Keçid linkləri

Demokratik mübarizənin qapalı dairəsi


Hətta milyonluq mitinqlərin qarşısında Mübarək eyni hiylələri dönə-dönə işlətməyə çalışır

Hətta milyonluq mitinqlərin qarşısında Mübarək eyni hiylələri dönə-dönə işlətməyə çalışır

Misir inqilabı 82 yaşlı diktatorun inadına dirənib. Hüsnü Mübarəkin manevrləri bəzən gülməli, bəzən qıcıqlandırıcı görünür. Adam elə bil xalqını o dərəcədə saymır ki, ən bəsit hiylələrlə onu aldatmağa qalxır və hiylənin üstü açılanda da, ondan da bəsit bir hiylə işlətməyə çalışır. Bu prosesə belə də baxmaq olar. Amma bu hiylələr indi bəsit görünür, çünki camaat ayaqdadır və diktatorun taleyi tükdən asılıdır. Daha stabil dönəmlərdə eyni hiylələrin az faizli qarışıqları kifayət qədər inandırıcı olur və məsələn, xalqı 30 il başda gəzdirməyə kifayət edir. Gəlin, bu hiylələrə nəzər salaq:

Misirdə insanlar küçələrə töküləndən bir gün sonra Hüsnü Mübarək kabinetində kosmetik dəyişikliklər edir (dəyişilən nazirlərdən biri mədəniyyət naziri idi!). Camaat inqilaba davam edir. Mübarək iqtisadi islahatlar aparacağına söz verir. Camaat inanmır. Mübarək özünə vitse-prezident təyin edir və eyham edir ki (məhz eyham, vəd yox) növbəti seçkilərdə iştirak etməyə bilər. Misir inqilabının gurhagurunda isə söz verir ki, növbəti prezident seçkilərində iştirak etməyəcək. Camaat cümə gününü Prezident Sarayına yürüş günü təyin edəndə, Mübarək deyir ki, müxalifətin əsas hissəsi isə danışıqlara gedə bilər (yəni, qırın bir-birinizi ki, əsas kimdir, qeyri-əsas kim). Bu arada isə meydana mülki geyimli polislər və əyalətlərdən gətirilmiş siyasətdən bixəbər adamların hücumu təşkil edilir. Hücum alınmayanda isə, Misir hökuməti rəsmiləri xarici qüvvələri təxribatda ittiham edir, xarici jurnalistlər ovlanmağa başlayır. Misirin Baş naziri isə camaatdan üzr istəyib təhqiqata başlayır. Bütün bu proses gedərkən isə Mübarək məsələni uzadıb camaatın ona söz verdiyi Cümə gününə gətirib çıxarır və məlum olur ki, mitinqçilər dedikləri gün saraya hücum etmədilər. Yəqin ki, bundan sonrakı dönəmlərdə Mübarək daha inamlı manevrlər edəcək, ta camaat fiziki şəkildə onu Prezident Sarayından qovana kimi, ya da o, fürsət tapıb mitinqçiləri meydandan qovana kimi.

NARAZILIQ MOMENTUMU

Bu manevrlərin məntiqi budur: vaxt udub müxalif qüvvələrin momentum toplamasını əngəlləmək.
Hüsnü Mübarəkin manevrləri bəzən gülməli, bəzən qıcıqlandırıcı görünür. Amma,,,
Aşağıdan gələn narazılıq dalğavarı olur və dalğanın yuxarı nöqtəsində (momentum o yuxarı nöqtəyə gedən yola deyilir) narazıların qarşısında durmaq olmur. Ancaq camaatı uzun müddət də qəzəbli, yaxud qələbəyə inamlı, yaxud inqilaba ruhlanmış şəkildə saxlamaq olmaz. Təqribən alova bənzəyən bu ictimai fenomen daim yeni odun – yeni qələbə tələb edir. Diktatorlar da hakimiyyətdə qalmaq üçün məhz bunu əngəlləməyə çalışırlar. Yığılan momentumu durdurub özlərini toparlamaq. Camaata bir az yalan vəd, bir az isə ümid verməklə qarşıdurmanı ləngitmək və zərbə vurmaq üçün əlverişli şəraiti gözləmək.

Bir tərəfdən demək olar ki, bəsit bir oyundur, keçməz. Amma o biri tərəfdən müxalifətin də real seçimini göz altına alın: ya vuruşub (bəlkə ordu atəş açdı?) hər şeyi riskə atmaq, ya da diktatorun güzəştə gedəcəyi ümidi ilə gözləmək. Birinci seçimi etmək qətiyyət və məsuliyyət yükünü çəkmək cəsarəti tələb edir, ikinci yolu seçmək isə dərhal qərar verməyi tələb etmir («sabah hücum edərik» məntiqi). Sonuncu seçimi edənlər çox vaxt onu şüurlu şəkildə etmirlər və yalanın yalan olduğunu dərk edəcək dərəcədə ağıllı olurlar. Sadəcə, qorxurlar və bu danışıqlar həmin o qorxunu maskalamaq üçün gözəl bəhanə verir. «İstəmirik qan tökülsün» deyə öz seçimlərinə bəraət qazandıra bilirlər, məğlub olanda isə hər şeyi diktatorun «xain xislətinin» üzərinə ata bilirlər.

Qısaca, gedən proseslərin dinamikasının bir qismi budur (müxalif qüvvələrin hakimiyyət bölgüsü danışıqları bu məqalənin mövzusu deyil).

AZƏRBAYCAN KONTEKSTİ


Kim məşhur «X günü» şayiəsini xatırlamır? Belə bir gözlənti var idi ki, Heydər Əliyev ölən kimi onun hökuməti qaçacaq və hakimiyyəti müxalifətə təslim edəcək. Narazılıq dalğasını ertələməyə hesablanmış bu gözlənti 1993-dən 2003-ə qədər kifayət qədər effektli olub. Həmin dövrdə indikindən qat-qat güclü olan müxalifət Heydər Əliyev hakimiyyətini neçə dəfə təhlükəyə məruz qoyub? Mən bir şey xatırlamıram. Heydər Əliyev geniş mənada müxalifətin başına Surət Hüseynovun başına gətirdiyi hiyləni gətirdi.

Ötən il müxalifət icazəsiz mitinqlər seriyasına başlayanda, hökumət ATƏT-lə sərbəst toplaşma məkanlarının müəyyənləşdirilməsi danışıqlarına başladı
Narazılar düşərgəsində əsassız gözləntilər yaradıb sonra da onları boşa çıxarmaq – oyunun adı bu idi. Bir də baxırdın ki, şayiə yayıldı ki, müxalif partiyalardan, yaxud açıq müxalifətdə olmayan, amma ona qoşula biləcək bir siyasi xadim haqında şayiə yayıldı ki, ona vəzifə verəcəklər. Yaxud filan partiyaya filan deputat dairələrində güzəşt olacaq. Yaxud «hökumət müxalifətlə dialoqa gedəcək» söhbətləri. Yığılan narazılıq dalğasını ləngidib öldürməyə hesablanmış manevrlər idi, təbii.

Bu günə kimi effektivliyini qoruyub saxlamış üsuldur. Ötən il müxalifət icazəsiz mitinqlər seriyasına başlayanda, hökumət ATƏT-lə sərbəst toplaşma məkanlarının müəyyənləşdirilməsi danışıqlarına başladı. Mitinqlər seriyası dayandı, sonra da məlum oldu ki, danışıqlarda hökumət əvvəlki mövqeyindən bir santimetr də geri çəkilməyib.

Seçki kampaniyası başlayanda, hökumət müxalifətin seçkidə iştirakını girov götürüb elan etdi ki, rəsmi seçki kampaniyası başlamadan icazəsiz mitinq keçirən seçki blokunun seçki qeydiyyatı ləğv olunacaq. Bu, həmin seçki kampaniyası idi, onun yekununda siyasi müxalifət bir deputat yeri belə qazanmadı. Hərçənd ki, şayiələr gəzirdi ki, filan partiyadan olan filankəslər filan dairələrdə deputat mandatı qazanacaqlar.

QAPALI DAİRƏ

Hüsnü Mübarəkin hiylələrindən çoxmu fərqlənir bu fəndlər? Bəs bu hiylələr niyə belə keçərli olur? Səbəbi sadəlövhlükdə axtarmaq çətindir. Sadəcə, avtoritar hökumət ağrılı və ağrısız seçimlər yaradanda, yalın əlli camaatın və onu təmsil edən siyasi qüvvələrin ağrılı yolu seçib özündən güclü qüvvəyə «yalan deyirsən» demələri müşkül olur. Nəticədə demokratik qüvvələr sonu məğlubiyyətə aparan «mübarizə-ümid-pauza-ümidin yalan çıxması-məğlubiyyət-ümidsizlik-mübarizə» qapalı dairəsində ilişib.

Misirdə xalq bu dairəni qırmağa çox şanslıdır. Amma hətta milyonluq mitinqlərin qarşısında Mübarəkin eyni hiylələri dönə-dönə işlətməyə çalışması göstərir ki, ən zəif vəziyyətdə olan diktator belə çox təhlükəlidir. Azərbaycanda isə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG