Keçid linkləri

Misirdəki inqilaba «yasəmən inqilabı» adı verilsə də o, Gürcüstandakı və elə Ukraynadakı inqilablar kimi, qansız – qadasız ötüşmədi, 150-yə yaxın insan qətlə yetirilib, 4000 –ə qədəri isə xəsarət alıb, dinc insanlara qarşı ordunun və hərbi polisin gücündən istifadə edilib. Bu, miqyasına və xarakterinə görə Azərbaycanda baş verən 20 Yanvar hadisələri ilə müqayisə oluna bilər.

İndi bir çoxunda sual yaranır ki, niyə görə Şərqdə baş verən inqilablar daha çox qanlı və qadalı olur? Suala elə sualla cavab vermək lazım gəlir: bəs nə vaxt inqilablar qansız, böyük itkilər olmadan baş verir? Bu, siyasi sistemin, onun başında duran şəxslərin xarakterindən, hakimiyyətin nə dərəcədə milli olub – olmamasından asılıdır. Siyasi islahatların səviyyəsinə görə bütün ölkələri üç qrupa bölmək olar: demokratik rejimlər, keçid dövrü yaşayan ölkələr və avtoritar və totalitar rejimlər. Demokratik ölkələrdə inqilablar baş vermir, çünki onlara lüzum yoxdur. Keçid dövrü yaşayan ölkələrdə inqilablar artıq qeyd etdiyimiz kimi, Gürcüstanda və Ukraynada olduğu kimi, baş verir. Ən qəddar hal avtoritar və totalitar rejimlərdə baş tutur. Misir avtoritar ölkə idi. Üstəlik, burada komprador burjuaziya kimi komprador – xarici qüvvələrdən asılı siyasi isteblişment fəaliyyət göstərir. Bura hələ bir faktı da əlavə etmək lazımdır – H.Mübarək hərbçidir, Misir ordusunun marşalı olub. Onun indicə formalaşdırdığı hakimiyyət də daha çox hərbi xuntaya bənzəyir, ona görə ki, kabinet əsasən hərbçilərdən ibarətdir. O, heç bir vaxt müstəqil siyasətçi və dövlət adamı olmayıb, daha çox geosiyasi sifariş fonunda idarə edib və elə daha çox xarici qüvvələrin iradəsinin ifadəçisi olub.

İndi hamı üçün olmasa da, ABŞ və digər ölkələr üçün iki sual xüsusi maraq kəsb edir. Mübarəkin siyasi səhnəni tərk edəcəyi təqdirdə hakimiyyətə daha qəddar dini qüvvələr gələ bilərmi? Zənnimizcə, bu sual artıq öz həllini tapıb – birmənalı şəkildə Qərbin adamı olan M.Baradeyi artıq müxalifətin lideri kimi qəbul olunur. Bu nə deməkdir? Yerli müxalifətin özünün tanınmış və nüfuzlu bir namizədi yoxdur, onlar hamısı Baradeyini qəbul etmək məcburiyyətindədir. Sadəcə, bir sual da özünün cavabını gözləyir: misirli seçicilər nə qədər demokratiya üçün hazırdır, məsələn, parlament seçkisi keçiriləcəyi təqdirdə «Müsəlman qardaşları» kimi təşkilatlar bütün mandatlara sahib olmayacaqlarmı?
Misir, 31 yanvar 2011
Mənə elə gəlir ki, Misir də bu mərhələni keçməlidir, əsas odur ki, kimliyindən asılı olmayaraq ölkədə bütün siyasi qüvvələri demokratiya çərçivəsində fəaliyyət göstərsinlər, onda hansı qüvvənin hakimiyyətdə olması elə bir əhəmiyyət kəsb etməyəcək. Türkiyədə vaxtilə «Rifah» hakimiyyətə gəldi. Nə dəyişdi? İndi hakimiyyətdə olan siyasi partiya da diniyönümlüdür. Nə dəyişib? İnsan kimi siyasi sistemin də immuniteti olmalıdır, onun özünün neqativ hallara qarşı bir müqaviməti olmalıdır, heç bir siyasi qüvvəyə demokratik prosedura və qaydalardan istifadə edərək hakimiyyətə gəlib demokratiyanı cilovlamaq və ya ona qarşı olmaq imkanı verilməməlidir, onda hər şey öz qaydasında olacaq.

MÜBARƏKİN YENİ KABİNETİ

Bu, artıq qeyd etdiyimiz kimi hərbi xuntadır. Personaların dəyişməsi və yeni vitse-prezidentin təyin olunması, təzə kabinet – çətin ki, bunlar effektiv bir təsirə malik olsunlar, çünki onların hamısı köhnə təfəkkürlü insanlardır və hamısı da Mübarəkin adamlarıdır. Ölkənin total dəyişikliklərə ehtiyacı var və daha yaxşı olardı ki, prezident hakimiyyətinin siyasi və temporal sərhədləri, dövlətin xarakteri dəqiq müəyyən edilsin. Ölkədə ciddi bir konstitusiya və onun keşiyində duran ciddi bir cəmiyyət olanda, heç kim konstitusion rejimi dəyişmək iqtidarında olmur. Burada iki şərt çox vacibdir - ciddi konstitusiya və güclü cəmiyyət. Bunlardan biri olmayanda ya imitasiyalı demokratiya, ya da «orta əsrlərə» oxşar rejimlər bərqərar olur. Elə teokratik respublikalar da mahiyyət etibarilə «orta əsrlər»i xatırladır. Və heç də təsadüfi deyil ki, bir az uzaqdan – okeanın o biri tərəfindən baxanda, hətta Mübarəkin sərt avtoritar rejimi teokratik respublika ilə müqayisədə daha mütərəqqi görünür. Eləcə regional proseslər də öz maraqlarını diktə edir. Mübarək getsə, Yaxın Şərqdə sülh prosesinin aqibəti necə olacaq? Amma bu sualı verənlər özləri başqa bir suala cavab vermirlər: Yaxın Şərqdə sülh varmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG