Keçid linkləri

Ay hökumət, neft payım nə oldu?


Dünya bazarlarında neftin qiymətinin sürətlə enməsi onların reallaşmasına imkan vermirdi. İndi isə yenidən əlverişli şərait yaranmağa başlayıb

Dünya bazarlarında neftin qiymətinin sürətlə enməsi onların reallaşmasına imkan vermirdi. İndi isə yenidən əlverişli şərait yaranmağa başlayıb

2010-ci ilin Azərbaycana enerji baxımından necə gəlhagəlli olduğunu yazmışdım. Oxumayanlar üçün bircə onu qeyd etmək istərdim ki, təkcə mənfəət neftinin satışından Azərbaycanın orta gündəlik qazançı $40 mln-dan çox olub. Bu qazancın belə artımına iki amilin xüsusi təsiri olub: əvvəla 2009-cu illə müqayisədə neft hasilatı 2,5% artıb, ikincisi isə ixrac neftinin qiyməti 29,4% yüksələrək $80-a çatıb. Ona görə də, Azərbaycan hökumətinin kefi kök, damağı çağ olub və olmaqdadır.

Nəyə görə «olmaqdadır» yazıram, çünki 2011-ci ilin ilk həftəsi neftin qiyməti artıq $95-ə qədər gəlib çatıb və dünyanın tanınan-tanınmayan əksər iqtisadi beyın mərkəzləri onu vurğulayırlar ki, bəs London birjasında neftin 1 barelinin qiymətinin $100-ü aşması heç də uzaqda deyil. Xatırladım ki, 2008-ci ildə Brend markalı neftin Londonda qiymətinin bu həddi aşması yanvarın 2-də qısa müddətdə qeydə alınmış və 28 fevraldan ta həmin ilin 10 sentyabradək qiymət $100-dan aşağı düşməmişdi. Yadınıza gəlirmi o zamanlar gündəmə nə qədər MEQA Layihələr gəlmişdi. Düzdür, onların çoxu elə kağız üzərində qalsa da, ancaq gündəmdən də çıxmamışdı. Çünki dünya bazarlarında neftin qiymətinin sürətlə enməsi onların reallaşmasına imkan vermirdi. İndi isə yenidən əlverişli şərait yaranmağa başlayıb: hətta qiymətin hazırkı səviyyədən 30% ucuzlaşması belə gələn gəlirlərin $14 mlrd-dan az olmamasına dəlalət edir (neft ixracı ildən ilə artmağa doğru gedir).

İKİ ÖLKƏNİN YÜKÜNÜ ÇƏKƏN ŞİRKƏT
Milli hökumətimiz dövlət başçısının yanında keçən müşavirələrdə ÜDM –dən və meqa layihələrdən danışır, hansını ki, Məmməd dükan-bazarda görmür və ya orada gördüyünü hökumətdən eşitmir..


Beləliklə, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) cari ildə Neft muzeyinin tikintisinə başlamağı qərara alıb. Bundan əlavə SOCAR Bibi-heybətdəki «gecəqonduları» da sökərək onların yerində 2000 mənzillik bir Neftçilər şəhərciyi tikməyi qərarlaşdırıb. Dalı gəlir... Əzizbəyov və Sabunçu dairələri arasında Böyük Şor gölünün qurudulmuş hissəsində 80 minlik tutumu olan Respublika Olimpiya Stadionunun təməl yeri müəyyənləşdirilib (SOCAR-ın geoloqları lazımi işləri artıq başa çatdırıblar), AMAY ticarət mərkəzindən NZS adlı yaşayış məskəninə qədər yeni Ağ Şəhər layihəsinin icra edilməsinə də başlanmalıdır. Hələ bu harasıdır: SOCAR-ın Gürcüstandakı törəmə şirkəti ölkənin Futbol Federasiyası ilə müqavilə imzalayıb ki, bundan sonra bu ölkədə futbola xüsusi qayğı göstərəcək (yəqin ki, Tiflisin «Dinamo» klubu Avropa turnesinde «SOCAR» köynəkləri ilə meydana çıxacaq) və sair. Bəs necə artıq iki ildir ki, dalbadal «SOCAR Georgia» Gürcüstanın 1 nömrəli vergi ödəyicisidir – orada hamı Mahir Məmmədovun (SOCAR-ın Gürcüstan filialının rəhbəri) başına and içir. Bəs necə, korrupsiyanın ərimiş olduğu bir məmləkətdə milyonların gözü qabağında belə bir quruma başçılıq etmək axı doğrudan da hər kişinin işi deyil! Başqa gözqamaşdırıcı layihələri yazmıram, çünki onların birbaşa neftə dəxli yoxdur.

BAHALI NEFTİN QORXUSU


Nəyə görə müstəqil iqtisadçılar və ekspertlər hökuməti neçə illərdir ki, inandırmağa çalışırlar ki, bəs büdcənin gəlirlərinin diversifikasiyasına (çoxşahəliliyi) başlasınlar və onun neftdən asılılığını tədricən azaltsınlar? Ona görə ki, neftdə həqiqətən məstedici amillər var: qısa zaman kəsiyində qiymət artır, gəlirlər çoxalır, bilmirsən hara xərcləyəsən, dövlət büdcəsi hesabına xərcləmələr artır, layihələrin miqdarı çoxalır, onlara nəzarət zəifləyir, qapan-qapır, nəticədə bazarlarda hər şeyin qiyməti də çıxır «kəllə-çarxa». Azərbaycan büdcəsinin yarısı Neft Fondundan gələn gəlirlərdən ibarətdir, digər 20%-i isə SOCAR, xarici neft şirkətləri və onlara xidmət göstərən qurumların ödəmələri hesabına formalaşır. Belə olan halda məst olmayıb neyləyəsən - Azərbaycanın vergi daxilolmalarının 96%-i paytaxt və onun ətrafının payına düşür, bunun da 70%-i neftin. Onda sual olunur – bəs hökumət nə işlə məşğul olur?

AY HÖKUMƏT, NEFT PAYIM NƏ OLDU?


Doğrudan da, mən hələ yadıma sala bilmirəm ki, Artur Rasi-zadənin başçılığı altında keçən bir iclası, müşavirəni və ya dəyirmi(siz) stolu AzTV lentə alsın. Çox güman ki, belə şeylər olmur və elə səviyyədə olur ki, adam arasına çıxartmağa üzləri gəlmir.

Sadə Azərbaycan vətəndaşı Yeni ili qarşılamaq üçün Tiflisə gedir (belə getsə, Novruzu da orada keçirəcəklər), saysız-hesabsız SOCAR «zapravkalarına» baxır, yerli polisin onlarla nəzakətli davranışını və ucuz yeyib-içməyi görüb az qala havalanır...Təbii ki, dilə gətirdiyi də bu olur – neftdən mənə düşən nə oldu axı! Milli hökumətimiz isə dövlət başçısının yanında keçən müşavirələrdə ÜDM –dən və meqa layihələrdən danışır, hansını ki, Məmməd dükan-bazarda görmür və ya orada gördüyünü hökumətdən eşitmir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG