Keçid linkləri

Walter Isaacson BBG-nin ABŞ hökumətinin Amerikanın Səsi, AzadlıqRadiosu və digər beynəlxalq yayımlarını idarə edən qurumun rəhbəridir. Fevralın 8-də «Foreign Policy» onun «Samizdatdan «Twitter»-ə» adlı məqaləsini dərc edib. Məqalədə deyilir:

Misirin gələcəyi ətrafında olan qeyri-müəyyənlik bir çox müzakirələrə səbəb olub: Biz 1979-cu ilin Tehranını, yoxsa 1989-cu ilin Praqasını müşahidə edirik? Misir teokratiyanın yoxsa demokratiyanın ərəfəsindədir? Həqiqət budur ki, hazırda bunu müəyyənləşdirmək mümkün deyil. Amma Misirdən yayımlanan «Facebook» postları, e-maillər, «twitt»-lər, youtube videoları mənə samizdatları - soyuq müharibə dövründə kustar üsulla qeyri-qanuni nəşr edilərək yayılan ədəbiyyatları xatırladır.

SON 20 İLİN İNQİLABI

Rəqəmsal texnologiyalar bu gün Qutenberqin çap dəzgahının Protestant reformasiyasını yönləndirdiyi dövrdən bu yana bizim siyasətimizi müəyyənləşdirən ən təsirli vasitədir. Bu son 20 ilin inqilabıdır.

Mən Sovet İttifaqının çöküşünü «Time» jurnalında işıqlandırmaq üçün Şərqi Avropaya getmişdim. Bratislavada olarkən məni xarici qonaqların qaldığı, peyk televiziyalarını izləmək imkanı olan bir otelə yerləşdirdilər. Burada xadimələrdən birisi məndən məktəb uşaqlarının nömrəmə gəlib MTV və digər musiqi kanallarını izləməyimə etirazım olub-olmadığını soruşdu? Mən razılaşdım və otelə tez qayıdacağımı və məktəbliləri görmək niyyətimin olduğunu bildirim. Ancaq mən otelə qayıdanda onlar MTV-yə baxmırdılar. Onlar Polşanın Qdansk limanında baş verən ixtişaşları göstərən beynəlxalq yayımı izləyirdilər.

Mən təxminən eyni hadisəni 10 il bundan öncə Çinin kiçik bir şəhəri, Kaşqarda görmüşdüm. Küçələrin birisində yerləşən kiçik qəhvəxananın arxasında üç uşaq kompyuterdə nəyəsə baxırdı. Mən onlardan nə işlə məşğul olduqlarını soruşdum. Onlar internetdən istifadə ediklərini bildirdilər. Mən bir neçə xəbər saytlarına daxil olmaq istəyirdim. İnternetə tətbiq olunan qadağa üzündən saytlar açılmırdı. Uşaqlardan birisi məni yavaşca qırağa itələdi və kompyuterə nəsə yazdı. Həmən dəqiqə, xəbər saytları açıldı. Mən uşaqdan nə etdiyini soruşdum. O bildirdi ki, biz proxy serverlərdən istifadə etməklə senzuradan yayınma üsulunu bilirik.

İnternet - azad cəmiyyətlərdə uğrunda mübarizə aparmağa ehtiyac olmayan, avtoritar rejimlərdə yaşayan insanların həqiqətə çatması üçün son vasitədir. Tunislilər hakimiyyətdən sui istifadə edən Ben Əli rejiminə qarşı sosial şəbəkədən istifadə edərək təşkilatlandılar, etirazlar etdilər. Misirdə də baş verənlər mətn, fotoşəkillər, videolar şəklində dünyaya müasir texnologiya sayəsində sürətlə yayıldı.

Misir rejiminin internet bağlantısını kəsmək cəhdləri soyuq müharibə dövründə SSRİ-nin Amerikanın Səsinin (VOA) və Azadlıq Radiosunun (RFE/RL) dalğalarını əngəlləmək cəhdlərini xatırladır. Dəqiq və etibarlı informasiya axınını - demokratiyanın oksigeninin kəsmək, rejimin dərin qorxu içərisində olduğunu göstərir.

KAMİKADZE TALİBANI NECƏ TƏRK ETDİ?

Qətərdə yerləşən 24 saatlıq xəbər kanalı «Al Jazeera» Misir hadisələrinin yerində və geniş işıqlandırdığı üçün mətbuat tənqidçiləri tərəfindən yüksək qiymətləndirilir. ABŞ-ın beynəlxalq xəbər kanalı «Al Hurra TV» də böhran dövründə yetkinləşdi. 23-30 yanvar tarixində Alhurra.com saytına daxil olanların sayı 5.4 dəfə artdı. Ötən bir neçə gün ərzində Misir müxalifət partiyalarının - Wafd, Ghad və Dəyişiklik uğrunda Hərəkatın (Kefaya) liderləri bu kanal vasitəsilə öz fikirlərini izləyicilərə çatdırırdılar.

Birləşmiş Ştatlar, «Al hurra» və digər beynəlxaq yayım kanallarını məhz Yaxın Şərq boyu etirazçıların tələbi olan demokratik dəyərlər, vətəndaş cəmiyyəti kimi hədəfləri dəstəkləmək üçün maliyyələşdirir. Bu Birləşmiş Ştatların 70 ildir ki, gördüyü və davam etdirməli olduğu işdir. İki il öncə AzadlıqRadiosunun əfqan xidmətinə zəng etmiş potensial kamikadze canlı yayımda Taliban sıralarını tərk etdiyini və radio stansiyanın plüralizmi gözləməsi nəticəsində düşüncələrinin dəyişdiyini bildirmişdir.

Bizim media vasitələrimiz dəyişib. 1950-ci illərdə Dəmir Pərdələrin arxasına - Polşa, Macarıstan və Çexoslavakiyaya hava balonlarından istifadə etməklə xarici dünyadan xəbər vərəqələri göndərirdik. Hal-hazırda biz internet qadağalarından yan keçmək üçün peyk ötürücüləri, veb şifrələri, proxy serverlər kimi müasir antisenzura vasitələrindən istifadə edirik.

Mediadan və dövrdən aslı olmayaraq ideya eynidir. Azad media uğur qazandırır. Dəqiq informasiya vətəndaşların yüksək rifah və demokratik dəyərlərə malik dünya qurmasını təmin edir.

Tərcümə etdi: Turxan Kərimov
XS
SM
MD
LG