QOYUB GETDİ Kİ...

Georg Orwell 1950-ci il yanvarın 21-də Londonda vərəmdən öldü. Totalitarizmin yıxılacağını güman etdiyi ilə qədər –1984-cən yaşamaq ona nəsib olmadı. Amma cəmi 81 yaşda olacaqdı. Əsrin çalxalanan zamanında dünyaya gəlməsi, diyarbədiyar dolaşması, çox vaxt təsadüfi qazancla keçinməsi onun səhhətinə öz möhürünü vurdu. Əksər dahilər kimi o da tez öldü--47 yaşında dünyayla vidalaşdı. Onun öz sözüdür. Deyir “Əllisində bizim hər birimiz layiq olduğu sifəti alır”. Layiq olduğu sifəti isə Georg Orwell əllidən öncə almışdı...

DÜNYANIN 10 ƏN MÜHÜM KİTABI

Ötən il ABŞ-ın “Newsveek” dərgisinin keçirdiyi sorğu “1984” romanını dünyanın 10 ən mühüm kitabı sırasına yazdı. Özü də ikinci yerə. Bilsəniz “1984” siyahıda kimlərlə yanaşı dayanıb? Ancaq L. Tolstoyun “Hərb və sülh” romanından geri qalır. James Joyce, Vladimir Nabokov, William Folkner, Ralph Ellison, Virginia Woolf, Jane Austen və Dante Alighieri . Siyahı belə tamamlanır...

ƏN GÜLMƏLİSİ...

Sən demə, totalitarizm haqqında ən dərin, ən kəskin, ən amansız kitabın müəllifi olan Orwell uzun zaman kommunistlərlə əlaqədə suçlanıb. Britaniya əks-kəşfiyyatı 2007-ci ildə yazıçının gizli dosyesini açandan sonra məlum olub ki, 1950-ci ilə - ölənə qədər onu güdürmüşlər. Agent 1942-ci ildə onu belə xarakterizə edir: “Bu adamın yetişməkdə olan kommunist baxışları var. Bəzi hind dostları onu tez-tez kommunistlərin yığıncağında gördüyünü deyir”.
Bu yığıncaqlar gələcəkdə yazacağı romanlar üçün material toplayan bir yazıçının müşahidə obyekti ola bilməzdimi? Deyəsən, onu “kommunistlərə rəğbətdə” suçlayan Britaniya əks-kəşfiyyatı mənim kimi düşünmürmüş...

GƏLƏCƏYİN OBRAZI - İNSAN SİFƏTİNİ DAİM TAPDALAYAN ÇƏKMƏ...

Georg Orwellin öz sözüdür. Görəsən, böyük yazıçı niyə gələcəyin obrazını belə görürmüş?
Azadlıq - iki dəfə ikinin dörd etdiyini demək imkanıdır.
Bu da Georg Orwellin artıq dillərə düşmüş deyimidir.
Görünür, bütün zamanlarda iki dəfə ikinin dörd olduğunu deməyin heç də asan olmadığına əminmiş böyük yazıçı.
Romanın yazılışından 60 ildən də çox keçməsinə baxmayaraq, elə biz özümüz totalitarizmin gah ölüb, gah dirildiyinin şahidi olmuruqmu?
Amma nə yaxşı ki, belə kitablar var.
Vahiməyə salmaq elə sonun başlanğıcıdır!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG