Keçid linkləri

İllər boyu cəmiyyətdə bir sıra ictimai - siyasi obrazlar formalaşır: müxalifət, azad mətbuat, siyasi lider, əsas müxalifət partiyası və hüquq müdafiəçisi... Bəlkə də sıranı bir az da davam etdirmək olardı, amma məsələ bunda deyil. Üstəlik, məsələnin mahiyyətinə dərindən varanda görürsən ki, bu, təkcə elə siyasətlə bağlı hadisə də deyil. Məsələn, bir tanışım deyirdi ki, çətini adının sonuna bir yazıçı kəlməsi artırmaq və beş - on adamın bunu sakit, etirazsız qarşılaması kifayətdir, sonra hər şey öz qaydasında olacaq... Onun məntiqi sizə o qədər də yabançı görünməsin, ən azı yaşlı nəsil arasında çoxlu sayda məhz yazıçı titulunu daşıyanlar var. İctimai – siyasi həyatda da belədir. Bir də görürsən ki, bizi ancaq müqəvva kimi titullar əhatə edir: kimi müxalifət, kimi lider və kimi də əsas müxalifət partiyası kimi obrazları titula çevirərək az qala yaxasından asıb. Sözsüz, əvvəl müəyyən fəaliyyət olur, yazıçı dost demişkən, əvvəl beş – altı adamı inandırırlar, sonra isə başlayır...

Əvvəllər kukla teatrı haqqında heç fikirləşməmişdim. Sapları dartaraq kuklaların gah əllərini, gah da ayaqlarını hərəkətə gətirirlər və bizdə də elə təsəvvür yaranır ki, sanki kuklalar hərəkət edir. Titullaşmış obrazlar da belədir. Onlar nədən ötrü lazımdır? Cəmiyyəti yönəltmək üçün, onu idarə etmək üçün. Bəlkə də bu, bir qədər bəsit yanaşmadır, amma azacıq da olsa reallığı əks etdirir. Elə bilyard oyunu da belədir, xüsusi çuxurlar var ki, kürələr biri-birilə necə var toqquşub yorulandan sonra başqa bir yerə yox, elə məhz həmin çuxurlara düşsünlər. Onlar elə inqilabı da təsadüfi zərbə kimi qəbul edirlər və çalışıb – vuruşurlar ki, çuxurlara nəzarət edə bilsinlər. Demokratiya da rasional ideya hesab olunur. Amma demokratiyalarda inqilab olmur. İnqilab avtoritar və ya totalitar rejimlərdə, ən yaxşı halda keçid dövrü yaşayan ölkələrdə baş verir. Deməli, inqilablarda bir irrasionallıq var. İrrasional vəziyyətlərdə isə xarizma özünü diktə etməyə başlayır. Məsələn, mən təsəvvür edə bilmirəm ki, Misir cəmiyyəti üçün indi M.Baradeyi kimi göydəndüşmə bir şəxsiyyət olmasaydı, vəziyyət hansı istiqamətdə cərəyan edərdi? Deməli, nə vaxtsa özünü siyasi fiqur kimi təqdim etmək üçün ən azı xarizmatik şəxsiyyət olmalısan. Bizim bəzi müxalifətçilər isə hətta zamanın gedişini belə nəzərə almırlar. İndi tam yeni bir nəsil formalaşıb – o, hansı musiqiyə qulaq asır, hansı dildə danışır, nəyə can atır, bunu siz məndən də yaxşı bilirsiniz... Həmin bu gənclik görən bizim klassik müxalifəti tanıyırmı? Sabah onların xarizması siyasi fiqur kimi qəbul olunmağa kifayət
Dünyada insan haqları və demokratiya məsələlərində Avropa Şurası qədər, necə deyərlər, baş ağardan digər təşkilat varmı?
edəcəkmi?

HAKİMİYYƏTLƏ MÜXALİFƏTİ NƏ BİRLƏŞDİRİR?

Qəribə sualdır, deyilmi? Yox, mən buradaca hansısa konspirioloji təxəyyülə meydan vermək, kimisə kiminləsə ittifaqda suçlamaq fikrindən çox uzağam. Deyəcəyim fikir bəlkə də sizlərə çox qəribə görünəcək: hakimiyyət ilə müxalifəti Avropadan ümumi narazılıq «birləşdirir». Hər ikisinin Avropadan böyük narazılığı var. Hakimiyyət ürəyini parlamentin iclaslarındaca boşaldır, müxalifətin bu imkanı olmadığından daha çox de - marş edir, məsələn, AŞ-nın təmsilçilərinin qəbuluna təşrif buyurmur. Nəticədə anti-Qərb ritorikası yaranır, ölkə də elə İrana, Şimali Koreyaya bənzəməyə başlayır. Yazının lap əvvəlində siyasi – ictimai obrazlar haqqında danışdım. İndi bu təşkilatlar – Avropa Şurası, Avropa Birliyi, NATO, hər biri öz sferasında artıq obrazlara çevriliblər. Avropa Birliyindən başqa digər demokratik və mütərəqqi birlik forması varmı? Varsa, üzümüzü onlara tərəf tutaq! Təhlükəsizlik sahəsində NATO –dan savayı başqa real təşkilat varmı? Varsa, onlara qoşulaq! Bu dünyada insan haqları və demokratiya məsələlərində Avropa Şurası qədər, necə deyərlər, baş ağardan digər təşkilat varmı? Varsa, onunla ittifaq quraq!.. Təəssüf ki, belə təşkilat yoxdur və çox güman ki, Avropada AŞ-nın demokratiya və seçki məsələlərində heç də prinsipial olmadığını desən səni düzgün başa düşməzlər. Müxalifət AŞ-dan, AB –dən nə istəyir? İstəyirlər ki, bu təşkilatlar, məsələn, Belarusa sərgilədiyi münasibəti Azərbaycana qarşı da nümayiş etdirsin. Bəs hakimiyyət nə istəyir? İstəyir ki, AŞ onunla tənqidi tonda, ümumiyyətlə danışmasın, ancaq analoqu olmayan inkişaf haqda söz desin. İndi Avropa Şurası nə etsin? Məcburdur ki, son nəticədə balansı elə hakimiyyətin xeyrinə azacıq da olsa pozsun, çünki hakimiyyət real gücdür, müxalifət isə istinad etmək üçün hələ güc ola bilməyib. Üstəlik, ölkə də onun üçün Belarus deyil, bir az əhəmiyyətlidir...

KİÇİK SÖZARDI

İnsan həmişə reallıqla barışsaydı, onu dəyişmək fikrində olmasaydı, inkişaf heç olmazdı. Təbii ki, insan reallığı dəyişməyə çalışmalıdır. Amma başqa bir dünya, başqa bir Yer kürəsi də yoxdur və bu Yer kürəsində nə varsa, hamısı bizim sərəncamımızdadır. Onların heç biri bizi qane etmirsə, nə edək? Bəlkə başqa planetə köçək? Nə etməli? Məntiq çox sadədir. Avropa Şurası ilə əməkdaşlığı davam etdirmək və onları inandırmağa çalışmaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG