Keçid linkləri

Mən iki nəfər haqqında demək olar ki, hər il yazıram. Biri E.Hüseynov, o biri isə V.Mustafazadədir. Əgər biri ilə məni dostluq və peşə bağlayırdısa, digəri ilə bağlı isə ürəyimi həmişə bir iftixar və pərəstiş hissləri bürüyür və elə bu hisslər də məni yazmağa vadar edir. Hər dəfə mənə elə gəlir ki, onlarla bağlı nəsə təzə bir şey yazıram. Təbii ki, bir yazı, söz heç vaxt o biri ilə identik və yaxud eyni olmur. Yaş keçir, həyata və insanlara baxış dəyişir və sözsüz ki, bu yazılara da sirayət edir. Amma hər dəfə təzə bir detal, təzəcə bir söz tapa bilirəmmi? Heyhat! Elmar haqqında yazmağa daha çox onun müəmma dolu qətli mane olur. Mustafazadə ilə isə tamam başqa problem var. Bəli, musiqi duyumum o qədər pis olmasa da, elə bir musiqi savadım yoxdur, hətta notu da bilmirəm. Amma mənə bircə şey təskinlik verir ki, hə, dünyanın çox dahi müğənniləri, o cümlədən C.Lennon da notu bilməyib. Bunu özümə təskinlik bilərək hər dəfə kompüter qarşısında otururam və yazmağa başalyıram.

AZADLIĞIN MUSİQİSİ

Caza intellektualların, qərbçilərin musiqisi deyirlər. Onun yaranışı da maraq doğurmaya bilməz. Böyük əksəriyyət bu musiqini elə qara dərili afrikalılarla bağlasa da yəhudilərin öz mülahizəsi var. Hə, yəhudilər tamam ciddi şəkildə iddia edirlər ki, caz musiqisi improvizasiyanı sevən yəhudi musiqiçilərinin səyi və əməyi nəticəsində yaranıb. Olsun. Bunun elə bir fərqi yoxdur. Əsas odur ki, ortalıqda böyük və incə bir musiqi var... Caz mənə daha çox azadlıq musiqisi təsiri bağışlayır. Qaydadan daha çox istisna, səlist dəst – xəttdən daha çox improvizasiya – bunlar həqiqətən də belə bir fikri deməyə əsas və imkan verir. Məsələn, mən təsəvvür edə bilmirəm ki, hansısa diktatura və ya avtoritar rejim şəratində yaşayan ölkədə caz həqiqətən də ürəkdən sevilən musiqi olsun. Amma burada yadıma düşür ki, hətta SSRİ –də də caz musiqi kimi mövcud idi və elə V.Mustafazadə də bu ölkədə yaşamışdı. Amma necə yaşamışdı? Bax, elə sual da bundadır. Həyatı hamar olsaydı çox güman ki, 39 yox, daha çox yaşayardı və daha çox yaradardı. Mən caza həm də ona görə azadlığın musiqisi deyirəm ki, Vaqifin həyatı və yaradıcılığı, elə zahiri görünüşü də bir etiraz idi. Bizim ölkədə etiraz edənlər və etiraz formasında nəsə yaradanlar çox az olmuşdu. Vaqif məhz belə azsaylı insanlardan biri idi. Amma məsələ təkcə etirazda da deyil. Bəli, B.Pasternak etiraz əlaməti kimi «Doktor Jivaqo» romanını yazdı, buna görə hətta Nobelə layiq görüldü. Amma bu gün Pasternakdan söhbət düşəndə çox az adam «Doktor Jivaqo» adlı əsəri xatırlayır, daha çox onun digər əsərlərini dilə gətirirlər. Elə digər bir yazıçı – A.Soljenitsın təkcə «Arxipelaq...» ilə yada düşürmü? Bir çoxları onu «İvan Denisovun bir günü»nə görə anır və böyük yazıçı hesab edirlər.

Bunları niyə görə deyirəm? Bilirsiniz, bəzən hətta etirazın özündə belə bir konyuktura elementi olur, bir işbazlıq olur. Məsələn, mən bir neçə yazıçı adı çəkə bilərəm ki, öz əsərlərini məhz belə konyuktura dalğasında yazıb, dalğa fonunda məşhurlaşmağa çalışıblar. Güman ki, musiqidə də beləlri var. Zira o – Mustafazadə belələrindən deyildi, o, əsl yenilik yaratmışdı, yenilik isə həmişə mövcud qaydalara, qəliblərə, hətta ənənəyə etiraz kimi özünü biruzə verir.

PROFESSİONAL MUSİQİ İLƏ İKİNCİ TƏMAS

Mən onu böyük Ü.Hacıbəyov ilə muqayisə edərdim, səbəbini isə azca sonra deyəcəm. Bəri başdan bilirəm ki, bu bənzətmə bir qədər etiraz yaradacaq – hətta «bəstəkarlıq diplomu olmayan bir musiqiçinin» Üzeyir bəylə müqayisə edilməsi ola bilsin, kimlərinsə narazılığına səbəb olacaq. Amma mən bunun izahını verəcəm. Məsələ bundadır ki, Üzeyir bəydən sonra məhz elə Vaqifin timsalında milli musiqi növbəti dəfə professional Qərb musiqisi ilə təmasda oldu, Üzeyir bəydən sonra muğam ikinci bir nəfəs aldı. Üzeyir bəy muğamı operaya gətirdi. Düzdür, arada muğamı simfoniyaya da gətirmək cəhdləri də oldu və bunlar da mütləq qeyd olunmalıdır. Nəhayət, Vaqif də muğamı caza gətirdi və daha bir möcüzə yaratdı. Məhz buna görə mən onu Üzeyir bəylə, başqa bir adamla yox, məhz onunla müqayisə edirəm.

KİÇİK SÖZARDI


Bəli, daha bir yazı bitdi. Nəsə deyə bildimmi? Bilmirəm. Böyük insanlar da elə böyük, uca binalar kimidir. Onları yaxşıca görmək və yaxşıca təsəvvür etmək üçün bir qədər kənara çəkilmək lazımdır. Ancaq illər ötəndən, biz bu binanın panoramını yaxşı seyr edəndən sonra onun böyüklüyünü hiss edir və başa düşürük. V.Mustafazadə də belə binalardandır – bəli, abidə insan...

Mən iki insan tanıyıram ki, bunlar sözün əsl mənasında rəsmə bənzəyirlər, adam inana bilmir bunlar belə yaranıb, belə təsəvvür yaranır ki, sanki hansı birsə mahir rəssam bunları yaradıb – bunlardan biri S.Bəhlulzadə, digəri isə V.Mustafazadədir... Biri rənglərin, digəri isə səslərin rəssamı...

Şərhləri göstər

XS
SM
MD
LG