Keçid linkləri

Banan jurnalistlə prezidenti necə dostlaşdırdı?


Ən bahalı, ən varlı, ən rifahlı ölkələrdə banan bizdən ən azı iki dəfə ucuzdur

Ən bahalı, ən varlı, ən rifahlı ölkələrdə banan bizdən ən azı iki dəfə ucuzdur

Təkcə cəza ilə bazar tənzimlənməz, qiymətlərin ədalətli və real olması üçün bazarın azadlığı da təmin edilməlidir. Bu, iqtisadi qanundur. Tutaq ki, kartel sövdələşməsi ilə yumurtanın qiymətini qaldıran sahibkarları cəzalandırdıq. Bəs ölkədə yumurta azdırsa, qiymət necə aşağı salınsın? İş adamları deyir ki, hazırda İrandan 5 qəpiyə yumurta təklif edirlər. Onu ölkəyə gətirmək üçün maneələr aradan qalxsa, bu yolla yumurtanın qiymətini kimisə cəzalandırmadan 7-10 qəpiyə endirmək olar. Deputatları siyahı ilə təyin edilən bir ölkədə qiyməti əmrlə tənzimləmək qəribə olmasa da, bunun ən doğru yol olmadığını anlamaq da çətin deyil. Yaxşı, yumurta pis-yaxşı hörmətə və diqqətə mindi. Bəs başqa mallar necə olsun? Götürək bananı...

UQANDAYA BAŞ TUTMAYAN SƏFƏR

Banandan çox yazsam da, ona yenidən qayıtmağı aktual hesab edirəm. Bu maraq ona xüsusi sevgimdən deyil, sadəcə, inhisarın ölkəmizdə qiymətləri nə qədər yüksək dərəcədə artıra bilməsini, inhisarın ağlasığmaz miqyası və acı nəticələrini göstərmək üçün banan tipik bir misaldır. Bunu zarafatla «banan nəzəriyyəsi» adlandırmaq olar.

Sonra mövzu məni Uqandaya «apardı»\. Bananın ölkəmizdəki qəribə taleyi ilə maraqlanarkən Uqanda prezidentinin də etiraz dolu çıxışları ilə rastlaşdım. Yoveri Museveni dünyadakı ticarət sisteminin ədalətsizliyindən narazılıq bildirən bəyanatları ilə məşhurdur. Bu diktatorun çıxışlarında həqiqət vardı. O, deyir ki, Avropa qəhvəni onlardan 1 dollara alıb 12 dollara satır, onların isə baha satmaq imkanları yoxdur. Lakin Museveninin daha böyük dərdi bananla bağlıdır. BBC-nin yaydığı bir müsahibədə deyirdi ki, Uqandanın istehsal etdiyi bananın hər il 40 faizini, bəzən daha çoxunu alan olmur. Hər il onun ölkəsi 10 milyon ton banan yığır, lakin sata bilmədikləri üçün bunun ciddi hissəsi çürüyüb zay olur. Günahkar isə Uqanda prezidentinin fikrincə, inkişaf etmiş ölkələrdir. Bu ölkələr sudan ucuz qiymətə aldıqları məhsulu özlərində o qədər baha satırlar ki, həmin məhsullara tələbat azalır. Halbuki normal qiymət çürüyən bananlara da müştəri və tələbat yaradardı. Bu da bananın taleyi! Bizim şikayət etdiyimiz bahaçılıq, inhisar, ona və onu yığanlara da böyük bir talesizlik yaşadırmış. «Bananın taleyi» ilə bağlı yazımdan sonra mən Uqanda ilə yazışmağa başladım. Dəvətlərə baxmayaraq, bu ölkəyə gedə bilmək imkanı tapmadım, lakin bir diktatorla «dost» və həmfikir oldum.

GÜLÜŞ YARADAN RƏQƏMLƏR...

Bananın bizdəki qiymətinin çox baha olmasını uzun-uzadı yazmaq istəmirəm. Daha bunu bilməyən yoxdur. Ən bahalı, ən varlı, ən rifahlı ölkələrdə banan bizdən ən azı iki dəfə ucuzdur. Biz dünyanın ən bahalı bananını yeyirik, üstəlik, çoxumuz bilmirik ki, əksər hallarda onun aşağı sortunu alırıq. Lakin ötən dövrlərdə apardığım araşdırmalar məni heyrət doğuran rəqəmlərlə üzləşdirmişdi.

Rəsmi sənədlərə görə, 2008-ci ildə Azərbaycan 9.4 min ton banan idxal edib. Bu, çoxdur, yoxsa az? Maraqlıdır, əhalisi bizdən iki dəfə az olan Ermənistan 18.2 min ton banan idxal edib. Bu, miqdar baxımından bizdəkindən iki dəfə çox edir, əhalinin sayı nisbətində isə 4 dəfə çoxdur. Ekspertlərə görə, 9.4 min ton banan təkcə «Jalə» şirələrinin damlalarına, yəni bu zavodun tələbatına bəs edərdi. Yəni bu miqdar gömrükdə tam sənədləşdirilməyən banan idxalının yalnız cüzi bir hissəsidir. Qalan malın sənədləşdirilmədən ölkəyə gətirilməsi şübhə doğurmur.

Əmin ola bilərik ki, elə Ermənistanda da gömrük maxinasiyaları var. Gəlin, bu halda ölkəyə daxil olan nə qədər bananın gömrük və vergi rüsumlarından yayındırılmasını daha yaxşı təsəvvür etməyə çalışaq. 9.4 min ton banan idxalı o deməkdir ki, Azərbaycanda ildə adambaşına 1 kq banan yeyilir.
2008-ci ildə Azərbaycan 9.4 min ton banan idxal edib
Halbuki bu göstərici Rusiyada 6.6, Türkiyədə 5, Rumıniyada 6, Əlcəzairdə 4-dür. Avropa ölkələrində isə 10-dan yuxarıdır.

Ayrıca Ukraynanı götürək. 2008-ci ildə bu ölkə 297 min ton banan idxal edib. Ukraynanın əhalisi bizdən təxminən 5 dəfə çoxdur. Həmin nisbəti götürdükdə biz 60 min ton banan idxal etməli idik. Amma guya biz 20 min tona da ehtiyac duymamışıq. Onu da xatırladım ki, bananın qiymətinin yüksək olmasında gömrük rüsumunun çox olması heç bir rol oynamır. Çünki ona tətbiq edilən gömrük rüsumu elə də çox deyil. Rəsmi gömrük kodu 080300 olan bu məhsula tətbiq edilən rüsum səviyyəsi 15 faizdir.

BANANI ÖLKƏYƏ KİM GƏTİRİR?

Bu sualın bir cavabı belədir: gözəgörünməz qüvvə. Dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə sorğu yollamışdıq. Sorğuda aşağıdakı suallar vardı:

- Azərbaycanda neçə şirkət banan idxalı ilə məşğul olub və onlar hansılardır?
- Ötən il Azərbaycana idxal olunan bananın miqdarı nə qədərdir?
- Hazırda banan ölkəmizə hansı qiymətlərlə daxil olur?

Lakin heç bir cavab almadıq. Komitə qanunlara məhəl qoymayaraq bananla bağlı məlumatları gizlədir. Sorğuya cavab verməkdən imtina edir. Bizdə olan məlumata görə, bu məsələ komitənin öz işçiləri üçün də qapalı mövzudur. Bu, gömrüküstü bir biznesdir. Fəqət gerçəklik xalq arasında gəzən şayiələrdə, indiyəcən mətbuatda gedən yazılarda olduğu kimidir. Mətbuat illərdir yazır: bu biznes prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun nəzarətində olan bir sahədir. Bundan artığını heç kim bilmir.

Mənə kömək edən bəzi həmkarlarımla bazarlarda araşdırma apardıq. Yalnız bir şey bəlli oldu. Banan Xırdalanın yaxınlığındakı Atyalı ərazisindəki bazaların birindən maşınlarla bazara daşınır. Oradan topdansatış olur. Satış zamanı heç bir sənəd, qaimə, çek verilmir. Bu maşınlar son illər «8-ci kilometr bazarı»nda dayanır. Bütün Azərbaycan isə bananı bu maşınlardan alır. Bazarlarda da hesab edirlər ki, banan general Bəylər Əyyubovun adamlarının nəzarətindədir.

30 SENTƏ BAKIDA...

Birdən sizdə sual yarana bilər ki, bəs bu meyvənin yığıldığı ölkələrdəki satış qiyməti nə qədərdir? Xatırladım ki, ən keyfiyyətli bananın ən baha qiyməti 30 senti (25 qəpiyi) aşa bilməz. İstehsalçılar (mal sahibləri) bundan baha bananı heç bir yerdə təklif etmirlər. Bir şeyi də nəzər alın ki, Azərbaycanda satılanlar heç də ən yaxşı sort banan deyil. Bir çox banan «nəhəngləri» o vaxt mənə (dialoqlarda mən banan biznesi qurmaq istəyən şirkətin rəhbəri idim) Bakıda böyük partiya ilə bananın 1 kq-nı 0.3 avroya təhvil verməyə hazır idi.

SİYASİ MEYVƏ

Yenidənqurma illərində SSRİ-də də bananla bağlı az qəribəliklər olmadı
«Banan respublikası» ifadəsini eşitmisiniz, onun siyasi anlamını da bilməmiş olmazsınız. Lakin bananın siyasiləşməsi rəmzi məna daşımır. Onun bir çox ənənələrdə yer alması, simvolik mənalara girməsi bir yana qalsın, banan həmişə siyasətin ortasında olub. Hətta alman nasistləri ötən əsrin 30-cu illərində banana qadağa qoymuşdu. Almanlar bu meyvəni çox sevirdi, lakin faşist hökuməti bu sevgiyə xərclənən valyutanı ölkədə saxlamaq üçün ona qadağa qoydu, əvəzində zəhmətkeşləri inandırırdılar ki, banan çox ziyanlıdır, insanı zəhərləyir, onun əvəzinə yerli almanı yemək lazımdır. «Berlin divarları» aradan qalxanda isə şərqli almanlar ödənilməyən banan iştahası ilə hamını təəccübləndirdi. Banan qarınqululuğu edib qarınağrısına düşənlər, mədəsini pozanlar xəstəxanalara müraciət edirdi.

Yenidənqurma illərində SSRİ-də də bananla bağlı az qəribəliklər olmadı. İlk günlər banan 7 rubla satılırdı. Yəqin bunu da bilirsiniz ki, 60-cı illərdə dünyada banan müharibələri və inqilabları baş verib. Bir çox ölkələr bananı müstəqil şəkildə yetişdirmək və satmaq uğrunda müharibə və inqilablardan keçiblər. Özünüz düşünün, banan bir çox ölkələr üçün elə indi də ixracatın əsasını təşkil edir və bu da həmin ölkələrin mövcudluğu üçün vacib şərtdir. Neft ölkələri olduğu kimi, banan ölkələri də var. Müxtəlif ölkələr indi də banan satmaq kvotasını artırmaq, alıcı ölkələrdəki ixrac şərtlərinin yüngülləşdirilməsi üçün mübarizə aparırlar. Ümumdünya Ticarət Təşkilatına daxil olan banan şikayətləri səngimir və bu barədə məhkəmələr də getməkdədir.

BANAN NƏYƏ XEYİRDİR?


Dünyada 400 növ banan var. Lakin onun yalnız «kavendiş» növü yeyilir. Normalda «kavendiş»in uzunluğu 14 sm-dir. Bundan uzunu daha çox kraxmallıdır deyə, Afrikada onları ya kartof kimi qızardır, ya da ondan pivə hazırlayırlar.

Bananda çoxlu kalium var - bu da ürəyə xeyirlidir, infarkt riskini azaldır. Stressi aradan qaldırmağa kömək edir. Ondakı kraxmal isə mədə xəstəliklərinə qarşıdır. Banan C və B6 vitaminləri ilə zəngindir. Həm də dünyada ən kalorili meyvədir. Banan orqanizmi şlaklardan təmizləyir. Qanda xolesterini aşağı salır. Yorğunluğu aradan qaldırır, yaxşı pəhriz növüdür, dərini gözəlləşdirir. Uşaqlardan qocalara qədər hər kəs ondan fayda tapır. Bir sözlə, doğrudan da onun çox üstünlüyü və özəlliyi var.

Hələ Azərbaycan kimi bir ölkədə bananda qızıl «düzəldənlər» də tapılır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG