Keçid linkləri

VARİS PLANLARININ QARŞISI NECƏ ALINDI?

Misir prezidenti Hüsnü Mübarək ən son anda ölkədəki kütləvi siyasi etirazları öz tərəfdarları və əleyhdarları arasında vətəndaş müharibəsinə çevirməyə və bununla da hakimiyyətini heç olmasa, sentyabra qədər uzadaraq özü üçün rahat siyasi gediş təmin etməyə çalışır. Amma artıq aydındır ki, bu qədər itki və tələfatdan sonra onun nə özü, nə də oğlu prezident ola bilməyəcək.

Özünü ancaq tarixin mühakiməsinə etibar etmək niyyətində olan diktatora daha nə sülalə hakimiyyəti qurmaq, nə də dünyasını hakimiyyətdə dəyişmək qisməti nəsib olmayacaq. Yaxşı halda o, tarixə köçəcək, təbii ki, tarixdə onun üçün yer tapılsa! Çox əlamətdar haldır ki, cəmi bir neçə həftənin ərzində üç diktatorun gələcək planlarına son qoyuldu: Tunis prezidenti ölkədən qaçdı, Misir prezidenti azacıq vaxt və aman istəyir, Yəmənin prezidenti isə gələcək seçkilərdə nə oğlunun, nə də özünün iştirak etməyəcəyi haqda vədlər verir.

Bu, əslində son illər bir neçə dövlətdə vüsət alan yeni tendensiyaya – neo-monarxiyaya qarşı kütləvi qiyam idi. İş o yerə çatdı ki, hətta əsl monarxlar belə təşvişə düşdülər – İordaniya kralı da etirazları özündən kənar etmək üçün tələsik hökuməti buraxdı. Çox güman ki, digərləri də düşünməyə, bir də hər şeyi götür-qoy etməyə məcbur olacaqlar. Ərəb dünyası böyükdür – burada əsl və qondarma monarxlar çoxdur. Əslində əsl monarx ifadəsi də bir qədər uğursuzdur, çünki ərəb dünyasındakı monarxların hamısı İkinci Dünya müharibəsindən, ərəb ölkələrinin müstəqillik əldə etməsindən sonra peyda olub. Qondarmalar isə lap çoxdur – M.Qəddafi, B. Əsəd... Çox təqdirə layiq haldır ki, neo-monarxiyaya qarşı etiraz müsəlman dünyasının mərkəz hissəsindən başladı. İstisna deyil ki, bu dalğa respublikaçılıq atributları ilə pərdələnən digər avtoritar rejimlərə, məsələn, nə vaxtsa İrana da yol tapa biləcək. Bununla da, islamla bağlı yaranan ən böyük yanlışlıq – demokratiya və dünyəvi quruluşun islama yad olması haqdakı təsəvvürlər aradan qalxar. Məlum olar ki, bəzi neqativ halların səbəbi heç də dini və milli təsəvvürlər deyil, konkret tarixi – siyasi situasiyadır, geriliyin və cəhalətin səbəblərini etno-psixoloji arxe-tiplərdə deyil, başqa yerlərdə axtarmaq lazımdır.

MDB DİKTATURALARI, ƏQRƏBLƏRİ ÇEVİRİN!

İordaniya kralı da etirazları özündən kənar etmək üçün tələsik hökuməti buraxdı
Bəzən adama elə gəlir ki, MDB diktaturaları fərqli zaman kəsiyində yaşayır. Çox qəribədir, ərəb dünyasında etirazlar başlanan kimi, burada yerli məmur və siyasətçilər dərhal hamını əmin etməyə başladılar ki, onlar öz ölkələrində oxşar etiraz dalğası gözləmirlər, çünki, onların təbirincə desək, bunun üçün əsas yoxdur. Amma sual yaranır. Ərəb ölkələrində əsas nə idi? Götürək elə Misiri. İnsanları küçələrə çıxmağa nə vadar etdi? İşsizlik, korrupsiya, varis planı! Məsələn, Misirdə orta əməkhaqqı 300 funtdur. Bəlkə MDB ölkələrində bundan çoxdur? Bəlkə MDB ölkələrində korrupsiya və işsizlik yoxdur? Ya da buradakı diktatorların neo-monarxist planları yoxdur? Bunların hamısı var. Bəs onda bunlar səbəb deyəndə, nəyi nəzərdə tuturlar? Bəlkə hansısa başqa bir səbəblər olmalıdır? Bunlar hamısı ancaq müxtəlif cəbr vasitələrini nəzərdə tutur və ona arxayındır. Son illərdə hamısı ala – babat ordu yaradıb, bir az texnika alıb və hamısı da buna arxayındır. Amma ordu dinc insanlar üçün nəzərdə tutulubmu? Mübarəkin dinc insanlara qarşı ordu çıxarması ona çox baha başa gələcək, heç kim onu bağışlamayacaq, hətta tarixdə belə ona yer tapılmayacaq.

DEMOKRATİYA İLƏ KARTOF ARASINDA OXŞARLIQ VARMI?

Bu yaxınlarda V.Putin daha bir «orijinal» fikirlə gündəmə gəlib. O, buyurub ki, demokratiya kartof deyil ki, bir tarladan götürüb başqasına əkəsən! Bəli, Putini başa düşmək mümkündür,o, özünün və müttəfiqlərinin diktaturasının fikrini çəkir, çünki MDB sektorundakı bütün diktaturaların arxasında Rusiya dayanır. Bu günlərdə eks-prezident Boris Yeltsinin 80 illiyini qeyd etdilər, D.Medvedev bu məqsədlə hətta Yekaterinburqa yola düşdü. Elə həmin gün prezident yanında fəaliyyət göstərən İnsan Haqları Şurasının əsasnaməsini imzaladı. Çox gülməli vəziyyətdir. İmitasiya elə vəziyyətə çatıb ki, insanlara kiçik bir etiraz aksiyası keçirməyə imkan verilmir, dərhal bütün giriş – çıxış zirehli maşınlarla bağlanır. Sonra da demokratiyanın «inkişafı» ilə bağlı yeni sərəncam imzalayırlar... Putinin sözünə nə demək olar? Onun yadına salaq ki, vaxtilə kartof da başqa tarladan gətirilib Rusiyada əkilmişdi. Hətta uzun müddət insanlar bu bitki ilə nə etmək lazım olduğunu bilmirdilər, hətta bir vaxtlar kartof üsyanları da olmuşdu, insanlar onu əkmək istəmirdilər. İndi rus mətbəxini kartofsuz təsəvvür etmək mümkün deyil. Çox güman ki, elə demokratiya da belə olacaq – əvvəl yaxın buraxmırdılar, sonra isə, əksinə əl çəkməyəcəklər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG