Keçid linkləri


Həftə gözəl başladı. ABŞ-ın Azərbaycandakı səfiri təyin olunmuş Metyu Brayza, nəhayət ki, Bakıya gəldi. Gülər üzlə! Üstəlik, yanında 3 gülümsər üz daha gətirdi. Ömür dostu, balaca qızı və Dayəsi. Dördü də işıq saçırdı. Cənab səfirin üzügülər olduğunu çoxdan bilirik. Qalanlarını indi gördük. Əvvəllər hər zaman ciddiliyi ilə seçilən xanım Brayza bu dəfə fərqli görünürdü. Ana obrazı ona yaman yaraşırdı. Amma ən maraqlısı, uşağa baxmaq üçün gələn «Amerikalı dayə» idi. Sən demə, həm Cənubi Amerika seriallarından, həm də elə Hollivud filmlərindən bizə tanış olan bu obraz həyatdakından fərqlənmirmiş. Yupyumru, sevimli, xeyirxah və gülərüz.

Bazar ertəsi bütün telekanalları bəzəyən bu gülümsər üzlər içimdə qəribə bir ümid oyatdı. Həftə xoş ovqatla başladı, elə də bitəcək, inşallah!- deyə düşündüm…

RÜŞVƏTƏ «YOX»!

Korrupsiyayla mübarizə kampaniyası qızışdı. Az qala bütün dövlət qurumları bu yürüşə qoşuldu. Hətta bu məqsədlə alimlərin gücündən yararlanmaq da təklif edildi! Yalan-gerçək, söz gəzir ki, bəzi xəstəxaanlarda pulsuz xidmətə keçilib. Amma xəstədən xahiş edirlər ki, noolar, bircə plyonkanın pulunu ödə …Notariat kontorlarından da inanılmaz xəbərlər gəlir. Orada hətta 20 qəpiyə məsələnin həll edildiyini söyləyirlər…

Belə getsə, deyəsən ölkəni hörümçək toru kimi bürüyən bu azardan qurtulacağıq! İnanmadınız? Çox nahaq! Görmədiniz, Baş prokuror ötən həftə nə dedi? Özümüzdən başlayaq!-söylədi.

Deyirəm, elə özlərindən başlasalar, kifayətdir. Qalanları ilə biz bacararıq. Nə deyirsiniz?
Sizə bir sualım da var. Bilmirəm diqqət etdinizmi, həftə boyu ölkə televiziyalarında həvəslə korrupsiyaya savaş açan rəsmilərin biri də kameraya baxmırdı. Gözlərini yayındırırdılar. Əvvəl elə bildim, mən belə qavrayıram. Ancaq vəkil Aslan İsmayılov da eyni müşahidəni verilişdə söyləyəndə, yanılmadığımı anladım. Sizcə, bunun səbəbi nədir?

Bir şeylə, ya kəslə mübarizədə həmin şeyin, ya kəsin gözünün içinə dik baxmasan, onu yenmək olarmı?..

ƏLİ ÇANTALI QƏHRƏMAN NƏNƏ

İndi Böyük Britaniyada hamı bu nənədən danışır. Adını unutduğum bir şəhərdə günün-günorta çağı bir qrup cinayətkar dəstə mərkəzdə yerləşən zərgərlik dükanının vitrinini sındırıb orada olanları götürüb qaçmağa cəhd edib. Kamera qeydini öz gözlərimlə gördüm. İki nəfər motosikllə hazır vəziyyətdə dayanmışdı. 2-3 nəfər isə vitrini zopalarla sındırmağa cəhd edirdi. Hamı durub təəccüblə baxırdı. Dəstə də öz işindəydi.
Birdən…qarşı səkidən qırmızı paltolu bir nənə küçəni keçib dəstənin üstünə yeridi və əlindəki çanta ilə vitrini sındıranlarla savaşmağa başladı. Dəstə üzvləri tələm-tələsik işi yarıda buraxıb qaçmağa üz tutdular. Xeyr! Nənə onları qovmaqla yetmədi, birini yıxıb üstünə çıxdı! Yaxında dayananlar da qeyrətə gəlib nənəyə kömək göstərdilər və dəstə üzvlərindən biri ələ keçdi. O biriləri tapmaq elə də çətin olmadı.

İndi hamı İngiltərədə bu nənədən danışır. Qırmızı paltolu nənə ölkədə qəhrəman élan olunub.

Dayanın! Deyirəm, bəlkə o nənəni Korrupsiya ilə Mübarizə İdarəsinə başçı qoyaq? O əli çantalı nənə nəinki Korrupsiyanın gözünün içinə baxar, hətta onu minib çapar da! Sonra da bizlər- yəni kənarda durub mat-mat tamaşa edənlər nənəyə köməyə gələrik. Nə cür təklifdir?..

TİKƏ-TİKƏ OLDU…

Bu dünyada görünür həmkarım Çingiz Sultansoy demiş, bəd xəbərsiz keçinmək olmur. Həftə nə qədər xoş başlasa da…Fevralın 8-də Çənlibel deyilən o lənətə gəlmiş məkanda daha bir dəhşətli ölüm hadisəsi baş verdi.

Ona görə lənətə gəlmiş deyirəm ki, düz bir il öncə Bakının qarlı-çovğunlu qış günlərinində həmin məkan 2 can almışdı. Bölgələrdən daş karxanasına işləməyə gələn iki fəhlə o düzəngahda yolu azaraq donub ölmüşdü. Onlara karxanadakı işlərinə görə cəmi 50 manat pul ödəmişdilər. Bu pulu evlərinə çatdırmağa tələsmişdilər. Ölərkən ciblərindən elə bu məbləğ də çıxmışdı... Şəhmir və Hüseyn isimli fəhlələrin birinin 38, o birinin 40 yaşı vardı…

Bax, həmin siyahıya daha biri əlavə olunub. Karxananın maşinisti Şamil Qurbanov daşkəsən texnikanın arasında qalaraq tikə-tikə olub...Şamil Zaqatala rayonundan gəlibmiş. Cəmi 41 yaşı varmış.

«Azərbaycan vətəndaşı firavan yaşayır» -deyən dövlət rəsmisi! Sənə üz tuturam: Firavan xalqın övladı səfalı Zaqatalanı buraxıb Çənlibel düzündə 50 manata daş kimi tikə-tikə doğranmaz!

İL NƏ TEZ KEÇDİ…

Ötən il «Elmlər Akademiyası» metro stansiyasının qarşısında Hüseyn Cavid prospektini keçərkən sərnişin avtobusunun vurduğu Leyla Axundzadənin ili oldu…

Cümə axşamı Leyla xanımın Təzəpir məscidinin salonunda düzənlənən yas mərasiminə qatıldım. Heyf ondan! Adi bir ehtiyatsızlıq dəyərli bir can aldı. Leyla Axundzadə ölkənin ən tanınmış sənətşünaslarından, incəsənətimizin ən qızğın təbliğatçılarından idi. «Zamanın qanadları» Yaradıcılıq Assosiasiyasının prezidenti idi. Beynəlxalq simpoziumlarda ölkəni təmsil edirdi. Xarici ölkələrdə mühazirələr oxuyurdu, incəsənətimizlə bağlı araşdırmalar aparırdı. Əməkdar İncəsənət xadimi olan Leyla xanım gözəl fotolar çəkirdi, ölkədə və xaricdə keçirilən fotomüsabiqələrdə iştirak edirdi. Qəfil ölüm hər şeyi yarımçıq kəsdi. Onun dostlarını, sənətsevərləri yasa boğdu.

Lap gənclik illərindən tanıdığım Leyla xanım Bakımızın ən gözəl xanımlarından biriydi. Yas mərasiminin aparıcısı hər dəfə «Gözəl Leyla xanımın ruhuna Fatihə!»-deyərkən içim sızlayırdı.

Amandır, küçəni keçərkən ehtiyatlı olun! Bir də, yaxınlarınızdan, dostlarınızdan muğayat olun. Onları sağlığında dəyərləndirin. «Həyat daimidir, ömür əmanət»-deyən böyük şair haqlıdır…

ON- QIRMIZI DON!

Fevral ayı Bakını qırmızıya boyadı. Əslində yanvardan başlayan bu təşəbbüs növbəti ay özünü qıpqırmızı rənglə göstərdi. Xatırlayırsınızsa, ötən ay Vergilər və Maliyyə nazirlikləri bu vaxtadək qanunsuz işləyən kontor və məntəqələrin fəaliyyətini dayandıracağını açıqladı. Sonra Azərbaycanda «TopAz» brendi ilə rəsmi bukmeker kontorları fəaliyyətə başladı. Və can Bakı qırmızı don geyindi... Fikir verin, kontorlar bir küçənin hər iki tərəfində açılıb, yəni üzbəüz.

Təbriklər! «Oyna, qazan» psixologiyasını sevən şanlı millətimiz üçün yeni bir imkan yarandığına sevinmək lazımdır. Həm də gələcəkdə kontorların ölkənin hər yerində açılacağı xəbər verilir. Demək, Vətənimizin tam qırmızı günə çıxmasına az qalır. Hələ bu azmış kimi bir neçə gün ölkənin populyar saytlarının biri bu kontorun reklamıyla açıldı. Qırmızıya boyanıb «Filankəs gəldi»- deyib atılıb-düşdü.
Doğdu günəş qırmızı
Can, gülüm, can-can.
Topladı oğlan-qızı,
Can gülüm, can-can...
Rəhmətlik Abbas Səhhət 100 il öncə elə bil bu al-qırmızı günümüzə baxıb yazıbmış...

«AXMAQ» DİKTATORUN SONU...

Böyük Britaniyanının «Daily Telegrahp» qəzeti bu həftə qəribə xəbər yayıb. Qəzetə bu xəbəri Tunis Hərbi Hava Qüvvələrinin bir rəsmisi ötürüb.

Sən demə, devrilmiş Tunis prezidenti Zeynalabdin Bin Əli hətta təyyarə meydanında belə ölkəsini tərk etmək istəmirmiş. Bu zaman onunla birlikdə qaçan həyat yoldaşı Leyla xanım bərk qəzəblənib və ərinin üstünə qışqıraraq deyib: «Təyyarəyə min, axmaq! Bütün həyatım sənin axmaqlıqlarına dözməklə keçdi.» Leyla xanımın bu sözlərini vecinə almayan (bəlkə öyrəncəkliymiş?) keçmiş diktator yenə təyyarəyə girməyib və Vətəni üçün ölməyə də hazır olduğunu (Ah, bu diktatorlar! Cisimlərini Vətənə, Vətəndən oğurladıqları milyardları isə xarici banklara etibar edirlər!) bildirib. Onda Ali Şeriati məsələyə qarışıb və Bin Əlini güclə təyyarəyə salıb...

SƏTRİ XƏBƏRLƏR:


- Bakıda qanunsuz işləyən üç ali məktəb aşkarlandı.
- Hollandiyanın Delfte şəhərində orta əsrlərə məxsus 300 tonluq qüllə o ərazidən dəmiryolu tuneli keçməli olduğundan müvəqqəti olaraq hidravlik maşının köməyilə 15 metr kənara çəkildi.
- Macarıstanda ömürlük zindan həyatı sürən Ramil Səfərov macar yazıçısının əsərini Azərbaycan dilinə tərcümə etdi.
- Çinlilər saxta düyü hazırlamağa girişdilər.
- İsrail Azərbaycanda gözlənilən terror səbəbindən vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı.
- Məşhur «Naxos Music» şirkəti Fərhad Bədəlbəyli və Dmitri Yablonskiyə üç sonata hazırlamağı təklif etdi.
- Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin növbəti xatirə günü keçirildi.
- Boris Pasternakın Azərbaycan dilində ilk kitabı çıxdı.
-Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişafı Proqramının (2011-2014-cü illər) ilkin layihəsinin müzakirəsi keçirildi.
-Fikrət Əmirovun "Min bir gecə" baleti Moskvada Kreml Sarayında nümayiş olundu.
-Ayda mağara tapıldı.
-Tanınmış hüquq müdafiəçisi İradə Cavadova öz mənzilində dəm qazından zəhərləndi.
-Azərbaycanlı ər öz arvadını niyə kəsdiyi qazın hamısını deyil, yarısını bişirdiyinə görə öldürdü.
-BDU-nun saxta diplomunu 5 min dollara satan şəxs tutuldu.
-Kinoaktyor Arnold Şvarsneger 7 illik fasilədən sonra kinoya qayıtdığını bildirdi.
-Avroviziya musiqi yarışmasında Azərbaycanı yenə duet təmsil edəsi oldu.
-Və nəhayət, yaşadığımız həftə sonu daha bir diktatorun çöküşünü gördük.

P.S. Demişdim axı, həftə xoş sonluqla bitəcək...
P.P.S. Demək, yaşamağa dəyər!
P.P.P.S. Görəsən, hakimiyyətdən dörd əllə yapışan Misirli diktatora arvadı Süzan xanım son anda nə deyib?

Şərhləri göstər

XS
SM
MD
LG