Keçid linkləri

100-ü yenidən aşan neft


Məsələ neftdən gələn gəlirlərin miqdarında deyil, əsas məsələ onun ədalətli bölgüsü və səmərəli istifadəsindədir

Məsələ neftdən gələn gəlirlərin miqdarında deyil, əsas məsələ onun ədalətli bölgüsü və səmərəli istifadəsindədir

London birjasında «Brent» tipli neftin 1 barelinin qiyməti $100-lıq psixoloji həddi növbəti dəfə aşdı. Azərbaycan neftinin qiyməti isə $102-ı da ötdü. Son 3 ildə neft dünya bazarlarında 2-ci dəfə belə sıçrayış edirdi: ilk dəfə 2008-ci ilin fevral ayının sonuncu günü neft $100-lıq həddə çatmış və bu pillədən həmin ilin avqustun sonlarınadək enməmişdi. İndi isə yenidən yüksəliş ovqatındadır.

BAHALI NEFT YAXŞIDIR, YOXSA PİS?

Buna «kağız-kuğuzla» işləyən məmur nöqteyi-nəzərindən baxsaq, gəlirinin 87%-nin sırf xam neftdən (97%-i isə neft, neft məhsulları və qaz) çıxaran ölkə üçün qiymətlər nə qədər yüksəkdirsə, ölkənin gəlirləri də çoxalacaq. Gəlirin çox olması Ümumi Daxili Məhsulun artması deməkdir.

Ancaq bu, makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına dəlalət edən amildir. Yaşayış reallıqları isə başqadır. Yəni, adambaşına orta gəlirin ayda 320 manat olması, hələ o demək deyil ki, işləyən hər bir Azərbaycan vətəndaşının qazancı bu qədərdir. Çox güman ki, elə bu səbəbdən də Dövlət Statistikası öz hesabatlarında açıqlamır ki, bizim işləyənlərimizin neçə faizi orta əməkhaqqı qədər məvacib alır (müəllimlər, həkimlər, elm adamları, icra qurumlarında çalışan sıravi işləyənlər, özəl xidmət sahəsində gündə 10 saat işləyənlər və s. kimi milyondan çox vətəndaşımız). Elə məsələ də burada qəlizləşir – gündəmə neft gəlirlərinin qeyri-bərabər bölünməsi gəlir.

BÖLÜNMƏNİN AZƏRBAYCAN MODELİ

Azərbaycanın neft gəlhagəli 2006-cı ildən başlayıb. Son 5 ildə Neft Fonduna 36 mlrd manatdan çox vəsait daxil olub və bunun 18 mlrd 32.9 mln manatı xərclənib. Bunun hara və necə xərclənməsini artıq çoxları bilir. Ancaq əsası odur ki, onlar nə dərəcədə səmərəli xərclənib. Nazirliklərin inzibati binalarının neçə dəfə təmir edilməsi, onların bahalı inventarlarının neçə dəfə dəyişdirilməsi və hətta yeni-yeni nə qədər inzibati binaların tikilməsi göz qabağındadır.

Əvvəllər ikibloklu 120 mənzilli (adətən belə binalarda 600-a yaxın insan yaşayır) 16 mərtəbəli yaşayış binasının tikintisi 3-4 milyon dollara başa gəlirdi. Ancaq dövlət 200 nəfərlik nazirlik aparatı üçün 20-30 milyon manata inzibatı bina tikirdi, baxmayaraq ki, nə torpaq pulu verirdi, nə də tikintiyə mane
Adambaşına orta gəlirin ayda 320 manat olması, hələ o demək deyil ki, işləyən hər bir Azərbaycan vətəndaşının qazancı bu qədərdir
olmamaq üçün kiməsə «şirinlik».

2009-da Neft Fondunun binasının tikintisinə start verilib: qiyməti açıqlanmasa da, onun 50 mln manatdan az olmayacağı indidən sezilir. Dövlət Neft Şirkətinin inzibati binası isə çox güman ki, 300 mln manat civarında olacaq. Və yaxud təkcə aeroport yoluna 250 mln manat neft pulu xərclənib və çox güman ki, onun uzadılması və daha da təmtəraqlı olmasına yaxın bir-necə ildə daha 100-150 mln manat xərclənəcək. Tez-tələsik regionlarda yeni aeroportlar tikildi, baxmayaraq ki, heç Bakıdan Gəncəyə belə uçan yoxdur (qiymət bahadır, həm də nə Bakı hava limanına, nə də Gəncədəkinə ictimai nəqliyyat işləmir).

BAHALI NEFTİN NƏTİCƏSİ

Ancaq dövlətin öz qulluqçularına bu cür səxavəti əvəzində sadə vətəndaşlarına nəsə qıymağa əli gəlmir və günü-gündən rəsmi və qeyr-rəsmi «rüsumları» artırmaqda davam edir. Bir yada salın, 2006-2007-ci illərdəki (neftin qiyməti $50 ətrafında) «hörmət» qiymətlərini, bir də indiki zamanın «tələbini». Hiss etdinizmi fərqi?

2007-də Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyulan zaman əhali üçün suyun qiyməti 100% bahalaşdırıldı, bu kəmər istifadəyə verildikdən sonra isə daha 66% (neft vəsaitlərindən bu layihəyə 1 milyard xərcləndi və xərclər hələ də davam edir). İndi hökumət hazırlaşır Bakı-Tbilisi-Qars dəmiryolunu gələn il istifadəyə verməyə. Çox güman ki, dəmiryolda qiymətlər indi bir-neçə dəfə artırılsa da, həmin zaman yenə bahalaşma olacaq. Hazırda avtomobillərin icbarı sığortası 10 manatdır və hamı bilir ki, buna görə Azərbaycanda heç bir vətəndaşa nəsə ödənilmir. İndi isə hökumət hazırlaşır həmin məbləğin 80 manatadək artırılmasına. Baxmayaraq ki, yenə heç kimin ümidi yoxdur ki, buna görə kiməsə nəsə ödəsinlər.

Beləcə, neft gəlirlərimiz elə meqa-layihələrə sərf edilir ki, bunun istismarında xalqın birbaşa iştirakı təmin edilsin (magistral yollar salınır, ancaq ondan istifadəyə görə həm Nəqliyyat Nazirliyinin müvafiq qurumları, həm də Dövlət yol polisi «qidalanır», özü də gündəlik).

Demək, məsələ neftdən gələn gəlirlərin miqdarında deyil, əsas məsələ onun ədalətli bölgüsü və səmərəli istifadəsindədir.

P.S. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsinin və Neft Fondunun gəlirləri 1 barel üçün $60-dan hesablanıb. Qiymət də ki, 100-ü keçib. İndi demokratiyadan (stabil inkişaf onsuz boş şeydir) dəm vurmağın ona görə mənası var ki, «Əlahəzrət Mübarək»lər və onların aqibətləri göz önündədir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG