Keçid linkləri

Bu arada Azərbaycan mətbuatının çox ciddi bir problemi barədə yazmışdım. Yazıda ölkə mətbuatı üçün yeni təhlükələrdən danışmışdım. Mənə görə, icra hakimiyyətinin başçısı kimi İlham Əliyevin KİV-ə Dəstək Fondu yaradıb qəzetlərə pul paylaması, daha sonra ev tikdirib jurnalistlərə mənzil verməyə hazırlaşması demokratik bir ölkədə rüşvət kimi qiymətləndirilməlidir. Dövlət başçısının mətbuata verdiyi rüşvət kimi. Bu isə qanunla qadağan olunur, ölkə Konstitusiyanın prinsiplərinə, söz azadlığı standartlarına, demokratik ənənələrə ziddir. Zaman da göstərdi ki, məhz bu tədbirlərin hesabına mətbuata müsahibə verməyən, jurnalistləri həbsə atdıran, etiraz aksiyalarında vətəndaşları döyən polisləri cəzalandırmayacağını fəxrlə deyən bir dövlət başçısı jurnalistlərin dostu «seçildi» və onun bu mükafata layiq olmasını da yuxarıda dediyim «pay»larla əsaslandırdılar. Bəxtiyar Sadıqov AzadlıqRadiosunun efirində beləcə də dedi: niyə prezidentin verdiyi pulu alırlar, amma onun «jurnalistlərin dostu» olmasına etiraz edirlər? Əflatun Amaşov da bu mükafatın mənəvi əsaslandırılmasında prezidentin mətbuata və orada çalışanlara etdiklərindən danışmışdı.

Mən yenə sual edirəm: MÜSTƏQİL MƏTBUATI PREZİDENTİN AYIRDIĞI PULLARA ÖYRƏŞDİRMƏK NƏ ÜÇÜNDÜR? Sonda bu nəyi dəyişir? Müstəqil jurnalistikanı tamam məhv etmək üçündürmü bu? Həm də hakim siyasi partiyanın sədri olan prezidentin ayırdığı pullarla ölkə mətbuatının əsl problemlərini pərdələməyə niyə sakitcə tamaşa edirik? Bəli, ayrılan pullar bu gün mövcud olan müstəqil qəzetlərin də ehtiyaclarına hava və su kimi lazım ola bilər. Amma haradan doğur bu ehtiyac? Niyə qəzetlər bu qədər ehtiyaclıdır? Məsələn, nədən qəzetlər reklamdan pul qazana bilmir? Niyə reklamlara siyasi qadağa ortadan götürülmür?

Mətbuat yayımı sektoru hakimiyyətin inhisarındadır, yaxşı inkişaf etməyib, müasir standartlara cavab vermir, qəzetlərin satışı üçün bir əngələ çevrilib. Yalnız Bakıda qəzet satılan məntəqələrin sayı orta Avropa ölkəsində olduğundan 10 dəfə azdır. Regionlarda, kəndlərdə isə istəsən də qəzet tapıb ala bilmirsən. Supermarketlər ictimai-siyasi nəşrləri satmağa qorxur. Halbuki bütün dünyada satışın 30 faizdən çoxu supermarketlərin payına düşür. Abunə haqqında danışarkən hakimiyyətə bağlı qəzetlərin əsas tirajının abunədən ibarət olduğunu hökmən deməliyik. Necə olur ki, köşkdə satışı yox səviyyəsində olan qəzetin abunəsi köşkdə satışı ən yüksək olan qəzetlərin abunəsindən 500 dəfə çox olur? Aydındır ki, burada bir tərəfə siyasi imtiyazlı abunənin təşkilindən, digər tərəfə isə abunəyə qadağanın qoyulmasında söhbət gedir.

Bu əngəllərin aradan qaldırılması mətbuata ən böyük dəstək olardı. Hətta tirajlar indiki şərtlər daxilində bir neçə dəfə artardı. Mətbuata dəstək onun yemlənməsindən ibarət olmalı deyil, bunun əvəzinə sektorun infrastruktur inkişafına yardım etmək lazımdır. Məsələn, bu ilin əvvəlində FRANSA HÖKUMƏTİ 18-24 YAŞLI 200 MİN GƏNCİN QƏZETLƏRƏ ABUNƏÇİ OLMASINI MALİYYƏLƏŞDİRDİ. Gənclər abunə yazılacağı qəzeti özü seçir, abunənin pulu isə büdcədən ödənilir. Bu aksiyaya 15 milyon avro xərclənib. Ümumiyyətlə, bu il Fransa parlamenti hökumətə 600 milyon avronu mətbuatla bağlı aksiyalara xərcləməyə icazə verib. Hamısı sosial yönlüdür. Dünyada belə təcrübələr çoxdur, amma bizim təcrübədən heç harada yoxdur. Analoqsuzdur...

Niyazi Mehdi
Bunları yazdıqdan sonra ictimaiyyətdən, söz azadlığının qiymətini bilən və bilməli olanlardan mövzu ilə bağlı adekvat reaksiya, dəstək almadım. Xeyli düşünməli oldum, üstəlik professor Niyazi Mehdinin «Narazıyamsa, deməli ağıllıyam» sərlövhəli bloq yazısını, orada mediaya yönəlik fikirləri oxuyanda isə ölkəmizdə media probleminin daha dərin olduğunu anladım.

Niyazi müəllimin hədəfi narazı olanlardır, onların «özünü ağıllı sayması», «vicdanlı sayması»dır. Təəccüblüdür ki, Niyazi müəllim tənqid və ifşaların bolluğundan da danışır. Ondan sitat: «Kimsə belə bir məntiqi sonuc çıxara bilər ki, əsl Medianın funksiyası hakimiyyətə yarınmaq deyilsə, toplumun problemini tapmaqdırsa, deməli, Demokratiyada onun təşkil etdiyi söhbətlərin əsas pafosu şikayət, ifşa, tənqid olmalıdır. Bundan çıxan o biri sonuc: Azərbaycanın söhbət məkanında «mən narazıyamsa, deməli, ağıllıyam», «mən şikayət edirəmsə, deməli, vicdanın səsiyəm» diskursunda açılan söhbətlər boldursa, deməli, Demokratik düşüncə də güclüdür».

Görəndə ki, hörmətli professor narazılığı yaradan səbəbləri deyil, narazıları, tənqid və ifşaları hədəfə alır, açığı, çaşıb qaldım. Bunun adı nədir, narazılığı yaradan hakimiyyətdən yox, ölkənin əcaib hallarından haqlı olaraq narazı qalanlardan, bu narazılığı yazanlardanmı narazı olmaq? Həm də belə çıxır ki, bizdə insanlar ağıllı görünmək üçün narazılıq edir. Sanki hər şey əla gedir, narazılıq üçün səbəb yoxdur, bircə dərd var o da narazı olanların özünü ağıllı göstərməsidir...

Lap tutaq ki, kimsə özünü ağıllı göstərmək istəyir. Onun narazılıq haqqı yoxdurmu? AXMAQ ADAMLARIN ETİRAZ ETMƏK, HÜQUQLARINI TƏLƏB ETMƏK HAQQI YOXDURMU? Bəlkə qara günlərə qalmış qara camaata «sən sus, sənin ağlın yoxdur» deyək. Hələ mən onu demirəm ki, insanlar ağıllı görünmək istəməsi nədən ictimai problemdir? Kimə nə bundan? Rüşvətxorluqmu artdı? Neft gəlirlərimi oğurlandı? Kiminsə haqqınımı yedi, Dubayda mülkmü tikdi bu adam özünə?

Narazılıq, narazılığı bildirmək, yazmaq bir azadlıqdır. Söz azadlığı da hər kəsə verilib, axmağa da, oğruya da, vicdansıza da, özünü ağıllı göstərmək istəyənə də. Hər kəsə. Amma bilmirəm, «hər şey düzəlib, bir saqqal darağı qalıb» qismində olan 111-ci növ problemlərdən danışıb, ölkənin əsas dərdlərin barədə susmaq haqqı yazarlara, danışanlara verilibmi?!

Adama deyərlər ki, heç oğrunun günahı yoxdurmu? Adama deyərlər ki, narazılığını bildirənin başı dərdə girdiyi halda bu nə həmlədir? Adamın yadına salarlar ki, indi narazılığını bildirəni və narazılığını yazanı, Nitşenin təbirincə desək, günün-günorta çağı əldə çıraq axtarmaq dövrüdür. Adama sual edərlər ki, bəs bu narazılıq özü nədəndir və ağıllı görünmək üçündürmü? Ümumiyyətlə, bizim ölkədə necə narazı olmamaq olar?!

Nəhayət, mən mətbuatımızın yuxarıda yada saldığım problemlərinə birinə də əlavə edirəm. Danışa-danışa susmaq, əsas məsələdən həmişə yan ötmək məharəti və imkan varsa, danışanlara ağıl vermək...

Bir də Fransa hökumətinə pulsuz abunə kampaniyasına görə təşəkkür edirəm.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG