Keçid linkləri

Axır ki, qış sərt üzünü azacıq da olsa göstərdi. Neçə vaxtdır isti qışdan şikayətlənən Azadlıq əhli, (biz özümüzü belə çağırırıq) bir az sakitləşdi. Həftənin ilk yağışlı iş gününü evdə, amma kompyuter arxasında keçirirəm - “Leyli-Məcnun”u yazıram. Hava eynən 103 il əvvəlin Bakısı kimi soyuqdur. İlk opera seyrçilərindən fərqli olaraq mən soyuqdan qorxanam. Mənzilimiz də elə isti deyil. Amma “Leyli-Məcnun” sevgisindən yazıb da üşümək olarmı? Qurtar bu söhbəti və yaşamağa davam et!

SƏNƏ DƏ 200 MANATLIQ PLAN QOYSALAR...

İşə avtobusla getməyi sevirəm. Həm hava alıram, həm də mövzu. Bax, budur, sevimli 125 saylı avtobusdayam. Can Bakını şüşə arxasından seyr edirəm. Sürücü hər addımbaşı maşını saxlayır, hərdən də sərnişinlərin dalınca donquldanır: “Elə evin blokunacan sürdürəydin də!”.

Bir kişi dözməyib sürücünün yanına gəlib deyir: “Ay rəhmətliyin oğlu, nə var hər addımda saxlayırsan? Ancaq dayanacaqda saxla, vəssalam. Sənə nə deyəcəklər? Özün öyrətmisən də camaatı, indi də dallarınca danışırsan”.

Sürücü dillənmir, amma həmin kişi düşən kimi dili açılır, nə açılır: “Zalım oğlu! Mənə ağıl öyrədir. Sənin də belinə gündə 200 manatlıq plan qoysalar, hər tində saxlarsan!”.

TƏZƏ GƏLİNƏ TOY HƏDİYYƏSİ...

Məmləkətdə əcayib qətllər, soyğunçuluq, başkəsmələr, bıçaqlaşmalar davam edir. Həftə bir kişinin anası qarışıq arvad-uşağını qətlə yetirməsiylə başladı. Qonşular şokdadırlar. Çox sakit bir ailə mənzərəsi yaradıblarmış. Bu necə ola bilər? Sonra bir ana-qız evlərində qətlə yetirildi.

Ürəkağrıdan bir əhvalat isə Şəkidə baş verib. Təzə gəlin köçən 23 yaşlı bir qızı 29 yaşlı əri söyüb-döyüb-bıçaqlayıb. Səbəb? Təzə bəy qızın atasına söyüb. Gəlin də dözməyib ona cavab qaytarıb. İndi bıçaqlanmış gəlin xəstəxanada, bəy isə polis idarəsindədir...Teodor Drayzerin öz romanlarında təkrarladığı “Bəs sonra, sonra nə olacaq?” sualı aktuallığını qoruyur. Sual Drayzerdən, cavab bizdən (yəni sizdən)...

QUQUŞ “AYRILIĞ”I DAHA YEREVANDA OXUYACAQ...

Azərbaycan mediası Ququşu vəfasızlıqda suçladı. Sən demə, müğənninin illərdir Bakıya gəlməməyinin səbəbi...milliyyətcə erməni sevgilisiymiş. O, müğənnini özünün getmədiyi heç bir səfərə buraxmazmış. İndi əlac buna qalıb ki, bakılılar ya Ququşun sevgilisinin milliyyətini unudub hər ikisinə qucaq açmalıdır (Akif Nağının gözündən və qulağından iraq), ya da “Ayrılığ”ı yenə artıq bakılı olmuş Yaqub Zurufçunun ifasında dinləməlidirlər. Di haydı, seçim sizindir.

MİCHAEL DOUGLAS XƏRÇƏNGİ YENDİ!

Michael Douglas
Nə xoş xəbərdir! Doğrudan, çox sevindim. Sevimli aktyorun gündən-günə zəifləməsi, qulağının dibindən çıxan şişin get-gedə böyüməsi məni də üzürdü. Aktyor CNN-ə bildirib ki, müalicədən sonra özünü yaxşı hiss edir, qırtlağındakı şiş yox olub. Hətta çəkisi artıb. Filmə çəkilmək üçün dəvət də alıb. Filmdəki obraz onun keçirdiyi hala da uyğundur, amma şanslı deyil.

Aktyor AİDS-dən ölən şoumen və pianoçunu canlandıracaq. Deyilənə görə, o xanımı Catherine Zeta-Jonesla bir beynəlxalq kino festivalına da qatılıb. Nə deyək, Duqlasın sağ əli Türkiyədə müalicə olunan sənətkarlarımızın başına...

Türkiyə demişkən orada yaşanan bir dartışmadan söz açım...

“MUHTEŞEM YÜZYIL”

“Shov TV”-də yayımlanan “Muhteşem yüzyıl” dizisi elə birinci seriyadanca RTÜK-ün (Radio-Televizyon Üst Kurulu) qəzəbinə düçar olub. İlk reaksiya elə ilk seriyadan sonra hökumətdən gəlib – baş nazirin müavini Bülənd Arınçdan. Sonrası özünü çox gözlətməyib və Türkiyənin MTRŞ-si olan həmin quruma ilin başlanğıcından bu yana 70 minə yaxın şikayət daxil olub.

Alınan qərarda deyilir ki, dizi tarixi şəxsiyyətin intim həyatına müdaxilə edərək qanunu pozub. Üst Kurul indilik xəbərdarlıq etməyi yetərli saysa da, uyğun hallar təkrarlansa, dizini yayımdan yığışdıracağını bildirib. Xatırladım ki, bu dizi Kanuni Sultan Süleyman dönəminin saray həyatından bəhs edir və bəzi məhrəm səhnələrin olması təbiidir.
Diziyə baxdığımdan onu deyə bilərəm ki, heç nə bəlli çərçivəni aşmır. RTÜK - “tarixi şəxsiyyətlərin həyatı gerçəyi əks etdirməli və ya gerçəyə yaxın göstərilməlidir” – deyərək 2011-ci ilin Türkiyəsində daha bir dartışmaya səbəb verib. Hətta tanınmış köşə yazarı Mehmet Ali Birand da köşəsində bundan sonra “yaratıcı-farklı düşünce artık yasak”- yazıb və “bundan sonra bu tip dizi yapacak olanlar kayb etdi”- deyə üzüntüsünü dilə gətirib.

Birand RTÜK-ü “ kamuoyuna və muhafazekar kesime karşı bir duruş sergilememekde” suçlayıb. Bu dartışmalarda ən diqqətimi çəkən bilirsinizmi nə oldu? Təsəvvür edin ki, RTÜK üzvlərinin bəzisi də dizinin müdafiəsinə qalxdı. Siz heç bizim oxşar qurumda (MTRŞ) belə bir fikir ayrılığının olacağını ağlınıza gətirirsiniz?...

6 İLDƏ BİR KİTAB OXUMAYAN AKTYOR?!..

İsrafil İsrafilov
Cümə günü Akademik Milli Teatrın direktoru İsrafil İsrafilov açıqlamalar verib. İndiyədək haqqında hay-küylü xəbərlər dolaşan mövzunun - teatr işçilərinin müqavilə və müsabiqə yolu ilə təzədən işə qəbulu məsələsinin gündəmdən çıxarıldığını bəyan edib.
İsrafil bəy bir az da irəli gedib və teatrda 6 ildə bir kitab oxumayan aktyorların olduğunu söyləyib və daha sonra “insafsızlıq etmək istəmədim, onlara bir şans verdim, bəlkə şərait dəyişsə, onlar da dəyişər” –deyib.

O, teatrda dramaturgiya, rejissor siyasətinin də düzgün qurulmadığını bildirib. İstedadlı aktyor heyətinin ansambl halında işləyə bilmədiyindən gileylənib. “Əgər bütün bunları yoluna qoymasam, ərizəmi yazıb gedəcəm” - deyib.

İsrafil bəy! Elə isə niyə 5-10 gün öncə “Can Bakı” proqramına dəvət etmək üçün sizə zəng çaldığımda, hələ deməyə bir sözünüz olmadığını, bir az gözləmənin faydalı ola biləcəyini deyib məni inandırırdınız? Bəy əfəndi, əgər zamanı çatıbsa, sizi yanvarın 19-da efirə gedəcək “Can Bakı” proqramının canlı yayımına dəvət edirəm. Lütfən, gəlişinizi ertələməyin...

SƏTRİ XƏBƏRLƏR:


İçərişəhərdəki Qala divarlarına bitişik tikililərin söküntüsünə başlandı.
Rejissor Cahangir Mehdiyev 60 yaşına çatdı.
“Freedom House“ yenə Azərbaycanı qeyri-azad ölkə elan etdi.
“Human Rights Watsh” təşkilatının direktor müavini Azərbaycanda hicaba qadağaları pislədi.
Azərbaycan Dil Qurumu media təmsilçilərinə irad tutdu.
Azərbaycanlı rəssam Mehriban Əfəndi Fransada keçirilən “Cinema & Costume Moulins” festivalında ən yaxşı geyim rəssamı mükafatına layiq görüldü.
Kinematoqrafçılar Birliyində maliyyə problemi yarandı.
İran ali məktəblərində yaxın vaxtlarda tələbə qızlara parlaq geyimlər, dar cinslər və qısa ətəklər geyinməyi qadağan edən qaydaların tətbiq ediləcəyi xəbəri yayıldı.
2001-ci il yanvarın 15-də Cimmi Uels tərəfindən yaradılan və İnternetdə ən populyar onlayn ensiklopediya olan Wikipedia 10 yaşını qeyd etdi.
Türkmənistan prezidenti ölkədə yüksək vəzifə tutan bütün məmurların kompyuterdə işləməyi bacarmadıqları halda işdən azad ola biləcəyini elan etdi.
Şöhrətli Braziliya yazıçısı Paulo Kuelyo öz bloqunda yerləşdirdiyi yazıda İranda onun əsərlərinin satışına və çapına qadağa qoyulduğunu bildirdi.
ABŞ prezidenti Barak Obama ağladı.
Braziliyada sel və torpaq sürüşmələrindən 500-ə yaxın adam həyatını itirdi.
Ötən il üzvlüyə qəbulu dayandıran Azərbaycan Yazıçılar Birliyi bu il qəbulu bərpa edəcəyini, həm də sərtləşdirəcəyini xəbərlədi.
“Quş qripi”nə dözümlü toyuqlar yaradıldı.
Azərbaycan prezidenti rejissor Eldar Quliyevə “Şərəf” ordeni verilməsi üçün sərəncam imzaladı.
Ərəb şeyxləri 11 min dollara süni yağış sifariş etdilər.
BMW şirkətinin sərgi üçün Detroyta gətirdiyi 100 min dollarlıq avtomobil salona gətirilincəyədək qarajdan oğurlandı.
Tunisdə daha bir diktator hakimiyyətdən salındı və ölkədən qaçdı.
Vəssalam. Həftə bir qadının gözündə belə göründü.

Gələn həftə 20 Yanvara hamilədir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG