Keçid linkləri

Bir də görürsən hər hansı bir ölkədə Azərbaycan Mədəniyyəti Günləri adı altında seriya tədbirlər keçirilir. Doğrusunu söyləsək, bu tədbirlərdə ölkə mədəniyyətinin bütün sahələrinə yer verməyə çalışırlar. Amma hansıdı bütün sahələr?

Rəqslərdən başlayaq. Rəqs – onu oynayanın məişətinin, hisslərinin, yaşantılarının və ən əhəmiyyətlisi - arzularının göstəricisidir. Cəmiyyətin inkişafının müxtəlif dövrlərində bu hisslər və arzular da müxtəlif olur, dəyişir. Bizim xalq rəqsləri əsasən dağda yaşayan maldarların (geyimlərə fikir verin) yırtıcı quşlara bənzəmə (rəqs zamanı hərəkətlər) arzularını ifadə edir. Biz isə bunu – XXI əsrdə yaşayan, yaradan bir cəmiyyətin aktual incəsənəti kimi təqdim edirik. Bu rəqslər göstərilə bilər – amma yalnız ixtisaslaşmış folklor festivallarında. Biz bu rəqslərlə muzeydə saxladığımız keçmişi göstərməliyik, nəinki yaşadığımız bu günü.

Muğam. Muğam orta əsr şərqinin sənət (!) musiqisidir. Bəzən savadsızlığımızdan bunu xalq musiqisi kimi təqdim edirik. Əslində isə məqam musiqisi orta əsrlərdə rəiyyətin duymadığı – duya bilmədiyi, maraqlanmadığı, yalnız yuxarı təbəqələrə, saraylara, ya da elm xadimlərinə məxsus bir musiqi olub. Amma bir daha qeyd edim – bu, orta əsrlərdə belə olub. Sonra şərqdəki imperiyaların zəifləməsi, feodal parçalanmalarının yaranması zamanı bu musiqi növü şah saraylarından xan saraylarına endi. Çünki bütün xanlar özlərini keçmiş şahlara bənzətmək istəyirdilər, musiqiçilərinə məqam musiqisi çalmaq göstərişi verirdilər, xanlıq musiqiçiləri isə təbii ki, paytaxtdakı musiqiçiləri yalnız imitasiya edə bilirdilər. Xanlıqların ləğvindən sonra bəyliklərə enən məqam musiqisi artıq rəiyyət üçün əlçatan musiqiyə çevrildi. Zatən bəy mülkündəki aralıq musiqiçiləri də xanlıq musiqiçilərini imitasiya etdiklərindən bu musiqi rəiyyət üçün lap anlaşıqlı olmuşdu. İndi isə biz orta əsrlərdəki feodal nizamın parçası olan musiqi növünü aktual incəsənətimiz kimi göstəririk.

BİZ NECƏ GÖRÜNÜRÜK?

Biz əslində görünmürük, görünəndə də, özümüzü təqdim etdiyimiz adamların beyinlərində bir sürü sual buraxırıq. Çünki standartlarımızı hələ də müəyyən etməmişik.

Bir dəfə, belə Mədəniyyət Günlərindən birində muğam üçlüyü ifaçılarına əcaib-qərib qızıllı, zərbaftalı paltar geyindirib səhnəyə çıxarıblarmış. Konsertdən sonra bir qərbli yaxınlaşıb kamança ifaçısına və libaslarının çox qəribə olduğunu deyib. Kamança ifaçımız başını dik tutub, fəxrlə cavab verib ki, bəs «bu bizim milli geyimimizdir». Qərbli bu dəfə lap təəccüblənib, «sizin ölkənizdə insanlar bununlamı gəzir» soruşub. (Çünki bir çox xalqlar - ərəblər, hindistanlılar və digər tayfalar «milli» dedikləri qiyafələrini indi də geyinirlər.) Hə, bax burada kamança ustamız qalıb belə. Bilməyib nə desin. «Yox» desə, «bəs deyirdin milli paltarınızdır» sualı gələcək, «hə» desə, yalançı və gülməli çıxacaq. O biçarə kamançaçalanın günahı yoxdur, o yazıq nə etsin ki, bizdə «millilik» anlayışı yanlışlıqla qədimliyin analoquna çevrilib. Bu isə total riyakarlığa gətirib çıxara bilən düşüncədir. Kamançaçının qürbət eldə başına gələn bu ibrətamiz əhvalat isə konsepsiyasızlıqdan doğan problemdir. Biz o ifaçını həmin libasla «Orta əsrlər incəsənəti festivalı»na göndərsəydik, hamıya hər şey aydın olacaqdı.

Nəsə, qayıdaq bizim necə görünməyimizə. Doğrusu, biz əslində görünmürük, görünəndə də özümüzü qədim görünmək gərək olmadığı yerdə qədim göstərmək istədiyimizdən, nəticədə İBTİDAİ GÖRÜNÜRÜK. Bizə hələ də orta əsrlərdə, feodal nizamında yaşayan cəmiyyət kimi baxırlar. Qınamalı da deyil, çünki planetin bir tərəfində insanlar XXI əsrdə yaşadıqları halda, başqa bir tərəfində daşqalaq, əl kəsmək kimi orta əsr cəza növlərinin tətbiq olunması, digər tərəfində quldarlıq quruluşu yaşanması; insanların plantasiyalarda qul kimi işlədilməsi, tamam özgə tərəfində isə insanların ibtidai icma quruluşundakı kimi natural təsərrüfatdan istifadə edərək alaçıqlarda məskən salması reallığı norma kimi qəbul olunub.

NECƏ GÖRÜNMƏLİYİK

Əslində araşdırsaq bu gün ölkəmizdə müasir dünya rəssamlığı ilə ayaqlaşan ən az beş rəssam, müasir musiqi ilə ayaqlaşan ən az beş musiqiçi, müasir rəqslər ifa edən ən az beş rəqs qrupu var. Biz onların yaratdıqlarını, bu gün dünyada hamını düşündürən və hamının anlaya biləcəyi incəsənət nümunələrini təbliğ etməliyik. Düzdür, biz bunları tətbiq etsək inkişaf etmiş cəmiyyətlərin nümayəndələri bizim ibtidailiyimizdən zövq almayacaqlar, bizim vasitəmizlə keçmişə səyahət etməyəcəklər. (Amma kədərlənməyə dəyməz, öz ibtidailiyini satmağa çalışan o qədər cəmiyyət var ki. Şair demiş «Afrikadan, Hindistandan qonaq gəlmiş bizə quşlar...») Əvəzində isə bizə özləri kimi, bərabərhüquqlu baxacaqlar. Hansı önəmlidir: inkişaf etmiş cəmiyyətlərin bizə özlərinə nisbətdə bərabərhüquqlu baxmaları, yoxsa ibtidai kimi baxmaları? Ümumiyyətlə hansı daha yaxşıdır: müasir görünmək, yoxsa qədim?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG