Keçid linkləri

“Biz haralarda uçuruq? Və nə vaxtdan?
Bizi kim göndərib? Hər şeyə görə kim cavab verəcək?
Biz birinci pəncərəyə tolazlanmış birinci daşıq.
Biz sivilizasiyanın soyuq küləkləriyik”.

Mahnını buradan dinləyin

Yuri Şevçukun “Caz” mahnısının sözləridir. Neçə gündür ki, Tunis, Misir, İordaniya, Yəməndə baş verənlər barədə düşündükcə bu mahnının ilk misraları təkrar-təkrar fikrimdən keçir.

Rusiyada demokratiyanın olmadığını Vladimir Putinin üzünə deyə bilən Yuri Şevçukun bu mahnısı demokratiya mübarizləri haqqındadır.

Onlar azlıqdadırlar, özləri də bilmirlər ki, bu qeyri-bərabər döyüşə niyə görə giriblər, inqilabı başlayanlardır, yatmış ölkə əhalisinə sivilizasiya küləyi gətirənlərdir. Camaat hələ onlara qoşulmayıb, amma onlar artıq var və... vuruşurlar.

Azadlıq insanın təbii halıdır.

İnsanlar idarə edilməklərinə razılıq verdiyi dərəcədə idarə olunduqca cəmiyyətdə ciddi problem yaşanmır.

Demokratiyaları anarxiyaya yuvarlanmaqdan qoruyub saxlayan budur.

Cəmiyyətdəki çoxluq bilir ki, hansı ölçüdə məhdudiyyətlər olmalıdır ki, ölkə hökuməti funksional olsun.

Hökumət normal fəaliyyət göstərmək üçün özünə lazım olan hakimiyyətdən daha çoxunu götürmək istəyəndə azadlığın qəsbi prosesi baş verir.

Cəmiyyət də buna reaksiya verməklə hökuməti nəzarətdə saxlayır.

Hətta monarxiyaların universal idarəçilik forması olduğu əsrlərdə belə, şahların, kralların, fironların taxt-taca haqqının Allah tərəfindən göndərildiyinə heç kəs şübhə etməyəndə belə adil şah, ədalətli kral anlayışı olub:

Ən mütləq-hakim şahın da bir vacib öhdəliyi var – öz xalqını ədalətlə idarə etmək.

Zaman keçdikcə kralların hakimiyyətə ilahi hüquqları nəzəriyyəsi Holandiyada, İngiltərədə, Fransada, ardınca isə dünyanın bir çox digər aparıcı dövlətlərində rədd edildi.

Misirin paytaxtı Qahirədə etirazlar. 29 yanvar 2011
Müasir hakim fikir ondan ibarətdir ki, dövlət başçısı (konstitusiyalı monarxiyalarda kral, yaxud respublikalarda seçkili rəhbərlər) hakimiyyətini xalqdan alır.

Bunun tam əksi totalitar ideyadır ki, burada hansısa bir ideya (məsələn, kommunizm) hakim ideya elan olunur və bütün cəmiyyət ona tabe edilir.

Bu, bir növ, kralların ilahi hakimiyyət hüququ ideyasına qayıdışdır, intəhası ilahi hakimiyyət hüququ fərdin adına yox, ideyanın adına və həmin ideyanın daşıyıcısı olan partiyanın adına şamil edilir.

Diktatura isə həm monarxiyadan, həm totalitar sistemdən, həm də respublikadan fərqli bir şeydir.

Bir növ, respublika sisteminin iltihabı kimi qərar tutub dayanıb.

Diktatorlar nə əski monarxlar kimi hakimiyyətin onlara Allah tərəfindən verildiyini iddia edə bilirlər, nə də müasir respublikalarda olan kimi xalq tərəfindən seçildiklərini iddia edə bilirlər.

Tapındıqları bir totalitar ideya da yoxdur ki, hakimiyyətə olan iddialarını onunla əsaslandırsınlar.

Eləcə seçkiləri saxtalaşdıra-saxtalaşdıra, camaatın gözü qarşısında özlərinə məxsus olmayan hakimiyyəti qəsb edib oturublar.

Sırf məntiqi baxımdan müasir diktatura ictimai-siyasi müstəvidə geniş miqyaslı fırıldaqçılıqdır.

Bu fırıldağı az inkişaf etmiş cəmiyyətlərdə savadsız xalqın başına gətirmək daha asandır.

Ancaq sivilizasiyanın da soyuq küləkləri əsir. Camaatı yuxudan oyadır və... birinci daş birinci pəncərəyə tərəf tolazlanır.

Şərhləri göstər

XS
SM
MD
LG