Keçid linkləri

Avropada yaşayan bir qrup gənc 11 Martda «Böyük Xalq Günü» keçirmək təşəbbüsü ilə çıxış edib. Azərbaycanda bunu artıq hamı bilir. Təkcə ona görə yox ki, gənclər sosial şəbəkələrdə bu təşəbbüsü təbliğ ediblər və bu təşəbbüs həm yerli, həm xarici mediada işıqlandırılıb. Həm də ona görə ki, Azərbaycan hökumətinin bu məsələyə verdiyi reaksiya iqtidarın indiyə qədər göstərmədiyi bir təlaşı ortaya qoyub: paytaxt şəhərə əlavə qoşun qüvvələri yığılıb; hökumət nəzarətində olan telekanallar 11 Mart təşəbbüsünə ard-arda verilişlər həsr edirlər; hakim YAP partiyasının təşəbbüsü ilə gənclərlə görüşlər keçirilir. Universitet rektoru, Daxili İşlər Nazirliyi, YAP katibləri 11 Mart təşəbbüsünü pisləyən bəyanatlar verir, gənc fəalların həbsləri dayanmaq bilmir. Bir sözlə, hakimiyyət bütün arsenalı işə salıb. Amma cavab tədbirləri güc görüntüsü yaratmır ki, yaratmır. Əksinə, gənclərin təşəbbüsü Azərbaycan iqtidarından havayı reklam qoparırmış kimi görünür.

PREVENTİV ADDIMLARIN İSTİQAMƏTİ

Hakimiyyətin 11 Mart təşəbbüsünə reaksiyasının effektiv olmamasının bir səbəbi də odur ki, atılan addımlar səbəblərə, kökə yox, həmin o kökün yaratdığı üst görüntülərə qarşı yönəlib.

Məgər problem bir neçə gəncin vərəqə yayması, yaxud küçələrdə divarlara qrafiti yazmalarıdır?

50, 60, 100, yaxud lap elə 1000 adamın «Facebook»da yazışması normal ölkədə siyasi sabitliyi sual altına sala bilməməlidir.

Bir ovuc gəncin təşəbbüsündən təşvişə düşən hakimiyyət arxasında nə qədər polis və ordu dursa da, zəif olaraq qalacaq.

PREVENTİV ADDIMLARIN GÜCÜ

Hansısa bir məqamda rəqibə qarşı edilən basqıların miqyası göz qorxutmaq funksiyasını itirib əzilən etirazçıların gücünün, nüfuzunun etirafına çevrilir. Şəkillərdə 6-7 polisin əhatəsində polis məntəqəsinə gətirilən gənclərin surəti xalqa sadə bir mesaj verir – bu gənclər güclüdürlər, ürəklidirlər və deməli... onlara bənzəmək istəyənlər az olmayacaq.

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR

YAP rəsmilərinin vurğuladığı bir məqam odur ki, 11 Mart təşəbbüsündə xüsusi fəallığı xaricdə yaşayan azərbaycanlılar göstərir. Azərbaycandan emiqrasiya köçü dəhşətli miqyaslar alanda, Azərbaycan iqtidarı nümayəndələri belə bir tezislə çıxış edirdilər ki, qoy getsinlər; gedənlər xaricdə güclü diasporumuzu yaradacaqlar və ölkəyə xidmət edəcəklər; vacib deyil ki, bütün azərbaycanlılar Azərbaycanda yaşasın və s.

Xaricdə yaşayan çox azərbaycanlıya bu «arqumentin» istehzalı pafosu yer edirdi, çünki gedənlərin çoxu öz xoşuna getməmişdi, diaspor-zad yaratmaq istəmirdi, öz ölkəsində normal yaşamaq istəyirdi və bu imkanları görmədikdə yurd-yuvasını tərk etməli olurdu.

Vaxt dolanıb və rəsmilərin İlham Əliyevin xaricdə təbliğat maşını kimi görmək istədiyi «Azərbaycan diasporu» indi təhlükə kimi qəbul edilir.

OLACAĞA ÇARƏ...

Yəqin ki, dünya tarixində ən güclü anti-inqilab tədbirlərini Misir fironu həyata keçirib. Tövrata görə, Musa peyğəmbərin öz xalqını üsyana qaldıracağı öncəgörməsini eşidən Misir fironu bütün yəhudi ailələrindəki birinci oğlan uşaqlarını öldürürmüş. Alınmadı. Firon uduzdu. Məsələnin dini tərəfi fatalizmdirsə, kosmik, ilahi ədalətdirsə, bir baxış müstəvisi də var – ictimai siyasi müstəvi: Misir fironu yəhudi xalqına əməlli-başlı zülm edirmiş və bu zülmdən cana doyan xalq öz peyğəmbərini əvvəl axır yetişdirəcəkdi – bir gün tez, bir gün gec.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG