Keçid linkləri

Bəli, sükut pozuldu. Bir qədər gec, düz on yeddi ildən sonra olsa da. Misal var, deyirlər ki, heç olmamaqdansa, gec olması da yaxşıdır. Bu illər ərzində Türkiyədən bir giley vardı. Seçkilər saxtalaşdırılır, insanlar incidilir, ölkə elə bil yadlar tərəfindən idarə olunurdu, amma Türkiyə susur, susurdu. Düz on yeddi il beləcə davam etdi, əsl türkçülər Türkiyəni öz yanlarında görmədilər, onun səsini eşitmədilər. Amma 2010–cu ildə nəhayət ki, «tabu» götürüldü və təxminən on yeddi ildən sonra Türkiyənin mətbuatı və fədakar insanları Azərbaycanın yüksək siyasi elitasının nümayəndələri haqda həqiqətləri dilə gətirməyə başladılar. İlk öncə Turqut Ər danışdı. Çoxdandı ki, qəzetlərə marağı tamam sönmüş azərbaycanlılar birdən – birə qəzetləri axtarmağa və Turqut Abinin kitabından səhifələri oxumağa girişdilər. İndi mən insanların hansı hissləri keçirdiyini tam təfərrüatı ilə yazmaqda acizəm, bəlkə, buna heç ehtiyac da yoxdur, çünki Turqut Abi özü hər şeyi bilir, bir neçə dəfə elə bu xüsusda müsahibə də verib... Dünən isə daha bir türk insanının – Yəhya Taştələnin müsahibəsini oxudum. Yazı insanları tarixə həmişə həssas olur. Bir məsələ məni həmişə narahat edirdi. Doğrudanmı, Azərbaycanın ən yeni tarixi yazılmayacaq? Doğrudanmı, bu illərin şahidləri bu haqda olduğu tək danışmayacaq? Artıq bu təlaş çəkilməkdədir, çox güman ki, elə rəsmi siyasi elita da bunu dərk edib, ona görə də bizdən fərqli olaraq onların təlaşı artıb, çünki onlar da hiss edirlər ki, bu vaxta qədər çox kitablar dərc etsələr də, inandırıcı heç nə yaza bilməyiblər, bircə müsahibə, bir kitab on illər ərzində yazılan neçə – neçə «əsəri» alt –üst edir...
Bir mahnıda deyildiyi kimi: sən uzaq yaşıl ada! Deyilənə görə, sovetlər vaxtı senzorlar bu mahnını buraxmaq istəmirlərmiş. Onların fikrincə, bu mahnının müəllifləri «uzaq yaşıl ada...» - deyəndə Türkiyəni nəzərdə tuturmuşlar.Yaşıl ada artıq uzaq deyil...


BƏS SİYASƏTÇİLƏR NƏ DÜŞÜNÜR?

Təbii ki, yazılanlar hələ cəmiyyətin, daha dəqiq desək, onun üfüqi kəsiminin mövqeyini əks etdirmir. Onun siyasətə sirayət etməsi mümkün ola da bilər, olmaya da. Amma Türkiyə də demokratik dövlətdir və orada Azərbaycandan fərqli olaraq siyasətçilər ictimai rəydən asılı olur, ona diqqətlə yanaşırlar. Elə bu səbəbdən deyilənlər və yazılanlar şübhəsiz ki, təsirsiz ötüşməyəcək. Bu, həm də bir ictimai qınaq aksiyasıdır, demokratik ölkələrdə bundan çox geniş istifadə edilir... Siyasətdə təbii ki, prinsiplərlə maraqlar heç də həmişə uzlaşmır, çünki geosiyasət, nə bilim, geoiqtisadiyyat, daha nələr, nələr var... Amma həm öz ictimaiyyətinin mövqeyi, həm də sıravi azərbaycanlıların rəyi türk siyasətçiləri üçün artıq qeyd etdiyimiz kimi, maraqsız ola bilməz. İndi R.T.Ərdoğanın Bakıya səfəri gözlənilir. Səfər yaxın üç ay ərzində reallaşmalı və baş tutmalıdır. Baş nazir Yüksək Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlir. Amma məşhur saytın açıqlamaları iki ölkə arasındakı strateji əməkdaşlığın heç də ideal formada olmadığını aşkar etdi. Təbii ki, bu da daha bir ciddi siqnaldır və siyasətçilər ən azı öz aralarında bu detala da aydınlıq gətirməlidirlər. Yenə də hər şey inkar ediləcəkmi?... Yox, artıq bu üsul yaramır. Həm də siyasətçilər düşünülən qədər də sadəlövh deyillər, baxmayaraq ki, onlar bir çox hallarda özlərini lap sadəlövh insanlar kimi aparırlar, heç nə olmamış kimi görüşür və danışırlar...

SƏN YAXIN YAŞIL ADA...

Bir mahnıda deyildiyi kimi: sən uzaq yaşıl ada! Deyilənə görə, sovetlər vaxtı senzorlar bu mahnını buraxmaq istəmirlərmiş. Onların fikrincə, bu mahnının müəllifləri «uzaq yaşıl ada...» - deyəndə Türkiyəni nəzərdə tuturmuşlar. İndi mən bilmirəm, bu, nə dərəcədə həqiqətdir.

Bildiyim budur ki, yaşıl ada artıq uzaq deyil... O, artıq uzaqlığı ilə cəzb etmir, əksinə yaxınlığı ilə isidir. İndilər bu yaxınlıq daha çox hiss olunur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG