Keçid linkləri

Hüquq müdafiə təşkilatlarının hesabatlarında avtoritar adlandırılan ölkələrin liderləri üçün ağır günlər başlayıb. O liderlərin ki, həmişə özlərinin “özünəməxsus inkişaf yolundan” danışırlar. Amma nədənsə bu özünəməxsus inkişaf yollarının hamısı bir-birinə oxşayır.

Bir-birinin ardınca bəd xəbərlər gəlir, sunami dalğaları kimi. Bu, sıradan xəbərlər deyil, tərifli sabitliyə hələlik təhlükə yaratmasa da, onun çox da möhkəm olmadığını duyuran, hətta siyasətdən uzaq “obıvatel” şüuruna da təsir göstərən məlumatlardır. Hələ sıxışdırılıb təcrid edilmiş müxalifəti demirəm – sanki çiçəkləri çırtlayıb.

“WİKİLEAKS”İN AÇIQLAMALARI

Pis xəbərlər silsiləsi “WikiLeaks”in açıqlamaları ilə başladı. Avtoritar liderlər və ailələri haqda şayiələr, qeybət və dedi-qodu dünyanın aparıcı qəzetlərinin səhifələrinə çıxdı. Bu qəzet materiallarının ancaq az bir hissəsini sənəd və faktlarla sübut etmək olar, amma olar.

TUNİS HADİSƏLƏRİ

Ardınca isə Tunis hadisələri. Xalq küçələrə töküldü, cəmi bircə il əvvəl, 2009-un sonunda keçirilən prezident seçkilərində 89,6 faiz səs yığan qanuni prezident Zin əl-Abidin Ben Ali isə ölkədən qaçmağa məcbur oldu. Tunisdə küçə aksiyaları görünməyən şeydir, müxalif və fərqli düşünənlər ya həbsxanalarda, ya mühacirətdə, ya da ki qəbristanlıqdadır. Zarafat deyil, prezident ölkəsini 23 il idarə edib.

Tunis – sabit, dinamik inkişaf edən, yaxşı iqtisadi göstəriciləri olan bir ölkədir, bura hər il Avropadan milyonlarla turist gəlir. Cəmi bircə həftə əvvəl Fransanın xarici işlər naziri Ben Aliyə kömək üçün fransız polislərini göndərməyi təklif etmiş, başqa bir naziri isə Tunisin diktatura rejimi olmadığını açıqlamışdı. Amma birdən məlum oldu ki, narazılıq son həddə çatıbmış, dəli bir yanğın, partlayış üçün bir qığılcım yetərmiş.

“AİLƏ” KLANI


Tunisdə “Ailə” deyildikdə hakimiyyətdə olan Ben Ali ailəsini, klanı nəzərdə tuturlar və adətən onu mafioz qruplaşmalara bənzədirlər. Lap son vaxtlara kimi pıçıltı ilə. Məlum oldu ki, başıaşağı, dözümlü, etiraza, xüsusən də üsyana meylli olmayan tunislilər rüşvətdən, korrupsiyadan, qanunsuzluqdan, məmur və varlı özbaşınalığından, öz yoxsulluqlarından, televizordan və seçki qutularından baxan eyni sifətlərdən boğaza yığılıblarmış. Gözlənilmədən məlum oldu ki, Tunisin ağıllı, gözəl, xalq tərəfindən sevilən birinci ledisi Leyla Ben Ali və onun ailəsi camaatda dözülməz qıcıq doğururmuş.

Ən pis xəbər isə o idi ki, Tunisli hərbçilər nümayişçilərin tərəfinə keçməyə başladı.

QƏDDAFİNİN TƏDBİRİ

Etiraz dalğası qonşu ərəb ölkələrinə gedib çatdı və hətta Liviya lideri Qəddafi ərzağın qiymətlərini aşağı salmağa məcbur oldu. Misir prezidenti, İordaniya kralı və digərləri də eyni qərarlar verdilər. Düzünü desəm, bu təəccübləndirdi məni. Ərzağın qiymətini salmağa nə ehtiyac? Axı hökumət dəfələrlə deyib ki, qiymətlər bazar iqtisadiyyatı qanunlarına əsasən, tam obyektiv olaraq formalaşır...

“DİKTATORLARDAN QORXMAYIN!”


Kütlə Leninin dediyi sinfi nifrətə bənzər bir nifrətlə çoxsaylı və nəhəng poster-plakatları qoparır, sevimli prezidentinin portretlərini cırıq-cırıq edib, ayaq altına atır, ləzzətlə təpikləyirdı.

Dünya telekanallarından birində göstərilən süjetdə isə nümayiş iştirakçısı olan qadın kameraya belə bir qəribə söz dedi:

- Mən bütün dünyanın insanlarına müraciət edirəm: Diktatorlardan qorxmayın! Diktatorlardan qorxmayın! Diktatorlardan qorxmayın!!

TUNİS MESAJI


Bakıda icazəsiz mitinqlərə yalnız bir-iki yüz adam çıxara bilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə bəyan elədi ki, Tunis hadisələri İlham Əliyevə mesajdır. Buna nə deyəsən? Olsa-olsa onu demək olar ki, sevinməyə tələsməyin, Əli bəy!..

BİR SEVİNDİRİCİ XƏBƏR

Bu pis xəbərlərin sırasında yalnız bir şey sevindirici oldu. Daha çox “Beybi Dok” ləqəbiylə tanınan Haitinin keçmiş diktatoru Jan-Klod Düvalye vətəninə döndü. O da 25 il əvvəl Ben Ali kimi ölkəsindən qaçmağa məcbur olmuşdu.

Düzdür, hüquq müdafiəçiləri onun məsuliyyətə cəlb olunmasını tələb edirlər, amma bu, ikinci-üçüncü dərəcəli məsələdir. Əsas odur ki, Düvalyenin də tərəfdarları tapılıb, xüsusən gənclər arasında. Axı gənclər hakimiyyəti atasından miras alandan sonra Beybi Dokun 15 il ərzində öz xalqının qanını necə şövqlə içdiyini ya unudublar, ya da yerli-dibli bilmirlər.

MÖHTƏŞƏM VİLLA

Dünya KİV-lərində açıqlandı ki, başqa mühacirlərdən fərqli olaraq, bütün bu illər ərzində onun dolanışığı yaxşı olub. Bəllidir ki, Haiti prezidenti aradan çıxanda özüylə neçə milyon götürüb, Avropada hesabları olub, özü də Fransız Rivyerası adlanan məşhur Kot d`Azur sahilindəki möhtəşəm şəxsi villasında yaşayıb. İndi isə, görünür, bədbəxt Haitidə baş verən zəlzələ, epidemiya və korrupsiya ittihamlarına görə uğursuzluğa uğrayan prezident seçkisindən sonra yaranmış durumda bulanıq suda balıq tutmaq eşqinə düşüb.

ARADAN ÇIXMAQ DƏRDİ

Amma Rivyeradakı villasında keçirdiyi xoş güzərana və çox da qoca olmasına baxmayaraq, - cəmi 59 yaş, - hətta televiziyada belə Düvalyenin o qədər də gümrah görünmədiyini sezdim. Əksinə, üzünün rəngi xəstəhal, sınıxmış, boynu da quruyub, yana çönmür, yeriyəndə əshabələri hərdənbir qoluna girmək zorunda. Prezident olub axırda aradan çıxmaq ağır şeydir. Halbuki, Jan-Klod Düvalye yanağından qan daman, sağlam, cantaraq, qıvraq, 74 yaşında qadınlara həddən artıq meylli İtaliya lideri Berluskonidən xeyli cavandır. Üstəlik, bir vaxtlar hökmlü, sərt, hətta amansız baxışlı Beybi Dok indi baxışlarını dik belə saxlaya bilımir, daim kameradan qaçırırdı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG