Keçid linkləri

Qadınlar, hökumətlər və körpülər


Bəs görəsən, körpülər ölkəsi Azərbaycanda körpüyə çıxacaq bir qadın tapılacaqmı?

Bəs görəsən, körpülər ölkəsi Azərbaycanda körpüyə çıxacaq bir qadın tapılacaqmı?

O kim idi, unutdum, qadınları hökumətə bənzədirdi?

Hə, deyirdi ki, hər bir kişi öz arvadının və hökumətin pulu necə xərcləməsindən narazıdır. Fərq yalnız ondadır ki, o, hökuməti açıq söyməkdən çəkinmir...

«65»Ə MİNİB ÜZÜYUXARI QALXIRDIM...

Deyəsən, düz deyib axı... Dünən «Azərnəşr»in önündən 65 nömrəli avtobusa minib işə tərəf qalxırdım. Bir yaşlı, ağıllı-başlı kişi oturmuşdu düz sürücünün yanında, hökuməti söyürdü. Nə sürücü, nə köməkçisi ona fikir verirdi. Düzü, onların eşidib-eşitməməsi heç kişini maraqlandırmırdı da. Elə dediyini deyirdi. Hökuməti milli kimliyini itirməkdə suçlayırdı. Deyirdi ki, gör Bakını nə günə qoyublar? Fontanlar, heykəllər, körpülər, göydələnlər aləmi basıb, camaatın nə gündə olmasını isə görmürlər...

Camaat da, içi mən qarışıq, susmuşduq. Mən düşənə qədər kişi öz işindəydi... Amma heç o kişidən soruşan olmadı ki, ay əmi, həyat yoldaşın evi necə idarə edir? Bir az da arvadından danış, görək? Gərək mən soruşaydım, onsuz da sual vermək boynumuzun borcudur...

BAYRAMDA TUFAN QOPARANLAR

8 Mart fırtına ilə başladı. Türkiyə qara büründü, Bakı soyuq xəzriyə təslim oldu. Ölkədə qar-yağış gözlənilir. Əslində, özümü anlayandan bu bayram günü havaların pozulduğunun şahidi olmuşam. Görəsən, 100 il öncə havalar necəymiş? İnanmıram isti olsun. Demək, qadınlar öz bayramlarında belə tufan qopara bilirlər?! Demək, qadın doğrudan da böyük qüvvədir?!

MART--QADIN AYI—HAMI KÖRPÜYƏ!

ABŞ prezidenti martı qadın ayı elan etdi, bu günü qeyd etməyə, hamını qadın hüquqları uğrunda mübarizəyə səslədi. «Hamımız yanaşı--körpüyə!» adlanan aksiyaya dünyanın 48 ölkəsinin qadınları qoşulacaq və körpüyə çıxaraq haqq səslərini ucaldacaqlar. Bəs görəsən, körpülər ölkəsi Azərbaycanda körpüyə çıxacaq bir qadın tapılacaqmı?

MƏNƏ İŞ VERİN!

Azad Qadın heykəli
Türkiyənin Baş naziri də qadınlar bayramında ölkə qadınlarını hüquqları uğrunda mübarizəyə səslədi, hətta qadın hüquqlarını pozanları «alçaq» adlandırdı. Ölkəsində son zamanlar qadına şiddətin artdığını qeyd etdi və bunda...medianı suçladı! Hər şeyi açıqlığa çıxardığına görə... Baş nazir bu çıxışı yaparkən qıraqda ortayaşlı bir qadın mühafizəçiləri yararaq ona çatmaq istəyirdi. Ondan nə istədiyini sordular. «İş istəyirəm» –dedi qadın—«Mənə iş versin!».

BƏS KÖRPÜ?


Azərbaycan prezidenti də qadınları təbrik etdi. Qadınların milli dəyərlərə sadiqliyini vurğuladı, onları ana dilinin, mədəniyyətin və mənəviyyatın ən etibarlı dayağı hesab etdi. Bundan sonra da qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməyə, dinamik inkişaf edən ölkənin gələcəyi naminə gücünü və qüvvətini əsirgəməməyə çağırdı.

NİYƏ?!

Bəs qadın hüquqları? Bəs körpü? Elə isə, o körpüləri niyə tikdirmişdiniz?

Doğrudanmı, bizim qadınların öz hüquqları uğrunda mübarizəyə başlamağa əsası, gücü, həvəsi, iradəsi yoxdur?

Bəs ölkəni bürüyən işsiz qadınlar?

Bəs xarici ölkələrdə ən qədim peşənin adını unutmağa qoymayanlar?

Bəs Bakı bazarlarında rayondan alma, qatıq, süd gətirib, gecəsi bir manata soyuq damlarda gecələyib, ertəsi gün evinə qəpik-quruşla qayıdanlar?

Bəs az qala hər gün qəzetləri bəzəyən, əri tərəfindən döyülən, öldürülən, hətta baltalanan qadınlar?

Bəs analığı və atası tərəfindən ötən həftə döyülüb öldürülən balaca Sevinc?

Bəs son vaxtlar ölkə TV-lərində anonslara çıxarılıb qanımızı qaraldanlar, gözündən qanlı yaş axıdanlar?

Onlar bizdən deyillərmi?

Bəlkə, biz onlardan deyilik?

Niyə 8 Mart ancaq ətir və gül bayramı olsun?

Ancaq «mənəviyyat», «mədəniyyət», «azərbaycançılıq» bayramı olsun?

Niyə cəmi bir gün qadınlara yalançı sözlər söyləyək?

Niyə körpülərə çıxmayaq?

Hüquqlarımızı tələb etməyək?

Niyə aramızdakı körpüləri uçuraq?

Niyə?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG