Keçid linkləri

Mədəniyyətin bir parametri

Demokratiyanı sıxı-sıxı diskussiya və debatlarla bağlayırlar. Ancaq mənim özüm on-on beş il bundan qabaq «demokratiya və diskussiya» konusunu yadıma salmadan belə bir ideya formulə etmişdim ki, mədəniyyətləri onunla tutuşdurmaq, xarakterizə etmək olar ki, adamları nədən necə söhbət edirlər. Bununla bağlı hətta İsveçdə araşdırma aparmış və müsahibə götürdüyüm adamlardan ən çox və həvəslə nədən danışdıqlarını soruşmuşdum. Cavablar məni mat qoymuşdu. Demə, isveçli kişilər daha çox idman yaşlarından, avtomobil markalarından, bir də səyahət təəssüratlarından danışırlar.

Dekartın “cogita ergo sum” diskursundan törəyənlər

Fransız filosofu Dekartın ünlü düsturu var, «mən düşünürəm, deməli varam» (“cogita ergo sum”). Deyimi Dekart onun üçün atmışdı ki, hər nəsnənin şübhə doğurduğu bu dünyada elə bir şübhəsiz fakt tapsın ki, onu birinci pillə edib sonra üstündə düşüncə pilləkəni düzəltmək mümkün olsun. Dekartın bu deyimi sonralar modelə, qəlibə çevrilərək dürlü diskurslar törətmişdi, məsələn, «mən gülürəmsə, deməli varam», «mən tükədirəmsə, (istehlak edirəmsə), deməli varam» və s.

Azərbaycan söhbətini Dekart qəlibinə yığsaq

İndi Azərbaycanda nədən, necə söhbət edirlər» sualını açmaq üçün həmin qəlibə bu deyimi qoymaq olar: «Mən narazıyamsa, deməli, ağıllıyam», «mən şikayət edirəmsə, deməli, vicdanın səsiyəm».

Doğrudan da, Azərbaycanın söhbət məkanının əsas düşüncə tərzi bu düstur üstündə qurulub. Kimsə belə bir məntiqi sonuc çıxara bilər ki, əsl Medianın funksiyası hakimiyyətə yarınmaq deyilsə, toplumun problemini tapmaqdırsa, deməli, Demokratiyada onun təşkil etdiyi söhbətlərin əsas pafosu şikayət, ifşa, tənqid olmalıdır. Bundan çıxan o biri sonuc: Azərbaycanın söhbət məkanında «mən narazıyamsa, deməli, ağıllıyam», «mən şikayət edirəmsə, deməli, vicdanın səsiyəm» diskursunda açılan söhbətlər boldursa, deməli, Demokratik düşüncə də güclüdür. Ancaq güman ki, heç kim bizdə demokratiyaya doğru inkişaf olduğu ilə razı olmaz. Hərçənd «niyə» sorusunun cavabını da düşüncə prinsipində verəmməz.

Mənə elə gəlir ki, azəri narazılığı və şikayəti çox az hallarda dünyadakıların nəliyini, necəliyini, təhlükələrini tapmağa yönəlir... Çox az olur ki, «bəs bu durumda nə edək» tapmacasını tapır. Əsasən isə bizdə total narazılıq və şikayətlər «gör mən necə yaxşıyam, necə vicdanlıyam, necə ürəkliyəm» mənalarını görükdürmək üçün yapılır.

Azərbaycanda söhbət mühitinin durumu

«Dəyirmi masalar», konfranslar, sosial şəbəkə bu söhbət yamsılamalarından qurtulmaq üçün və həm də Demokratiyaya gərəkən söhbət mühitini yaratmaq üçündür. İndi isə buna bir örnək. Bu günlərdə Gəncədə bir dinləmədə iştirak etmişdim. Orada Prof. Qulu Məhərrəmli jurnalistlərdən tələb olunan vətənpərvərliyə qarşı çıxmışdı. Göstərmişdi ki, bizdə patriotizm tələbi onun üçündür ki, ciddi sosial, siyasi yazıları ölkəni, Dövləti, mədəniyyəti biabır edən mətnlər kimi şərləyib jurnalistlərdə kompleks yaratsınlar. Qulu Məhərrəmlinin söylədiklərinə elə oradaca mən açıqlama verdim: insanın haqqı var ki, patriot olmasın, kosmopolit olsun. O ki qaldı Mediaya, sözsüz, vətənə faydalı olmaq prinsipini açan vətənpərvərlik anlayışı işlək ola bilər, yəni insanlar nələrisə etməyə, nələrisə etməməyə patriotizmdən stimul və xəbərdarlıq ala bilər. Ancaq biz bilməliyik, jurnalistlə bağlı patriotizmə yaxşı baxsaq da heç vaxt onu aksiomatik gücü olan tələb saymamalıyıq.

Demokratik düşüncə mədəniyyətinə qulluq edən debatlar, bax, bu şəkildə, yeni müstəvilərə çıxmaq, yeni yöndən baxmaq üçün situasiyalar yaradır. Ancaq ən əsası debatlarda ideyaların, problemlərin çözümünün tapılması deyil. Ən əsası odur ki, sosial məkanı TV-lər, qəzetlər, saytlar ağıllı, ilginc, informativ söhbətlərlə bollandıranda adamlar düşüncə və danışmaq mühitinə düşüb orada yaxşı gübrəli torpaqda, təmiz havada çiçəklənən ağaclar kimi olurlar. Bugünkü Azərbaycan mənəvi məkanı isə ən çoxu TV-lərin günahından cansız, çat-çat torpaq kimidir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG