Keçid linkləri

Təcili xəbərlər

Qış gecəsi yuxusu


2011-ci ilin fevralın 1-inə keçən gecə ilan vuran yatdı, amma Misir prezidenti Hüsnü Mübarək yata bilmədi. Qarmaqarışıq fikirlər onu boğur, yuxulamağa qoymurdu – müxalifət Misirin baş meydanı Təhrirdə sabah istefa tələbiylə milyon nəfərlik mitinq keçirəcəyini bildirmişdi. Ölkəyə 30 il rəhbərlik edən prezidentin istefası...

Səhərə yaxın Mübarəkin yorğunluqdan kirpikləri qapanıb huşlanırdı ki, yataq otağının toranında əynində frenç, ayağında uzunboğaz çəkmə olan ağır hərəkətli, balaca boylu bir adam göründü. Mübarəki soyuq tər basdı - bu adam beşqat qoruma halqasını necə keçmışdi? Balacaboy adamın ötkəm səsi eşidildi:

- Tanıdın məni? Mən öləndə sənin 24 yaşın vardı.

- Tanıdım, cənab Stalin, - dedi Misir prezidenti. Qorumaların təqsiri olmadığını anlayaraq, tələm-tələsik yataqdan qalxdı, çiyninə xalat atıb qonağın qarşısındakı divana oturdu. Gecə qonağı ondan qabaq oturmuşdu, sərbəst, evin yiyəsi kimi aparırdı özünü. Lampanın zəif işığında qalın bığları və yanaqlarındakı çopurlar sezilirdi.

- Sənə kömək etməyə gəlmişəm, - dedi qonaq və prezidentin çiynindəki xələtə kinayəli bir nəzər salıb, tələsmədən qəlyanı tənbəki ilə doldurmağa başladı:

- Sağ olun, cənab Stalin.

Ağır hərəkətləri gecə qonağına xüsusi, amiranə bir görkəm, şahanə əzəmət verirdi:

- Mən daha çox “yoldaş” sözünə vərdiş eləmişəm.

- Bəli, yoldaş Stalin.

- Vəziyyəti indiki həddə çatdırarlar heç? Günah sənin özündədir! Düzdü, yaxşı işlərin də olub, dana bilmərəm... Seçkiləri fırlada bilmisən, özünü pis təbliğ eləməmisən, hər yerdə portretlərin-zadın... Sənə pərəstiş edirlər. Amma heykəllərin yoxdur.

- Misir müsəlman ölkəsidir, yoldaş Stalin.

- Bilirəm. Nə isə... Hə, məhkəmə sisteminə də yaxşı əl gəzdirmisən, hər cürə rabitə-kommunikasiyanı da nəzarət altına almağı bacarmısan. Onun adı nə idi? Əşi, o zəhirmarı deyirəm?..

- İnternet, - Mübarək hörmətlə yada saldı. Hündür boylu Misir prezidenti bu balaca adamın yanında özünü narahat, dərsini bilməyən şagird kimi hiss edirdi və bu hissi unutduğu üçün sıxıntısı getdikcə artırdı, - ...amma yenə də Google onların mobil telefonla danışmalarına şərait yaratdı. Bəlkə çay gətirdim?

- Heç çayın yeridi? ...Mənim bu müasir texnologiyalardan o qədər də başım çıxmır, amma hakimiyyətin və idarəçiliyin mahiyyətini əla bilirəm! - frençli kişi bu sözləri çox sərt bir ifadəylə dedi və həmin ağır hərəkətlə cibindən 60 il əvvəlin kibritini çıxartdı, - Kütlələrin sərbəst ünsiyyətinə imkan vermək olar? Ağıllarına gələni danışsınlar?! İpini buraxmaq olmaz onların! Yaxşı ki, hələ televiziya və radio sənin əlindədir.

- Televiziya, radioya inanan qalmayıb artıq, yoldaş Stalin.

- Onsuz da indi televiziya heç nəyi həll etmir. Sən vaxtı boş-boşuna əldən verdin. Elə bu gecəni də! Bu gecə müxalifəti başsız qoymalıydın. Liderlərini aradan götürməliydin!

- Onlar evlərində yatmırlar axı, yoldaş Stalin.

- Bəs sənin kəşfiyyatın nəyə yarayır?! - Stalin ana-bacı söyüşü söydü, - çörəyi havayı yeyirlər...

- Onların ətrafında həmişə yüzlərlə adam var həm də. Yaxın düşmək mümkün deyil.

- Əh! Nolsun? Deməli, ətraflarını da qanına qəltan eləməliydin! Onda bir yol qalır - hər şeyi bax bu səhər tezdən həll eləməlisən. Səhərə də nə qalıb ki? Meydana tankları yerit. Qabaqdakı on min adamı gülləyə ver, qalanları qaçıb dağılışacaq.

- Kəşfiyyatın məlumatına görə meydanda bir milyondan iki milyona qədər adam olacaq. On min, kütlənin heç bir faizi də eləmir. Aralarında “Müsəlman qardaşları” da var – onlar üçün ölüm şəhidlikdir, cənnətə vəsiqədir.

- Onda əlli-yüz minini qır! Göndər getsinlər həmin cənnətə. Yalın əllə, daşla pulemyot və zirehli texnikaya nə edə biləcəklər ki? Televiziyaya çıxıb xalqa başa salarsan ki, qırılanlar xalq düşmənləridir.

- Bizdə “xalq düşməni” anlayışı yoxdur, yoldaş Stalin. İndi “dövlətçiliyin düşməni”, “dağıdıcı müxalifət” dəbdədir. Belə bir qırğını dünyaya və ABŞ-a izah etmək çətin olacaq. Amerika mənim strateji tərəfdaşımdır axı.

- Adın nə fərqi var ki?! Əgər Qərbin sözü ilə oturub-duracasansa sən batdın. Qorxub eləmə, Qərb qaliblə razılaşacaq. Guya indiyəcən Misirdə olan Qərb modelli demokratiyadı? – Stalin bunu deyəndə kinayə ilə gülümsədi və qəlyanını tüstülətdi, - mən onlarla səndən az danışıq aparmamışam.

- Dünya artıq dəyişib, yoldaş Stalin. İndi tam təcrid olunub yaşamaq mümkün deyil – hər şey inteqrasiya olunub - iqtisadiyyatlar, maliyyə, banklar, mobil telefonlar, İnternet, sosial şəbəkələr, Skype. Dünya qloballaşıb, daralıb və sıxlaşıb. Misir turizmdən, neft və qaz satışından böyük pullar qazanır. Həm də ABŞ-dan ciddi hərbi yardım alır.

- Sənin əsas səhvin elə bax odu! İnteqrasiya olunmuş iqtisadiyyat, Amerikanın yardımı... Üstəlik də – korrupsiya, oğluvu prezident eləmək istəyi, arvadıvın, onun ailəsinin müdaxiləsi. Mən belə şeylərə imkan verməzdim, sadə yaşayırdım. Oğlumu marşala dəyişmədim! Xalq da bunu bilirdi. Vaxtilə elədiklərindi, indi çıxır qarşına! “Dünya artıq dəyişib”?! Bu sözləri zəiflər deyər, özünə bəraət qazandımaq üçün. Öndəki on min nəfəri güllələ, az olsa daha yüz-iki yüz minini də ver ət maşının ağzına. Sonrasına baxarıq...

Stalin səsini qaldırdı, eynən dərsini bilməyən fərsiz şagirdlə danışan müəllim kimi. Ayağını ayağının üstündən aşıranda şalvarının böyründəki generalissimuslara məxsus enli qırmızı zolaq parıltı verdi.

- Bəs ordu əmri icra etməkdən imtina eləsə?

- Əvvəlcə elə imtina edənləri vur! Polkovnikləri, generalları güllələməkdən qorxma.

- İndi nə eləsəm də, vəziyyət yalnız müvəqqəti düzələcək. Bəs sonra?

- Sonra da eləcə. Dünyanı qorxu idarə edir. Bu qanunun tətbiqindən hələ heç vaxt ziyan çəkməmişəm.

- Hər şeyi riskə qoymaq... Bəs bu qədər yığdığım? Onu xilas etməyim? Mənim başqa planım var – vaxt udmaq, qüvvələri toparlamaq...

- Mən də elə qətiyyət göstərməyi, məqsədini-məramını ortaya qoymağı təklif edirəm. Ömrüm boyu heç nə yığmamışam. Ona görə yığılanın xilası barədə də düşünməmişəm. Xalq da bunu bilib, mənə pərəstiş edib.

- Bu, mümkün deyil, yoldaş Stalin... Mən belə bacarmaram.

- Belə də bilirdim!.. Mənimlə sənin fərqin elə bundan ibarətdir, - gecə qonağı ayağa qalxdı, - Əlvida! – deyib narazı-narazı qəlyanı son dəfə sümürdü və alaqaranlıqda yox oldu.

Prezident Mübarək tər içində oyandı, ürəyi bərk-bərk döyünürdü. Dan yerinin zəif işığı pəncərələrdəki pərdələrin arasından otağa süzülürdü. Əgər bu yuxu idisə, niyə yataq otağını üfunətli tüstü bürümüşdü? Stalinin müasirləri və sovet tarixçilərinin ətirli adlandırdığı qəlyan tütününün tüstüsü...
XS
SM
MD
LG